Ermənipərəst bir şəxsin sədrlik etdiyi qondarma qurumda təmsil olunmaq günah işlətməkdən betər idi. Gəncləri yalan vədlərlə mitinqə çağırıb onlara əcnəbi qızların soyunma səhnəsini nümayiş etdirəcəklərinə söz verən aqressiv qüvvələr elə gənclərdən kötük yemiş oldular. Azərbaycan gəncləri bir daha əmin oldular ki, dağıdıcı müxalifət 20 ildir müxtəlif bəhanələrlə, hiylələrlə gənc nəsli öz ətrafına toplamaq arzusunda olub. Ancaq niyyətləri, çirkin əməlləri heç zaman baş tutmayıb. İndi yenə də gənclər bu aqressiv qüvvələrə "yox" deyirlər.
"Milli Şura" tam iflasa uğradı
Sərraf BALAXAN,
Yeni Azərbaycan Partiyası Gənclər Birliyi Ofisinin rəhbəri:
- Ölkəmizdə 20 ildir yorulmadan hakimiyyətə deyil, dövlətə və xalqa müxaliflik edən qüvvələr gözləmədiyi bir oyunun içərisinə düşüblər. Hakimiyyət hərisliyi onları hər yola getməyə sövq edir.
Dağıdıcı müxalifət bu dəfə də "Milli Şura"da toplanaraq qoca kinorejissora ümid bəslədi. Lakin proses davam etdikcə verilən vədlərin hamısının yalan olması üzə çıxdı. Bir zaman prezident seçkilərində namizədliklərini heç öz partiyası ilə belə razılaşmadan irəli sürənlər, qoca kinorejissor Rüstəm İbrahimbəyovun lehinə iddialarını geri götürdülər. Sonra da ha çağırdılar, qoca kinorejissor gəlib çıxmadı. Seçkiyə az bir zaman qalmasına baxmayaraq, namizəd tapa bilməyən bu "başbilənlərin" birliyi hələ parçalanmadığını ortaya qoymaq üçün aksiya keçirmək qərarını da verdi. Avqustun 18-də razılaşdırılmış şəkildə keçirilən bu aksiya isə qu quşunun son nəğməsinə bənzədi.
"Milli Şura"da təmsil olunanlar özləri də bilirdilər ki, keçirəcəkləri aksiya bu qondarma qurumu rəhbərsiz saxlamaq üçün verilən ən riskli qərardır. Deyərdim ki, özünü qayadan atmaq kimi bir şeydir.
Elə bu hərəkətləri qayadan atılmaq kimi də bir şey oldu. Özlərinin planlaşdırdıqları və 10 minlərlə insanın qatılacağını dedikləri aksiyaya cəmi bir neçə yüz adam gəldi.
Bu aksiya "Milli Şura"nı birdəfəlik məhv etdi, söz verdikləri 100 min deyil, heç 1000 insan onlara dəstək olmadı. Ona görə də həmin qurumun toplaşaraq hay-küy yaratması, "qara piar" kampaniyası aparması, namizədin müəyyənləşdirməsi adı altında imitasiya etməsi onların yalnız və yalnız məğlubiyyətinin göstəricisidir. "Milli Şura"da çoxluq təşkil edən partiyaların rəhbərləri anlamadılar ki, AXCP və Müsavat Partiyasının mitinq qərarında israr etməsi onların "tələyə" düşməsi deməkdir. 20 ildir "mehriban düşmən" kimi fəaliyyət göstərən bu iki partiyanın gizli planı sonda "Milli Şura"nı parçalamış oldu. Bundan sonra özləri aralarında seçkidə iştirakla bağlı "ehtiyat namizəd" müəyyənləşdirərək "Milli Şura"nın "vahid namizəd"inə güc göstərməyə çalışacaqlar. Ancaq Azərbaycan xalqı yaxın keçmişdə milləti aldadaraq qırğına verən, ölkədə xaos, anarxiya rejimi yaradan bu şəxslərə yenə də dəstək olmayacaq. Son 3 ay ərzində "birləşmiş müxalifət" iç üzünü bir daha xalqa nümayiş etdirdi. Bəlli oldu ki, onların niyyəti xalq, millət, Vətən, işğal altında olan ərazilərimiz deyil, yalnız hakimiyyətdir. Hər dəfə hakimiyyəti əldə etmək üçün bir oyun quran aqressiv müxaliflər bu dəfə özləri gözlənilməz bir oyuna düşdülər. Rüstəm İbrahimbəyovun "nüfuzundan" istifadə edən bu kəslər indi tam əmin oldular ki, onlar nə etsələr də, xalq artıq hər kəsi gözəl tanıyır və prezident seçkiləri ilə bağlı qərarında israrlıdır.
