Azərbaycanda 2026-cı ildə donuzların sayı 3298 baş təşkil edib.
AZXEBER.COM xəbər verir ki, Modern.az-ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata görə, 2025-ci ildə ölkədə 3377 baş donuz olub. Cari ilin göstəricisi əvvəlki ilin 97,7 faizinə bərabərdir.
Donuzların böyük hissəsi Şəki-Zaqatala iqtisadi rayonunda saxlanılır. Bu iqtisadi rayonda 2401 baş donuz qeydə alınıb. Onların 1681 başı Qax, 625 başı Qəbələ, 95 başı isə Oğuz rayonunun payına düşüb.
Dağlıq Şirvan iqtisadi rayonunda 221 baş donuz olub və onların hamısı İsmayıllı rayonunda qeydə alınıb. Bakı şəhərində 197, Gəncə-Daşkəsən iqtisadi rayonunda 157, Şərqi Zəngəzurda 100, Qazax-Tovuzda 79, Mil-Muğanda 52, Quba-Xaçmazda 51, Qarabağ iqtisadi rayonunda 25, Abşeron-Xızıda isə 15 baş donuz olub.
Gəncə-Daşkəsən iqtisadi rayonunda donuzların sayı 2025-ci ildəki 46 başdan 2026-cı ildə 157 başa çatıb. Quba-Xaçmaz iqtisadi rayonunda göstərici 32-dən 51-ə, Qazax-Tovuzda 74-dən 79-a, Şərqi Zəngəzurda 98-dən 100-ə yüksəlib.
Bakı şəhərində isə donuzların sayı 460 başdan 197 başa, Şəki-Zaqatala iqtisadi rayonunda 2427 başdan 2401 başa enib.











































