Məlahət Abbasova: "Mən "1001 gecə"də özümü tapdım" (MÜSAHİBƏ)

Məlahət Abbasova: "Mən "1001 gecə"də özümü tapdım" (MÜSAHİBƏ)
ŞOU-BİZNES
18:27 24.06.2011
1967

- Vətənə xoş gəlmisiniz! Amma bilmək istərdik, Türkiyədə bu qədər işi gücü başından aşan adamın Bakıya gəlməsinin başlıca səbəbi nədir?
- Çox sağ olun. Mənim vətənimə gəlməyimin başlıca səbəbi burada film çəkmək fikrimizin olmasıdır. Elçin Əfəndiyevin “Mahmud və Məryəm “ əsəri əsasında çəkiləcək filmdə baş rolda oynayacam. Bununla əlaqədar olaraq prodüserim Sevda Kaygısız da bizimlə Bakıya təşrif buyurmuşdur. Həmçinin Mədəniyyət Nazirliyi və kinostudiyalarla da görüşümüz oldu. Görüşmələr hələ də davam edir. Bir aya qədər hazırlıqların başlanması planlaşdırılır. Bakıda olduğumu biləndən sonra bitirdiyim məktəbin direktor müavini Davut müəllim də məni son zəngdə iştirak etməyə dəvət etdi. Mən onsuzda iştirak etməyi düşünürdüm.

- Aldığımız məlumatlara görə, sizin qızınız da bir türk filmində baş rolda çəkilmişdir. Yəqin balaca bala da sizin kimi istedadlı aktrisa olmaq istəyir
- Bəli, bu belədir. Qızımın çəkildiyi film Kanal 7-də yayımlanır. Filmin adı “ Kız annesi” dir. Hər çərşənbə günü saat 7-də, Bakı vaxtilə 9-da yayımlanır. Əslində mən qızımın aktrisa olmasını istəməzdim. Amma onun bu qədər istedadlı olması məni bu fikrimdən daşındırır. 

- Aktyorlar daha çox rejissorlarla işləyirlər. Türk rejissorları ilə işləmək sizin üçün çətin deyilki?
- Xeyr, mən professional aktrisa olduğum üçün onların nə istədiklərini yaxşı bilirəm. Çünki mən artiq neçə ildir ki, onlarla işləyirəm. Buna görə də onlarla işləmək mənimçün elə də çətin deyil.

- Sənət dünyasını müqayisə etsək, Türkiyə ilə Azərbaycan arasında hansı fərqlər var?
- Çox fərq var. Oyunculuqda böyük fərq var. Söz yox ki, azərbaycanlı oyuncular çox istedadlıdırlar, həmçinin türkiyəlilər də. Türk aktyorlarında bunu gördüm ki, inanılmaz dərəcədə öz üzərilərində çalışırlar. Çox araşdırmacıdılar, hətta işdən sonra da məşq etməkdən yorulmurlar.buna görə də son 10 ildə türk filmləri çox populyarlaşdı.

- Sizə hansı film böyük şöhrət gətirdi?
- Mənim sənətimin başlanğıcı Nargilə roludur. Bu rol sayəsində mən Azərbaycanda tanındım. Amma daha çox “ 1001 gecə” serialı mənə şöhrət gətirdi.

- “ 1001 gecə “çox populyar bir filmdir. Necə oldu ki,bu filmə dəvət aldınız?
- Mən əvvəllər Türkiyədə yalnız teatırlarda oynayırdım. “ 1001 gecə “serialı çəkilərkən azərbaycanlı dayə roluna görə aktrisa tələb olunurdu. Və bu səbəbdən də mənə bu filmdə çəkilmək təklifi gəldi. Rol mənin xarakterimə çox uyğun gəldiyi üçün bu təklifi qəbul olundu

 - Türkiyədə bilirlərmi ki, Azərbaycanda “1001 gecə “nin bu qədər populyarlığı daha çox sizin adınızla bağlıdır?

- Bəli, mən bu günə kimi çox filmlərdə çəkilmişəm. Amma belə düşünürəm ki, mən Mehriban obrazında, "1001 gecə" serialında sanki özümü tapdım. Hələ də Türkiyədə adım Mehriban olaraq qalır. Mən çox sevinirəm ki, öz xalqımın da rəğbətini bu obrazla qazanmışam.

- Məşhur olmaq necə hissdir?
- Bu çox gözəl bir hissdir. Mənə elə gəlir ki, hər kəs məşhur olmaq istəyər. Amma mən heç vaxt bu haqda düşünməmişəm. Mən sadəcə olaraq aktrisa olmaq istəmişəm və arzuma da çox şükür ki, çatmışam. Insan məşhur olmaq üçün özünə sənət seçməməlidir. Yaxşı oyuncu olandan sonra məşhurluq özü avtomatik olaraq səni tapır.

Sevil RƏSULZADƏ

 

OXŞAR XƏBƏRLƏR