Türkan TuranYoxsan… Yatağım, yastığım, yorğanım üşüyür. Sənsizlik ev-eşiyimə dağılıb. Qapım-bacam sənsizlik qoxur. Yoxluğunun hesabını verə bilmirəm, nə özümə, nə sənsiz qalanlarıma.
Yerə göyə sığmıram. Sənsizlik normal yaşamağa imkan vermir. Nə varlığın,nə də yoxluğun məndən əl çəkmir. Yoxsan, amma elə yoxsan ki, yoxluğun belə sənsizlikdən utanır. Yoxluğunla birlikdə atmadığım addım qalmayıb.
Bəzən sənsizliklə başbaşa oturub, sənsizliyin şərəfinə içirik. İçib darmadığın oluruq. Özümüzü undub, özümüzdən keçirik. Mən onu ittiham edirəm, o mənim yaxama yapışır. Mən onu suçlayıram, o məni lənətləyir. Bu gün sənsizliklə rəqs etdik. Sevimli musiqimizi açdım, nə o bacarmadı, nə mən yarıtmadım. Elə bilmə ki, təkcə səninlə yola getmirdim. Elə sənsizliklə də günüm dava-qırğınla keçir. Bəzən otururuq, bir-birbirimizə sarılıb ağlayırıq. O hönkürür, mən hıçqıraraq için-için ağlayıram.
Dadım-duzum qalmayıb. Hər şey rəngini dəyişib. Hər şey qara və onun tonlarına çalır.
Sənsizliyi daşımaq bilirsən necə çətindir? Özü də gecə gündüz daşımaq. Ruhumda daşımaq, vücudumda daşımaq çox ağırdır. Axı heç vaxt bu qədər müddətdə, bu qədər ağır yük daşımamışam. Xahiş edirəm, gəl sənsizliyinə sahib çıx!!
Beynim, ruhum, ürəyim günahkardır, sızıldayır, fəryad edir. Səni görəndə rəqs edən hüceyrələrim, artıq qol qaldıra bilmir.
Bütün dadlar zəhər dadır. Bədənimdə ikiyə bölünərək böyüyən hüceyrələrim, biri sənsizliyə çəkilir, biri də sənə. Ruhum dayanmadan sənsizlik ifraz edir. Çətindir, çox çətin!
Ürəyimin ritmi pozulur, yuxum qarışır. Gözüm səni axtarır. Nə sənsizliyə, nə içimdəki bu sevgiyə söz keçirə bilmirəm. Heç biri məni dinləmir. Heç biri sözümü ciddiyə almır. Sənsizliklə ağlamaqdan gözlərimin altı çöküb, ruhum çöküb, bədənim çöküb. Adı yaşamaq olan bu bəla ilə hər gün birtəhər baş edirəm. Hikkəmdən sənsizliyi özümdən qovuram, amma əl çəkmir. Gənə kimi yapışıb. Qopub getmək istəmir, ruhumla, qanımla qidalanır. Təqvimi unuduram, həftənin günlərinin necə keçdiyinin fərqində deyiləm. Saatın neçə olduğunu, əqrəblərin necə dövr etdiyini havanın tutqun və açıq olmasından seyr edirəm. Qapadıram özümü sənsizliklə birlikdə bu evə. Maraqlıdır ki, nə o məndən bezmir, nə mən onunla bir yerdə qalmaqdan can qurtara bilmirəm. İnadkardır. Keçi kimi inadkar. Üzsüzlük edir, belə olmaz!. Bəzən hər şeyi unuduram. Üzüm gülməyə başlayanda, sənsizlik çağrılmamış qonaq kimi özünü yetirir. Arsizca, içəri “buyur” etmədiyim halda gəlib yuxarı başa keçir. Marağımı saxlaya bilmirəm. Səni soruşuram. Nə edir, hardadır deyə?! Bilmək istəyirəm-üşüyürsən, acsan, üzgünsənmi, gözlərində yenə kədərin var olub-olmadığını, hamısını soruşuram. Nə edim, sənin sənsizliyin varsa, mənim də sənə bitməyən sevgim var?!
Bu gün bilmədim dərdimi kimə danışım. Sağolsun, sənsizlik dadıma çatdı. Oturduq dərdləşdik. Sənə olan sevgimi, özləmimi ona danışdım. Sevginin içimdə necə yer etdiyindən. əllərini, dodaqlarını, güclü qollarını, başımı sinənə qoyub saatlarla özümdən keçməyimi, gözlərinə baxıb, gözlərimlə danışmağını, səni sevməyin bir sənət əsəri olduğundan bəhs etdim. Sənsiz keçən zamanda başa düşdüm ki, sənin üçün darıxmaq, elə səni sevmək qədər möhtəşəmdir.
Bütün çətinlikləri geridə qoydum, amma bir tək sənsizlik mənimlə hələ də dayanmadan addımlayır. Bir az yorulub, oturub, bir az dincini alıb, yorğunlunu çıxartmaqla heç işi yoxdur. Belə olmaz axı!
Sənsizliyi sevmirəm, amma bu gerçəkdir ki, sənsizlik səndən və hər kəsdən daha vəfalı və sadiq çıxdı.
Qonaqları, xüsusən də bu cür üzsüz qonaqları sevmirəm. Bu qədər uzun müddətli qonaq olmaz axı! Apar bir az da sənin kimi sənsizliyə həsrət qalım. Bir az da sənsizlik üçün ağlayım, bir az da gözüm onu axtarsın. Yoxsa bu nədir, bütün gün dizimin dibində oturur, anasının yanından ayrılmayan qızlar kimi?! Belə olmaz!
Sənsizliyə üsyan edirəm. Sənsizliyə görə sənsizlik yazılmış plakatlarla meydana çıxacam. İnqlab edəcəm. Sənin məndə qurduğun taxt-tacını devirəcəm. Bəsdir bu qədər, ürəyimdə qurduğun hakimiyyət. Gəlib oturmusan ürəyimin ortasında, heç bir qayda-qanuna məhəl qoymursan. Bu qədər avtoritarlıq olmaz! Ürəyimin hüququnu, azadlığını əlindən almısan. Qeyri-demokratik rejimlə ürəyimdə bu qədər hakimiyyət qura bilməzsən.
Ya ürəyimdən istefa et, ya da devrimə hazır ol!!!