“Liv Bona Dea Hospital”dakı biabırçı olayın detalları: “Ağrıdan qıvrılsa da, ayaqüstə saxladılar”

“Liv Bona Dea Hospital”dakı biabırçı olayın detalları: “Ağrıdan qıvrılsa da, ayaqüstə saxladılar”
SOSİAL
11:57 21.01.2026
614

Xəbər verdiyimiz kimi, ötən gün "Əli və Nino” Kitab Evinin sahibi Nigar Köçərli "Liv Bona Dea Hospital"la yaşadığı hadisəni dilə gətirmişdi.

O, yanvarın 14-də səhər saat 7-də sözügedən xəstəxanaya planlı açıq ginekoloji əməliyyat üçün getdiyini, əməliyyatdan sonra dəhşətli ağrı hiss etdiyini və nə qədər kömək istəsə də, ona məhəl qoyulmadığını, əksinə, tibb personal onunla kobud rəftar edib, yarasının üzərinə qab atıldığını bildirmişdi.

İddialara görə, xəstəxanada yer olmadığı üçün əməliyyat ginekoloji deyil, kardioloji şöbədə həyata keçirilmişdi.

Nigar Köçərli həyat yoldaşı, "Qanun" Nəşrlər Evinin rəhbəri Şahbaz Xuduoğluna əməliyyatın gedişi zamana heç bir məlumat verilmədiyini də bildirmişdi.

AZXEBER.COM xəbər verir ki, sözügedən hadisə ilə bağlı tanınmış naşir, zərərçəkənin həyat yoldaşı Şahbaz Xuduoğlu məsələyə münasibət bildirib. O, klinikada başlarına gətirilən hadisədən bəhs edib:


"Əməliyyatın ödənişi edildikdən sonra birinci mərtəbədə gözləməyə başladıq.

Bir qədər sonra tibbi personal gəldi və həyat yoldaşımı liftlə yuxarı apardı. Həmin anda bildirildi ki, yuxarı qalxmağıma icazə verilmir və birinci mərtəbədə gözləməliyəm. Ciddi etiraz etməsəm də, xatırlatdım ki, həyat yoldaşıyam və onun yanında ola bilərəm. Cavab qəti oldu: "Xeyr, siz burada gözləməlisiniz.”

Bir müddət sonra Nigar özü mesaj yazdı ki, üçüncü mərtəbədə palataya yerləşdirilib və müəyyən hazırlıqdan sonra əməliyyata aparılacaq. Təxminən saat 9 radələrində əməliyyata götürüldü. Mənə deyilənə görə, əməliyyat 1–1,5 saat, maksimum 2 saat çəkməli idi və ən gec saat 11-ə qədər bitməsi gözlənilirdi.

Bu müddət ərzində birinci mərtəbədə gözlədim. Müəyyən fasilələrlə qeydiyyata yaxınlaşıb əməliyyatla bağlı hər hansı məlumat olub-olmadığını soruşurdum. Hər dəfə eyni cavabı aldım: "Xəbər yoxdur.”

Saat 11-dən sonra ciddi narahat oldum. Nəhayət, mənə bildirildi ki, əməliyyat bitib, lakin xəstə ayılma otağındadır. Ayılma otağında qalma müddətini soruşduqda "adətən bir saatdan çox olmur” deyildi. Lakin bu bir saat da keçdi, iki saat da – yenə heç bir aydın məlumat verilmədi.

Bu mərhələdə artıq açıq şəkildə narahat olduğumu bildirdim və dedim ki, bu qədər uzun müddət ayılma otağında qalmaq normal görünmür. Məhz bundan sonra qəbuldakı əməkdaşlardan biri mənə dedi: "İstəsəniz, özünüz üçüncü mərtəbəyə qalxa bilərsiniz.”

Ş.Xuduoğlu xəstəxanada onlara əvvəlcədən izah edilən qaydaların birdən birə dəyişməsindən şübhələndiyini bildirib:

"Bu məqam xüsusilə anlaşılmaz idi. Səhər saatlarında "qəti olmaz” deyilən şeyin, indi "əlbəttə, olar” kimi təqdim edilməsi suallar doğururdu. Buna baxmayaraq, üçüncü mərtəbəyə qalxdım. Orada da bildirildi ki, hələ ayılma otağındadır və gözləmək lazımdır.

Bir qədər sonra palatanın yeri göstərildi. Otağa baxanda məlum oldu ki, bu palata ürək əməliyyatı keçirmiş xəstə üçün nəzərdə tutulub və həyat yoldaşım onunla eyni otaqda yerləşdiriləcək. Bunun ginekoloji əməliyyatla nə əlaqəsi olduğunu soruşdum, lakin konkret cavab ala bilmədim”.

