"Ölkəmizdə qarşıdurma yaratmaq istəyən qüvvələr qarşılarında Azərbaycan gəncliyini görəcəklər”

GƏNCLİK
10:20 22.10.2013
1288

Fərid Şahbazlı: “Prezident İlham Əliyevin andiçmə mərasimindəki çıxışı ölkəmizin gələcək strateji hədəflərinin anonsu idi”

“Azərbaycanda olduqca şəffaf və demokratik, beynəlxalq qanunvericiliyin tələblərinə uyğun seçkilər keçirilib. Azərbaycan xalqı böyük həvəslə seçki məntəqələrinə gedərək öz namizədini olan yüksək dəstəyini ifadə edib. Ölkəmizdə keçirilən Prezident seçkiləri birmənalı şəkildə Azərbaycan xalqının siyasi iradəsini ifadə edir”.

Bu sözləri “İslahatçı Gənclər” İctimai Birliyinin sədri Fərid Şahbazlı Azərbaycanda keçirilən Prezident seçkilərinin yekunları bağlı danışarkən deyib. Onun sözlərinə görə, seçkilərdə Yeni Azərbaycan Partiyasının namizədi İlham Əliyevin seçkilərdə qazandığı böyük qələbə gözlənilən idi və öncədən keçirilən bütün yerli və beynəlxalq sorğular bunu anons edirdi: “Cənab Prezidentin qələbəsi onun hakimiyyətdə olduğu son on ildə formalaşan strateji əsaslara-məqsədyönlü daxili və xarici siyasətə, xalqa yönəlik çoxsaylı proqramlara, nəhəng beynəlxalq layihələrə söykənir. İlham Əliyevin Prezidentliyi dönəmində Azərbaycan iqtisadiyyatı üç dəfə artaraq, keçid dövrünü başa vurdu, dünyanın 50 inkişaf etmiş iqtisadiyyatı sırasına daxil oldu. Neft strategiyası uğurla davam etdi, Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin olunmasına əhəmiyyətli rol aldı. Prezidentin məqsədyönlü xarici siyasəti nəticəsində ölkəmiz 155 dövlətin dəstəyilə BMT Təhlükəsizlik Şurasına üzv seçildi və dünya siyasətinin fəal iştirakçısına çevrildi. Ölkəmizdə 1,2 milyon min yeni iş yeri açıldı. Yoxsulluğun səviyyəsi 2 , işsizliyin səviyyəsi isə beş faizə endirildi, çadır şəhərcikləri ləğv olundu.

Azərbaycan informasiya-kommunikasiya texnologiyaları sahəsində böyük uğurlar əldə edərək, ilk süni peykini fəzaya çıxarmaqla, kosmosu fəth etmiş dövlətlər sırasına daxil oldu. Bakı şəhəri qlobal əhəmiyətli məsələlərin müzakirə olunduğu, mühüm beynəlxalq tədbirlərin keçirildiyi, siyasi, iqtisadi, mədəni və idman mərkəzi statusunu qazandı. Ölkəmiz regionun lider, dünyanın isə önəmli ölkələrindən birinə çevrildi. Bütün bunlar təsadüfi deyil və cənab İlham Əliyevin öz missiyasını uğurla yerinə yetirdiyini ortaya qoyur. Bu mənada heç şübhəsiz ki, ölkəsinin tərəqqisini, vətəndaş olaraq özünün inkişafını və rifahını arzulayan hər bir vətəndaş bu prosesin davamlı olması üçün səsini İlham Əliyevə verdi. Cənab Prezidentin bütün digər rəqiblərini böyük fərqlə üstələməsi onun Azərbaycanda reallaşdırdığı siyasətin xalq tərəfindən dəstəkləndiyinin məntiqi yekunudur”.

İB sədri qeyd edib ki, Prezident İlham Əliyevin andiçmə mərasimindəki çıxışı ölkəmizin gələcək strateji hədəflərinin anonsu idi: “Cənab Prezident çıxışında Azərbaycanın qarşısında duran əsas hədəflər olaraq ərazi bütövlüyümüzün bərpası, ölkəmizin bölgədə və dünyada mövqelərinin daha da gücləndirilməsi, iqtisadi müstəqilliyimizin daha da möhkəmləndirilməsi, sosial proqramların davam etdirilməsi, regionların inkişafı, dövlətlərarası münasibətlərdə dost ölkələrin sayının daha da artırılması kimi məsələlərə toxundu. Hesab edirəm ki, Prezidentin çıxışında əksini tapan məqamların sürətlə icra olunması Azərbaycanın daha da güclü və nüfuzlu bir ölkə olmasını qaçılmaz edəcək”.

Fərid Şahbazlı qeyd edib ki, Azərbaycan xalqının siyasi iradəsinə əsaslanan seçkilərdə Prezident İlham Əliyevin qazandığı uğur bütün xalqın, o cümlədən ölkə gəncliyinin qələbəsidir: “Ötən seçkilərdə olduğu kimi, bu seçkilərdə də Azərbaycan gəncliyinin namizədi İlham Əliyev idi. Onun qazandığı bu möhtəşəm uğur ölkə gəncliyi tərəfindən böyük sevinc və coşqu ilə qarşılanıb. Hesab edirəm ki, bütün yerli və beynəlxalq dairələr Azərbaycan seçicisinin seçiminə, mövqeyinə hörmət etməli və ölkəmizdə qarşıdurma yaratmaq cəhdlərindən əl çəkməlidirlər. Ölkəmizdə qarşıdurma yaratmaq istəyən qüvvələr qarşılarında Azərbaycan gəncliyini görəcəklər”.

OXŞAR XƏBƏRLƏR