Azərbaycanın Portuqaliyadakı səfiri İlqar Muxtarov Portuqaliya Xarici İşlər Nazirliyinin Xarici Siyasət üzrə baş direktoru, səfir Helena Malkata ilə görüşüb və Lissabonda Azərbaycan səfirliyinin açılışı ilə bağlı məsələlər müzakirə edilib.
AZXEBER.COM xəbər verir ki, bu barədə Azərbaycanın Portuqaliyadakı səfiri İlqar Muxtarov "X" sosial şəbəkə hesabında məlumat paylaşıb.
"Söhbət zamanı tərəflər daha dinamik ikitərəfli münasibətlərin inkişafı istiqamətində addımları, eləcə də Lissabonda Azərbaycan səfirliyinin qarşıdan gələn açılışını müzakirə ediblər", - o yazıb.
Bundan başqa, Azərbaycanın səfiri Lissabonda Portuqaldilli Ölkələr Birliyinin (CPLP) İcraçı Katibi Mariya de Fatima Jarsimlə görüşüb və söhbət zamanı Bakı ilə bu ittifaq arasında gələcək əməkdaşlıq müzakirə edilib.
Xatırladaq ki, Azərbaycanın Portuqaliyada səfirliyi iyunun 19-da təsis edilib. Belə ki, Prezident İlham Əliyev səfirliyin təsis edilməsi haqqında qanunu bu tarixdə təsdiqləyib.












































