Yarışmanın mayın 7-də keçirilən və “Lider” TV vasitəsilə canlı yayımlanan növbəti turunda tamaşaçılar açıq-aşkar saxrakarlığın şahidi oldular.
Belə ki, turun sonunda keçirilən səsvermə nəticəsində şounu tərk etməli olan Nazilə Qədirova adlı iştirakçı Qol Güləşi Federasiyasının rəhbərliyinin tərəfkeşliyi və hakim Cavid Mirzəquliyevin saxtakarlığı sayəsində yarışda saxlanıldı.
Qaydalara görə, iştirakçıların “Getsin!” dediyi Nazilə Qədirova yarışda qalmaq uğrunda mübarizə aparmaq üçün bir idmançını qol güləşinə dəvət etməliydi. Belə də oldu. O, Rəşidə Əbdülcəlili rəqib kimi meydana çağırdı.
Həmişə yarışmada ədalətli rəqabət izləyən tamaşaçılar bu dəfə də normal mübarizə gözlədikləri anda xəyal qırıqlığına uğradılar.
Nədənsə revanş görüşündə meydana şouda bütün görüşləri idarə edən əsas hakim deyil, Cavid Mirzəquliyev adlı başqa bir hakim çağırıldı. Və C.Mirzəquliyev türklər demiş “bu oyunun içinə etdi”…
Ekran qarşısında əyləşən, elə şounu arenadan canlı izləyən tamaşaçılar hakimin açıq-aşkar saxtakarlığının şahidi oldular. Dəfələrlə qaydaları pozan və hərəkətlərinə görə şoudan kənarlaşdırılmalı olan Nazilə Qədirova uduzsa da, hakim qələbəni ona verdi və Rəşidə Əbdülcəlil uduzan tərəf élan edildi.
Yarışmanın finalındakı bu cür ədalətsizlik, haqsızlıq və saxtakarlığa təkcə Rəşidənin özü deyil, studiyada əyləşən tamaşaçılar da etiraz etdilər. Belədə Azərbaycan Qol Güləşi Federasiyasının studiyada əyləşən prezidenti Cəsarət Əhmədov başda olmaqla federasiya rəhbərliyi dərhal canfəşanlıq edərək bu saxtakarlığa bəraət qazandırmağa, haqsızlığa don geyindiməyə çalışdılar.
Şounun aparıcısı Hacı Həsənov da tələm-tələsik verilişi bitirməyə çalışdı ki, biabrçılıq uzun sürməsin.
Yəqin ki, bütün bunlar yarışmanın bu anlarını izləyən tamaşaçılarda ikrah hissi oyatmaya bilməzdi.
Haqsız olaraq oyundan kənarlaşdırılan Rəşidə Əbdülcəlil öz etirazını ona verilməli olan hədiyyələrdən imtina etməklə nümayiş etdirdi.
Qaydaları pozmaqla uduzan iştirakçı olan Nazilə Qədirova niyə qalib élan edildi, niyə ona “dəstək” verildi, nə üçün yarışmada saxlanıldı…?
Bu sualların cavabını yəqin ki, həmin iştikakçının özündən, saxtakarlıq edən hakimdən və bir də tərəfkeşlik nümayiş etdirən federasiya rəhbərliyindən başqa heç kim bilmədi…
/// modern.az