Mühacirlər kütləsi niyə bu gündədir?

KÖŞƏ
22:34 03.02.2011
2120

-  Özünü bir millət nümayəndəsi dərk edən hər insan, dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarını öz milli maraqlarını təmsil edəcək qədər güclü toplum olaraq görmək istəyir. Müəyyən səbəblərin ucbatından ölkəni tərk edən, lakin vahid ideya ətrafında toplanıb, bir məqsədə doğru irəliləyən fəal mühacirlərdən ibarət olan qrupların mövcud olması ideal olardı. Reallıqda isə...

“Diaspora” (yunan “Διασπορά”) sözü tarixi vətənindən uzaqda yaşayan və öz müqəddəratını təmin etmək məqsədilə münasib sosial institutları inkişaf etdirən etnik qrupun anlamını daşıyır. Beləliklə “diaspora” adlandırdığımız anlamın üç əsas xüsusiyyəti vardır:

1 – etnik qrup tarixi vətənindən uzaqda yaşayır

2 – etnik qrup öz müqəddəratını təmin etməlidir

3 – və bu məqsədlə münasib sosial institutları inkişaf etdirir.

İndi görək, “Azərbaycan diasporası” adlanan mühacirlər kütləsi sadalanan 3 xüsusiyyətə nə dərəcədə malikdir. Azərbaycanda son illər kütləvi beyin axını müşahidə olunub. Bir çox Azərbaycan vətəndaşları Kanada, İsrail, ABŞ və Avropa ölkələrinə üz tutublar. Bəziləri ölkədə yaranan şəraitlə barışmayıb qürbətə uyğunlaşmaqlarına üstünlük verdi, bəziləri oxumaq və işləmək məqsədilə Azərbaycandan kənara çıxdı, bəziləri isə özlərini “siyasi məhbus” kimi qələmə verərək sığınacaq axtarmaqdadır. Hal-hazırda neçə milyon azərbaycanlı seyrək vəziyyətdə dünyanın ayrı-ayrı yerlərində vətəndən uzaqda qalır. Beləliklə Azərbaycandan kənarda yaşayan mühacirlər (emiqrantlar) kütləsi “diaspora” anlamının birinci xüsusiyyətinə malikdir.

Milli maraqlarımızı təmsil edib Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq üçün, mühacirlər kütləsi ilk növbədə öz milli müqəddəratını təmin etməyə qadir olmalıdır. Bu məqsədlə mühacirlər hər hansı ölkədə bir-biriləri ilə milli-etnik qrup çərçivəsində sıx əlaqədə olub, sosial fəaliyyətdə sabit təşkilat formasının inkişafına nail olmalıdırlar. Hansı ki, etnik qrupun milli dəyərlərin və ideologiyanın möhkəmlənməsinə xidmət edəcəkdir. Lakin “Azərbaycan diasporası” ideoloji cəhətdən seyrək olduğuna görə bir məqsəd ətrafında toplanıb fəaliyyət göstərmək iqtidarında deyil. Buna səbəb bir sıra amillər var.

- Vəsaitsizlik

10.000 yaxın azərbaycanlı tələbə əsasən ABŞ, İngiltərə, Almaniya, Çexiya, Rusiyada və digər ölkələrdə oxuyur. Bu tələbə kontingentin daha fəal nümayəndələri Azərbaycanın təbliğatında müəyyən iş aparmağa çalışsalar da, maddi problemlərlə üzləşmək məcburiyyətində qalır, buna görə aparmaq istədikləri iş adətən nəticə vermir. Buna baxmayaraq etiraf etməliyik ki, hətta bu cür şəraitdə məhz bizim uşaqların təşəbbüsü ilə Xocalı faciəsinin qurbanlarına həsr edilmiş abidə kompleksinin qoyulması barədə Çexiyanın rəsmilərinə müraciət olunub.

- İqtidarçılarla müxalifətçilərin davası

Daha doğrusu, dövlətdən dəstək gözləyən və gözləməyən mühacir qrupların bir araya gəlməməsi. Adətən araşdırma mərkəzi və ya təbliğat kütləvi informasiya vasitəsi yaradılanda, üzvlər sırasında müxalifətçiləri görən iqtidarçılar üzvlükdən imtina edir, və ya əksinə. Vahid məqsəd isə arxa plana keçir.

- Vahid diaspora informasiya şəbəkəsinin olmaması

Mən elektron məlumat mübadiləsi sistemi nəzərdə tuturam. Online-konfrans keçirmək, ünsiyyət qurmaq, digər ölkələrdə və xüsusən Azərbaycanda tərəfdaşdarla əlaqədə olmaq, operativ birgə tədbir keçirmək imkanı verəcək bir sistemin yaradılması ilə bağlı təkliflər dəfələrlə irəli sürülmüşdür. Lakin təkliflər kağızda saraldığı zaman, facebook.com azərbaycanlı mühacirlərin yeganə əlaqə portalı olaraq qalır.

- Nəfs...

Küskünlük və şöhrətpərəstliyini vahid məqsəd ətrafında toplaşmaqdan üstün saxlayanlar var olunca “Azərbaycan diasporası” tam şəkildə qurula bilməz. Misal kimi dildə qabar çıxaran “Dünya Azərbaycanlıların Konqresi” təşkilatları gətirək. Bildiyimiz kimi, iki “DAK” var, biri Sabir Rüstəmxanlının rəhbərlik etdiyi, bir də Qulamrza Səbri Təbrizinin. Hər ikisinin dəstələri bir-digərinə ləkə vurmaq, rəzil etmək və kimin düz kimin haqsız olduğunu sübut etmək cəhdlərini mətduatda, “yahoo groups” və facebook şəbəkələrin səhifələrində görmək mümkündür. Davanın əsl mövzusu isə dövlətdən ayrılan maliyyə vəsaitlərdir.

- İdeyasızlıq

Gördüyümüz və görmədiyimiz səbəblərin arxasında vahid milli ideyanın olmaması dayanır. İdeyasızlıq laqeydlərin, şöhrətpərəstlərin, tamahkarların diasporanın başına keçməsinə gətirib çıxarır. Bu səbəbdən azərbaycanlı mühacirlər kütləsi “diaspora” anlamının xüsusiyyətlərinə cavab vermədiyi üçün Azərbaycanı düzgün şükildə təmsil edə bilməməklə yanaşı, təxminən 30 ildən sonra xaricdə əriməyə məhkümdur.

Bu dəhşətin qabağını almaq üçün biz indi hərəkata keçməliyik.

Nail Qorxmazoğlu,

MyAzerbaijan.ORG saytının baş redaktoru

 

OXŞAR XƏBƏRLƏR