Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovun öldürülməsi diplomat işinin təhlükəliliyini gündəmə gətirdi. Adətən cəlbedici və maraqlı görünən diplomatiya əslində, ağır və təhlükəli işdir. Həyatın çox hissəsini xaricdə olmaq, müxtəlif ölkələrin cəmiyyətinə və təbiətinə uyğunlaşmaq səfirlərin əsas çətinliyidir. Və təmsil etdikləri ölkələrin xarici siyasət kursuna görə onları daim ölüm təhlükəsi gözləyir.
"Dərinizi soyacağıq, damarlarınızı doğrayacağıq, bədəninizi yandıracağıq, başınızı it başı kimi kəsəcəyik”.
Bu ölüm şüarını 1967-ci ildə SSRİ-nin Pekindəki səfirliyini mühasirəyə almış kütlə səsləndirirdi. Bu kütlə "sovet təftişçiləri”ni cəzalandırmaq qərarı vermiş Çin hakimiyyəti tərəfindən qızışdırılırdı. "Xunveybin” və "Szaofaney” dəstələri səfirlik binasını tamamilə mühasirəyə almışdı. Gecə-gündüz səsucaldanlar vasitəsilə diplomatları və ailələrini təhdid edirdilər. Onlar sovet təftişçilərinin müqəvvalarını yandırır və səfirlik binasına alov vurmağa çalışırdılar. Çin küçələrində sovet vətəndaşlarının əsil ovu başlanmışdı. Onların qarşısını kəsir, üzlərinə tüpürürdülər. Həmin günlərdə səfirlik mühasirə vəziyyətində yaşayırdı. Moskva qadınların və uşaqların təxliyəsinə icazə verdi. Onları çıxarmaq üçün əsil döyüş yaşandı. Səfirliyin avtobusu hava limanında mühasirəyə alınmışdı. Onlara "rədd olun”, "sizə ölüm” şüarları yağdırırdılar.
Sovet səfirliyi 1966-cı ilə qədər bir il yarım ərzində mühasirədə qaldı.

Bir neçə ay sonra analoji vəziyyət Monqolustan səfirliyində yaşandı. Buna səbəb Ulan-Batorun Moskva və Pekin qarşıdurmasında neytral mövqe tutması idi. Çinlilər babalarının yolunu gedirdilər: 1900-cü ildə Pekində Qərb dövlətlərinin səfirlikləri mühasirəyə alınmışdı. Qarşıdurma nəticəsində 68 mühafizəçi və alman səfiri Ketler də daxil olmaqla, bir neçə diplomat həlak oldu. Sonda Rusiya və Qərb dövlətləri ordu yeridərək, diplomatları azad etdilər.
Qriboyedovun cəsədini necə tanıdılar?
1829-cu ilin dekabrında mollalar tərəfindən qızışdırılan camaat Rusiyanın Tehrandakı səfiri, məşhur yazıçı, Aleksandr Qriboyedov öldürdü. Fanatik camaat rus diplomatik missiyasına hücum etdi. Kazak keşişçilər də daxil olmaqla hər kəs öldürüldü. Qriboyedovun bədənini eybəcər hala salmışdılar. Onu yalnız duel zamanı aldığı əlindəki travmadan tanıdılar. Həmin hücumda yalnız katib İvan Malsova xilas ola bilmişdi. O, fars əsgərlərinə 100 çervon verərə, gizlənməyi bacarmışdı.

1927-ci ildə Çinin Quancjou şəhərində kommunistlərin qiyamı başlandı. Qiyam xarici qoşunların köməyi ilə yatırıldı. Şəhərin talanı zamanı Çan Kayşi əsgərləri sovet konsulluğuna hücuma keçdilər. Konsulluğun bütün əməkdaşları və ailələri həbs olundu. Beş insan, həmçinin, konsul müavini Xasis güllələndi.
1979-cu ildə Tehranda ABŞ səfirliyinə hücum da yaddaqalan hadisədir. Camaat 66 insanı girov götürərək, ABŞ-da müalicə olunan Şah Pəhləvini verməyi tələb edirdi. Diplomatlarını hərbi yolla azad etmək istəyən ABŞ-ın cəhdi uğursuz oldu. Səkkiz xüsusi təyinatlı qüvvə öldürüldü, amerikalılar texnikanı atıb qaçdılar. Girovlar yalnız bir il yarım sonra – Pəhləvinin ölümündən sonra azad olundu.