Bu aksiya "Milli Şura" kimi qondarma qurumun sonunu göstərməklə bərabər, həm də xalqın indiki hakimiyyətə dəstək olacağının bir göstəricisidir.
"Milli Şura"ya Azərbaycan xalqının cəmi 0,06 faizi güvənirHacıbəy HEYDƏRLİ,
"Azxeber.com" informasiya portalının baş redaktoru, gənc fəal:
- Aqressiv müxalifətin son mitinqi həqiqətən də onların nə qədər biabırçı durumda olduğunu nümayiş etdirdi. Hətta ən xəyalpərəst müxalifətçiyə belə gün kimi aydın idi ki, "Milli Şura"nın 18 avqust mitinqi formal xarakter daşıyırdı. Sadəcə, "birləşmiş müxalifət" öz varlığını kimlərəsə göstərmək istəyində idi və buna nail olmaq üçün ən son akkordlarından istifadə edirdi.
Ancaq hər zaman olduğu kimi, müxalif qüvvələrin mitinqi yenə də fiaskoya uğradı və onlar da anladılar ki, günü-gündən daha da geriləyirlər, daha biabırçı forma alırlar.
Bu gün aqressiv müxalifətə Azərbaycan xalqının heç bir faizi də etimad göstərmir. Hər zaman icazəsiz aksiyalarda yaxınları, dostları, sinif yoldaşlarıyla şəhərə istirahət etmək üçün çıxan insanları da sıralarına qatıb, "möhtəşəm aksiya" keçirdik deyən müxalifət "liderlər"i bu dəfə reallıqla barışmağa məcbur oldular və özləri də etiraf etdilər ki, mitinqə çox az insan çıxıb. Onların sayı Azərbaycanda səsvermə hüququ olan insanların cəmi 0,06 faizini təşkil edir. Yəni, Azərbaycanın bir neçə müxalif partiyasının toplaşdığı "Milli Şura"ya xalqın cəmi 0,06 faizi güvənir.
Əslində, qoca kinorejissoru özünə lider seçib arxasında gizlənən ənənəvi müxalifət "liderlər"i üçün bu rəqəm sürpriz olmamalıdır. Bu "liderlər" özləri də çox gözəl anlayırlar ki, Azərbaycan xalqı artıq onlara inanmır, şablon və pafoslu ifadələrlə heç kimin qəlbini fəth etmək mümkün deyil. Belə olan durumda "birləşmiş" müxalifətə səsvermə hüququ olan insanların heç bir faizinin də güvənməməsi gözlənilən idi. Bir sözlə, "Milli Şura"nın son mitinqi Azərbaycan müxalifətinin nə qədər aciz, gücsüz durumda olduğunu bir daha xalqa və dünyaya nümayiş etdirdi.
Əminliklə demək olar ki, birləşib özünə "vahid namizəd" tapa bilməyən müxalifətin etimad limiti tükənib, artıq bu adamların ətrafında olan azsaylı şəxslər öz başçılarına zərrə qədər də olsun inanmırlar.
18 avqust mitinqi bir daha onu göstərdi ki, Azərbaycanda guya söz, ifadə, sərbəst toplaşma azadlığının olmamasından şikayətlənən insanların meydana toplamağa adamı, deməyə isə sözü yoxdur. Əgər belə olmasaydı, saat 17.00-a təyin olunan mitinq 17.45-də başlayıb, nəzərdə tutulduğundan bir saat tez də bitməzdi.
"Milli Şura"nın mitinqi o qədər biabırçı oldu ki, mitinqdən qayıdan gənclər sosial şəbəkələrdə paylaşmağa foto və ya video tapmadılar. Günü uğursuz başlayıb, biabırçı halda başa vuran bu şəxslər həmişə olduğu kimi, yenə də sevimli məşğuliyyətlərinə - təhqirə, böhtana, söyüşə üz tutdular.
Əminəm ki, Azərbaycan xalqı sözünü seçki məntəqələrində deyəcək və həmin gün Azərbaycanı sevən hər bir kəsin bayramı olacaq. Azərbaycan xalqı oktyabrın 9-da seçki məntəqələrinə gedib ölkəmizin işıqlı gələcəyini düşünən, xalqımızın rifahı üçün çalışan insana dəstək olacaq. Həmin gün Azərbaycan xalqının, Azərbaycanın inkişafını, gələcəyini düşünən hər bir ölkə vətəndaşının qələbə günü olacaq.
