Mərkəzi Bank gözlənilən inflyasiyanın qarşısını almağa çalışır
Qubad İbadoğlu: «İnflyasiya sosial vəziyyətin gərginləşməsinə xidmət edəcək»
Mərkəzi Bankın İdarə Heyətinin 13 avqust 2015-ci il tarixli iclasında bankların əməliyyat xərclərinin optimallaşmasına dəstək vermək və maliyyə resurslarının maya dəyərinin azaldılması ilə faiz dərəcələrinin aşağı düşməsini stimullaşdırmaq məqsədilə bir sıra yeni qərarlar qəbul edilib.
Mərkəzi Bankdan verilən məlumata görə, dövlət bankı eyni zamanda kredit təşkilatlarında korporativ sosial məsuliyyətin artırılması, istehlakçıların maliyyə vəziyyətinə, ehtiyac və məqsədlərinə uyğun məhsulların təqdim edilməsinin təşviqinə yönəldilmiş qərarlar da qəbul edib.
Mərkəzi Bankın İdarə Heyətinin qərarına əsasən AZİPS (Real vaxt rejimində banklararası hesablaşmalar sistemi) sistemi vasitəsilə aparılan banklararası ödənişlər üzrə xidmət haqları 2 dəfə azaldılıb. Bununla yanaşı, nağd pulun məxarici üzrə tariflərə dəyişikliklər edilib. İri nominallı əskinaslara (50 və 100 manat) tətbiq olunan 0,15 faiz tarif ləğv edilib, nağd pulun gün ərzində ikinci və daha sonrakı mədaxili və məxarici üzrə tariflər 0,05 faiz müəyyən edilib.
Bank xidmətləri istehlakçılarının hüquqlarının müdafiəsi, kredit məhsullarının dəyərinin şəffaflığının təmin edilməsi istiqamətində həyata keçirilən növbəti tədbirlərdən biri kimi Mərkəzi Bankın İdarə Heyətinin digər qərarı ilə "Banklarda və bank olmayan kredit təşkilatlarında məsuliyyətli kreditləşmə haqqında Metodoloji Rəhbərlik" təsdiq edilib. Qeyd olunan rəhbərlikdə kredit təşkilatlarına istehlakçıların aylıq borc yükünün onların gəlirlərinə uyğunluğunun müəyyənləşdirilməsi, eləcə də kredit şərtlərinin istehlakçıların ehtiyac və məqsədlərinə uyğunluğunun qiymətləndirilməsi üzrə tövsiyələr verilmişdir. Bütövlükdə, Metodoloji Rəhbərliyin tətbiqi kredit təşkilatlarında məsuliyyətli kreditləşmə, istehlakçılarda isə məsuliyyətli borclanma vərdişlərini inkişaf etdirməklə əhalinin izafi borclanmasının qarşısının alınmasına xidmət edəcəkdir. Metodoloji Rəhbərliyin qəbulu istehlak kreditləşməsi sahəsində vahid yanaşmanın tətbiqi istiqamətində mühüm addımdır"-deyə məlumatda vurğulanır.
"Mərkəzi Bankın bu qərarın hədəfində bankların əməliyyat xərclərinin optimallaşdırılması olsa da, indiki şərtlərlə faiz dçrəcələrinin aşağı düşəcəyi inandırıcı görsənmir" Bu sözləri iqtisadçı alim Qubad İbadoğlu Mərkəzi Bankın qərarını şərh edərkən bildirib. Onun sözlərinə görə, banklar yüksək faiz dərəcələrinə risklərin idarə edilməsi siyasətinin tərkib hissəsi kimi baxırlar. Ekspert hesab edir ki, faiz dərəcələrinin yüksək olmasını şərtləndirən başlıca amil inflyasiyadır. "Rəsmi statistik məlumatlara inansaq, bu ilin yanvar-iyul aylarında inflyasiya (istehlak mallarının qiymətləri və xidmət tarifləri)3,7 faiz olub, o cümlədən ərzaq məhsullarının qiymətləri 5,8 faiz, qeyri-ərzaq mallarının qiymətləri 2,9 faiz, xidmət tarifləri isə 1,2 faiz bahalaşıb. Mərkəzi Bank hələ ötən ilin sonunda bəyan etdiyi 2015-ci il üçün pul və maliyyə sabitliyi siyasətinin əsas istiqamətləri barədə sənəddə car ildə inflyasiyanı 2-3% səviyyəsində hədəfləyib. Lakin bəzi beynəlxalq təşkilatlar bu il üçün Azərbaycanda daha yüksək inflyasiya prornozlaşdırırlar. Belə ki, Azərbaycan üzrə 2015-ci il üçün inflyasiya proqnozunu Beynəlxalq Valyuta Fondu 8,5 faiz, "Moodys kredit-reytinq agentliyi 9 faiz elan edib.
Yay aylarında mövsümi amillərlə əlaqədar olaraq, xüsusilə də kənd təsərrüfatı məhsullarının qiymətində ucuzlaşma qeydə alınsa da, son qiymətləndirmələr payız və qış aylarında daha yüksək inflyasiya gözləntisinin olduğunu göstərir. Çünki artıq mövsümi amillər qiymətlərə artırıcı təsir göstərməyə başlayıb. Bununla yanaşı, ərzaq bazarında hökmran mövqeyə mailk olan şirkətlər yeni qiymət siyasəti ilə daha yüksək inflyasiyanı stimullaşdırmağa başlayıblar. Odur ki, həm biznes və həm də istehlakçılar yeni inflyasiya dalğasına hazır olmalıdır. İnflyasiyanın artımının yeni dalğası həm əhalinin və həm də biznesin xərclərini artırmaqla Mərkəzi Bankın kredit faizlərinin aşağı düşməsi ilə əlaqədar verdiyi son qərarlarının əhəmiyyətini də xeyli kiçildəcək və sosial vəziyyətin gərginləşməsinə xidmət edəcək"-deyə Q. İbadoğlu vurğulayıb
Bizim Yol