Naşir başlarına gətirilən hadisənin daha dəhşətli tərəflərinə toxunub:

"Ən sarsıdıcı məqam isə sonradan üzə çıxdı. Mənə deyilən "ayılma otağındadır” ifadəsi faktiki olaraq tam həqiqəti əks etdirməyib. Həyat yoldaşım ayıq vəziyyətdə, şiddətli ağrılar içində qıvrıldığı halda, uzun müddət ona real və adekvat yardım göstərilməyib. Bu müddət ərzində mənə yanlış və natamam məlumatlar verilib”.

Ş.Xuduoğlu yayılan məlumatlardan sonra xəstəxana rəhbərliyinin onlarla əlaqə saxladığını bildirib:

"Sosial şəbəkədə paylaşım edəndən sonra xəstəxana rəhbərliyi mənimlə əlaqə saxladı. (Hərçənd əməliyyatdan dərhal sonra iradlarımızı bildirdik, etiraz etdik amma laqeydliklə məsələnin üstündən keçdilər) Lakin o zənglər yaşananları dəyişmir. Bu gün də zəng edə bilərlər – bunun mahiyyəti dəyişmir.

Bizə dolayısı ilə "əvvəlcədən müraciət etsəydiniz” kimi yanaşmalar da oldu. Halbuki biz məhz buna ehtiyac qalmasın deyə bu xəstəxananı seçmişdik. Mən "Liv” ın İstanbul filialının xidmətindən istifadə etmişəm və oradakı səviyyəni görmüşəm. Məntiqimiz sadə idi: zənglər, xahişlər, vasitəçilik olmasın, xərci ödəyək, amma keyfiyyətli və insani xidmət alaq. Əvəzində isə yüksək məbləğdə ödəniş edib, informasiya boşluğu, biganəlik və qeyri-insani münasibətlə üzləşdik.

 

Qeyd edək ki, mövzu ilə bağlı "Liv Bona Dea Hospital” açıqlama verib.

Xəstəxanadan bildirilib ki, məsələ ilk gündən diqqətlə araşdırılmağa başlanılıb: "Qeyd olunan məsələ ilə bağlı xəstə yaxınları ilə hospitalımızın baş həkimi şəxsən əlaqə saxlayıb, baş vermiş hallar ətraflı şəkildə müzakirə edilib. Xəstə əməliyyatdan sonra oyanma otağında tibbi protokollara tam uyğun olaraq nəzarətə götürülüb və ilkin mərhələdə müvafiq ağrıkəsici dərmanlar və anestezioloji preparatlar tətbiq edilib. Anesteziya təsiri altında olan xəstəmizin fiziki müayinə və ağrı kontrolu sonrası əsas müalicə həkimi ilə müzakirə edilərək klinik vəziyyətinə uyğun şəkildə epidural kateter tətbiq olunub.


Tədbiq olunmuş tibbi müdaxilələr və əməliyyatın uğurla tamamlanması ilə bağlı müalicə həkimi xəstəmizin həyat yoldaşına da məlumat verib. Xəstə anatomiyası və icra olunan əməliyyatın növü ağrı kontrolu prosesinin müddətinə təsir edir. Bu xəstəmizdə də ümumi əməliyyatxanadan yatış otağına göndərilməsi prosesi gözləniləndən daha çox zaman alıb. Xəstə əməliyyatdan çıxdığı gün Anesteziologiya şöbəsinin rəhbəri tərəfindən yatış otağında müayinə olunub və ağrısının azladığı təsbit edilib. Anestezioloqun ikinci gündəki müayinəsində xəstənin komfortu üçün epidural kateterin xəstəmizin çıxış edəcəyi ana qədər saxlanılması qərarı alınıb.

Eyni zamanda xəstəmiz yatış otağında olarkən də məmnuniyyət şöbəmiz və baş tibb bacısı tərəfindən ziyarət edilib, şikayətləri dinlənilib və araşdırmalara başlanılıb. Xəstəmiz xəstəxanadan sağalaraq evə çıxış etdikdən sonra araşdırmalarımızın nəticəsi baş həkimimiz tərəfindən həyat yoldaşına telefon zəngi vasitəsi ilə də bildirilib.

Aidiyyəti şikayətlər və sosial media paylaşımları bizim üçün nə qədər üzücü olsa da, xəstəmizin sağalaraq evinə yola salınması bizim ən böyük xoşbəxtliyimizdir. Yuxarıda qeyd olunanlar xaricində imicimizə zərər vurmağa yönəlmiş qeyri-etik yanaşmaların heç birini qəbul etməməklə bərabər iddiaların tərəfimizə hüquq müstəvisində rəsmi şəkildə yönləndiriləcəyi halda müvafiq orqanlara tibbi qeydləri və bütün xəstələrimizin məhrəmiyyətini qoruyan kamera qeydlərimizi də paylaşmağa hazırıq”, - məlumatda qeyd olunub.


 

 

OXŞAR XƏBƏRLƏR