Aqressiv müxalifətin "piket"i "Milli Şura"nın süqutunun əsasını qoydu
Fərid ŞAHBAZLI,
"İslahatçı Gənclər" İctimai Birliyinin sədri:
- "Milli Şura"nın 18 avqust mitinqi hər ötən gün cəmiyyətdə etimad limitini daha da itirən bu qurumun mövcudluğunu qorumaq cəhdlərindən savayı bir şey deyildi. Lakin bu mitinq qurumun növbəti uğursuz aksiyalar seriyasının startı oldu və aqressiv müxalifətin bütün planlarını alt-üst etdi.
Bu gün Azərbaycan həqiqətlərini, xalqın seçim qərarını "Milli Şura"da təmsil olunan, 20 ildir uğursuzluq zolağından çıxa bilməyən müxalifət başbilənləri də yaxşı bilirlər. Zatən onlar seçkilərə qatılmaq qərarı verəndə məqsədləri qələbə deyil, sadəcə, özlərinin müəyyən maddi maraqlarını təmin etmək idi. Bunun üçün isə görüntü xatirinə olsa belə, aksiya keçirərək bunu müəyyən dairələrə təqdim etmək lazım idi. Ancaq təbii ki, xalqdan dəstəyi olmayan ənənəvi müxalifət bunu da bacarmadı. Bəlli həqiqətdir ki, "Milli Şura"nın bu aksiyasına qurumda təmsil olunan partiyaların funksionerlərindən, bu partiyaların yedəyindəki gənclər təşkilatlarının azsaylı üzvlərindən və bir sıra müxalif mətbuatın təmsilçilərindən başqa kimsə iştirak etmədi. Hətta mitinq o səviyyədə keçdi ki, bu aksiyanın fotolarına baxanda bundan əvvəlki aksiyalarla qarışıq salırsan. Çünki dağıdıcı müxalifətin təşkil etdiyi bütün aksiyalarda yalnız müxalifətçiliyi özünə həyat tərzi seçən bəlli adamlar iştirak edir.
Aqressiv müxalifətin "vahid namizəd" olan qoca kinorejissor Rüstəm İbrahimbəyov siyasətçi deyil və o, siyasi fəaliyyətə qədəm qoyandan qeyri-ciddi, siyasətçiyə yaraşmayan açıqlamaları ilə gündəmə gəlib. Onun prezidentlik iddiası fonunda erməniləri mədh etməsi, onlar üçün darıxdığını və bu kimi qeyri-ciddi fikirləri bir daha göstərdi ki, bu adamın siyasi perspektivsizliyi haqqında deyilənlər həqiqət imiş. R.İbrahimbəyovun seçkiyə hazırlıq məqsədilə xaricdə pul toplaması ilə bağlı açıqlaması isə onun müəyyən dairələrin siyasi sifarişlərini icra etməsi faktının təsdiqidir. Görünür, o, öz əsərlərində və kinolarında emosional səhnələr yaratmağa adət edib. Ancaq onun siyasətdə bu cəhdi fiaskoya uğradı.
Əslində isə 20 ildən artıqdır siyasi səhnədə olan dağıdıcı müxalifət "liderlərinin" bir kinoçəkənə ümid bəsləməsi və onun ətrafında birləşməsinin məntiqi yekunu belə olmalıydı. Bu həm də onların öz siyasi süqutları ilə barışmalarının göstəricisidir.
Azərbaycan xalqı artıq öz seçimini edib. Hər dəfə seçkilərdə yalan vədlərlə xalqın qarşısına çıxan bəzi qüvvələr yenə də heç bir dəstək almayacaqlar. Çünki bu gün Azərbaycan inkişaf etmiş ölkələr sırasında inamla addımlayır. Azərbaycan BMT Təhlükəsizlik Şurasının üzvüdür və ölkəmiz beynəlxalq toplantıların keçirildiyi məkana çevrilib. Bütün bunlar uğurlu dövlət siyasəti nəticəsində baş verib. Xalq nə anarxiya, nə xaos, nə də ki, hərc-mərclik dönəminə qayıtmaq istəmir. Ona görə də Azərbaycan xalqı onu işıqlı gələcəyə doğru aparan liderə səs verəcək. Xalq öz mövqeyini 9 oktyabrda seçki məntəqlərinə gedib səs verməklə rəsmiləşdirəcək.
Rəşad BAXŞƏLİYEV,"Azərbaycan"