"Zaman" qəzetinin yazdığına görə, Prezident administrasiyasına bağlı Dövlət Təftiş Qurumunun hazırladığı hesabatda mərhum Yazıçıoğlunun da içində olduğu vertolyotun qəzaya uğradığı anda bölgədə hərbi təyyarələrin olduğuna dair iddiaları gücləndirən yeni məlumatlara yer verilib.
Xəbərə görə, Silahlı Qüvvələrin Baş Qərargahının qəzanı araşdıran Malatya Prokurorluğuna göndərdiyi rəsmi yazı ilə qəza bölgəsinə 28,5 kilometr məsafədə üç hərbi təyyarənin uçduğu dəqiqləşib. Qəzanın baş verdiyi anda isə hərbi radarlar çalışmayıb. Bölgədəki bütün radarlar xarab olduğu üçün 25 mart 2009-cu il, saat 15:03 ilə 15:07 arasında görüntü qeyd edilməyib.
Dövlət Təftiş Qurumunun təsbitinə görə, qəza da tam bu anda baş verib. Bu səbəbdən də vetrolyotun qəzaya uğradığı anda ətrafdan hərbi təyyarənin keçib-keçmədiyini göstərəcək radar görüntüsü yoxdur.
Baş Qərargahın açıqlamasında diqqət çəkən başqa bir məqam isə qəza bölgəsindəki hərbi təyyarələrin hərəkəti ilə bağlıdır. Dövlət Təftiş Qurumunun daha öncəki təsbitlərində vetrolyotun qəzaya uğramasından bir neçə dəqiqə əvvəl bir hərbi təyyarənin mülki radarda göründüyü və sonra görüntüdən itdiyi bildirilmişdi. Hava Qüvvələri Komandanlığı isə qəza bölgəsinin 74 kilometr radiusunda hər hansı hərbi təyyarənin olmadığını açıqlamışdı. Ancaq Baş Qərargahın rəsmi yazısı bu açıqlamanı inkar edir. Yazıda üç hərbi təyyarənin saat 14:59:47-də qəza bölgəsinin 28,5 kilometr cənub-şərqindən 7528 metr yüksəklikdən keçdiyi bildirilir.
Daha bir maraqlı məqam isə hərbi təyyarələrin qeydlərinin silinməsidir. Baş Qərargahdan verilən açıqlamada bildirilir ki, sözügedən FD16 və F4 təyyarələrində qeydetmə sistemləri var və görüntü qeydə alma müddəti 30 dəqiqə ilə 10 saat arasında dəyişir. Ancaq uçuşdan dərhal sonra bu görüntülər tələb edilmədiyi təqdirdə yeni görüntülər eyni kasetə, yəni keçmiş görüntülərin üstünə qeyd edilir. Bu səbəbdən də 25 mart 2009-cu il tarixli uçuşun görüntüləri yoxdur. Eyni zamanda bu görüntülər olsa belə, təyyarənin uçduğu marşrutun bu qeydlərdən istifadə edilərək xəritəyə köçürülməsi mümkün deyil