"Həmkarım Fazil Mustafanın həyatına qarşı təşkil olunan sui-qəsd narahatedici hadisədir”.
Bu sözləri AZXEBER.COM-a açıqlamasında Milli Məclisin deputatı Fəzail Ağamalı deyib.
Deputat qeyd edib ki, Fazil Mustafa Azərbaycan dövlətçiliyinə və müstəqilliyinə sadiq olan, eləcə də öz dövlətinin inkişafı üçün kifayət qədər əziyyətləri olmuş şəxsdir:
"Həmkarımızın həyatına sui-qəsd Azərbaycanı istəməyən, ölkəmizə düşmən kəsilən, milli müstəqilliyimizi və uğurlarımızı həzm edə bilməyən, xaricdən idarə olunan məkrli qüvvələrin niyyətinin ifadəsi kimi qiymətləndirilməlidir. Onların məqsədi ölkəmizdə sabitliyi pozmaq, xoşagəlməz hadisələrə rəvac vermək və xalqın dövlətimizə olan inamına zərbə vurmaqdır. Amma bu qüvvələr yanılır. Heç bir arzularına nail ola bilməyəcəklər. Azərbaycan xalqı və dövləti arasında möhkəm birlik, həmrəylik var, dövlətimizin atmış olduğu hər bir addım Azərbaycan xalqının iradəsinə söykənir”.
F.Ağamalı qeyd edib ki, törədilmiş terror aktı Azərbaycanın hüquq-mühafizə orqanları tərəfindən yüksək peşəkarlıqla araşdırılacaq: "Bu terroru törədən şəxslər tez bir zamanda müəyyənləşəcək, onlara qarşı lazımi tədbirlər görüləcək. Şükürlər olsun ki, uca tanrı həmkarımızı qorudu. Fazil Mustafaya şəfa diləyirəm və onun tezliklə aramıza yenidən qatılmasını arzu edirəm”.
Aydın Nuri