ABŞ-ın son diplomat itkisi kimi Liviyada Kristofer Stivensin ölümünü qeyd etmək olar. "Müsəlmanların günahsızlığı” filminin nümayişindən sonra camaat Benqazidə ABŞ konsulluğunun binasına hücum etdi. Konsulluğun binası qumbaraatanların hücumuna məruz qaldı. Bina alovlar içində yanırdı. Təxliyə vaxtı iki konsulluq əməkdaşı həlak oldu. Stivenin necə həlak olması dəqiq deyil. Versiyalara görə, o, tüstüdən boğularaq ölüb.
Ərəblərin hücumu və Tetçerin əmri
1980-ci ildə Londonda ərəblər İran səfirliyini tutdular. Binada britaniyalı jurnalistlər də daxil olmaqla 26 insan girov saxlanılırdı. Hücum edənlər İran həbsxanalarında saxlanılan ərəbləri azad etməyi tələb edirdi. Baş nazir Marqaretta Tetçer hücum haqqında əmr verdi. Əməliyyat terrorçuların səfirliyin mətbuat atteşesini vurandan sonra başlandı. Britaniya xüsusi xidmət orqanlarının əməliyyatı uğurlu oldu. Lakin terrorçular əməliyyat başlayana qədər bir girovu öldürməyə, ikisini isə yaralamağa vaxt tapdı.
1996-cı ildə eyni vəziyyət Perunun paytaxtı Limada baş verdi. "Amar Tupak adına İnqilab hərəkatı”nın döyüşçüləri Yaponiya səfirliyini tutdular. Binada 490 insan var idi. Döyüşçülər girovları tədricən buraxaraq, binanı üç ay əllərində saxlayıb. Perunun xüsusi təyinatlı qüvvələri iki döyüşçüsünün və bir girovun ölümü ilə nəticələnən əməliyyat keçirərək binanı azad etdi.

Bu təcrübə səfirlik binalarının xüsusi qorunmasını şərtləndirir. Artıq bir çox ölkənin səfirliyi əsil qalanı xatırladır. Həmçinin, vertolyotla təxliyə etmək üçün imkanlar var.
Lakin bu mühafizə belə səfirlərin öldürülməsinin qarşısını ala bilmir. Çünki onlar səfirlik binasının xaricində açıq hədəfə çevrilirlər. Andrey Karlov kimi...
1979-cu ildə ABŞ-ın Kiprdəki səfiri Devis Rocer güllənin qurbanı oldu, həmin tarixdən 11 il öncə Qvatemalada üsyançılar pusqu qurara, ABŞ səfiri Corc Meynanın avtomobilini güllələdilər
2012-ci ildə Nyu-Dehlidə motosikletçi şəxs İsrailin hərbi attaşesinin arvadı ilə getdiyi avtomobilinə bomba atdı. Qadın yüngül yaralanaraq canını qurtardı.
1982-ci ildə diplomatların oğurlanması epidemiyası başlandı: 10 il ərzində 21 ölkədə 104 diplomat girov götürüldü. Onların səkkizi edam edildi, yaxud müxtəlif üsullarla öldürüldü.

Təsadüfün qurbanları
Diplomatlar həmişə xüsusi planla öldürülmür. Bəzən onlar təsadüf nəticəsində də həlak olurlar.
Misal üçün, 2003-cü ildə İraqda Rusiya səfirinin avtomobili amerikalılar tərəfindən güllələndi. Amerika bunun yanlışlıqla edildiyini açıqladı. Halbuki, avtomobildə Rusiya bayrağı əsirdi. Nəticədə, 5 insan yaralandı.
2007-ci ildə Burindidə (Afrika ölkəsi) Rusiya səfirlinin əməkdaşı Vladimir Raşitko həlak oldu. Hökumət iddia etdi ki, səfirliyin əməkdaşı keçid postunu keçməyə çalışıb. Rusiya tərəfi isə Raşitkonun postu keçərkən, xəbərdarlıqla üzləşmədiyini bildirdi. Nəticədə, Burindi hökuməti Moskvadan üzr istədi.
Bu cür hadisələr müxtəlif ölkələrdə, müxtəlif səfirlərin başına gəlir. Diplomatların işi təkcə masa arxasında oturub danışıqlar aparmaqla yekunlaşmır. Bəzən onlar ölümlə də üz-üzə gəlirlər.(Publika.az)