Ölkəsinə gələn idmançılarla rinqə çıxan, hər kəslə dost olan - 10 uşaq atası Ramzan Kadırov kimdir?

Ölkəsinə gələn idmançılarla rinqə çıxan, hər kəslə dost olan - 10 uşaq atası Ramzan Kadırov kimdir?
MANŞET
17:16 28.11.2018
12149
AZXEBER.COM hər həftənin çərşənbə günü oxucuların görüşünə gələn "Baxış bucağı” rubrikasında bu dəfə Çeçenistan rəhbəri Ramzan Kadırovdan bəhs edəcək. Məqalədə onun keçdiyi həyat yolu, fəaliyyəti barədə məqamlar öz əksini tapacaq.

İlk öncə qeyd edək ki, dünən Çeçenistan rəhbəri Ramzan Kadırov Bakıya səfər edib. Səfər çərçivəsində Prezident İlham Əliyevlə görüşən Çeçenistan lideri öz "youtube” portalında Azərbaycan səfərinə dair təəssüratları ilə bağlı video paylaşıb.
 
O bildirib ki, səfər çərçivəsində Azərbaycanın dövlət başçısı İlham Əliyevlə səmimi müzakirələr aparıb və bu görüş onun həyatında yaddaqalan görüşlərdən biri olacaq.

Ramzan Kadırov kimdir?

İmperiyanın süqutundan sonra illərdir bunun baş verməsi uğrunda "baş sındıran”, çeşidli ssenrailər quran qüvvələr növbəti hədəf olaraq Rusiyanı seçmişdilər. Bu ölkəni daxildən parçalamaq istiqamətində fəaliyyətə keçən həmin qüvvələr ya birinci Çeçenistanı seçmişdilər, ya da Çeçenistanda baş verənlər onlar üçün göydəndüşmə fürsət idi. Bu barədə bir qədər sonra...

1994-cü ilin dekabrından start götürən və 1996-cı ilin avqust ayına qədər davam edən hərbi münaqişə Çeçenistanı faktiki olaraq dağılmaq təhlükəsi ilə üz-üzə qoydu. Müstəqil dövlət olmaq arzusu fonunda bu ölkənin vətəndaşları hər an həyatlarını itirmək dilemması ilə üz-üzə dayanır, iqtisadiyyat çökür, sosial problemlər dəhşətli miqyas alırdı. Bütün bunlara rəğmən "inqilabçı” ruhu və məqsədli şəkildə yaradılan "döyüşçü” əhval-ruhiyyəsi "Çeçenistan inqilabı”nı daha da dərinləşdirir, sadə insanları "qələbədən qələbəyə” ruhalndırırdı.
 

 

Təsadüfi deyil ki, müharibə nəticəsində rus hərbi qüvvələri 6 min nəfərdən çox, çeçen hərbi qüvvələri 18 min nəfərdən çox və 50 min (bəzi mənbələrə görə, 100 minə yaxın) mülki vətəndaş həyatını itirib. İkinci müharibə zamanı isə əksəriyyəti mülkü vətəndaşlar olmaqla 50 minə yaxın insanın həlak olduğu iddia edilir. Paytaxt Qroznı tamamilə yararsız hala gəlir, şəhərin tarixi-memarlıq abidələri, yaşayış evləri, tikililər sıradan çıxır.

Ramzan Kadırov Rusiya ilə münasibətlərin bərpası ilə tarixə düşür. Düzdür, ilk zamanlar onu öz mövqeyindən geri çəkilməkdə ittiham edirlər. Lakin zaman göstərir ki, R.Kadırov rəsmi Kremllə münasibətləri bərpa etməklə bu ölkəni dağılmaq, daha artıq itkilərin baş verməsi təhlükəsindən xilas edib. Eyni zamanda Çeçenistanın Rusiya daxilində mövqelərini gücləndirməyə, rəsmi Kremli rəhbəri olduğu Respublikaya daha artıq diqqət ayırmağa təhrik edib.

Bu məqamda qeyd edək ki, Ramzan Kadırov Çeçenistanın prezidenti Əhməd Kadırovun oğludur. O Əhməd Kadırovun ki, oğlu Ramzanla birlikdə birinci rus-çeçen müharibəsində atası Əhməd Kadırov ilə ruslara qarşı müqavimət göstərib, ikinci rus-çeçen müharibəsində isə rusların yanında iştirak edib. R.Kadırov 2004-cü ildə Rusiya prezidenti Vladimir Putin tərəfindən "Rusiya Federasiyası qəhrəmanlığı” medalı ilə təltif olunub. Onun rəhbərliyi dövründə Çeçenistanda yüzlərlə yeni bina inşa olunub, yol-nəqliyyat qovşaqları qurulub, iqtisadi islahatlar aparılıb.

Həyat yoldaşı Mədni xanımla hələ orta məktəb dövründən sevgili olan Ramzanın hazırda bu nikahdan 10 övladı var. Həyat yoldaşı Çeçenistanda müxtəlif xeyriyyə tədbirlərinin həyata keçirilməsinə rəhbərlik edir. Bu sırada ehtiyacı olanlara, körpələr evlərinə, aztəminatlı ailələrə yardım və digər məsələlər yer alır. Eyni zamanda çeçen mədəniyyətinin təbliği, moda nümayişi və digər sahələrdə fəaliyyət göstərən M.Kadırova vaxtaşırı olaraq həyat yoldaşı ilə tərbirlərdə görüntülənir.
 

 

Ramzan Kadırov azərbaycanlılara xüsusi simpatiyası ilə seçilir. Onun Azərbaycan Prezidenti İlham Əliyev haqqında söylədiyi xoş fikirlər, azərbaycanlı həkim Elxan Süleymanovu Çeçenistanın Səhiyyə naziri postuna irəli çəkməsi, azərbaycanlı döyüşçü Zabit Səmədova xüsusi diqqəti və s. nümunələr buna misaldır.

Bütün hallarda Çeçenistanda başladılan "qiyam”ın bu ölkəyə hansı fəlakətlər gətirdiyi hər kəsə bəllidir. Saysız-hesabsız günahsız insanların tələf olmasına səbəb olan münaqişənin ardınca kimin nə deməsindən asılı olmayaraq, sülhün bərqərar olması Çeçenistanın inkişafına zəmin oldu və bunu danmaq olmaz.

Azər Niftiyev,
AZXEBER.COM
 

 


OXŞAR XƏBƏRLƏR