Bu gündən Tələbə Qəbulu üzrə Dövlət Komissiyası 2013/2014-cü tədris ili üçün Azərbaycanın ali təhsil müəssisələrinin magistratura səviyyəsinə ərizə qəbuluna başlayıb.
Ali məktəblərin magistraturalarına qəbul olmaq istəyən bakalavrlar fevralın 11-də 21-dək “Bakalavrın elektron ərizə” formasını doldurmalıdır. Bakalavrlar fevralın 12-dən 22-dək şənbə və bazar günləri istisna olmaqla saat 09:00-dan 17:00-dək ərizələrini təsdiq etdirməlidir. Bu ilin məzunları “Bakalavrın elektron ərizə” formasını bitirdikləri ali məktəblərdə yaradılmış Sənəd Qəbulu Komissiyasında (SQK) təsdiq etdirməlidir. Ali məktəblərin əvvəlki illərinin məzunları, nəzdində SQK-lar fəaliyyət göstərməyən ali məktəblərin məzunları “Bakalavrın elektron ərizə” forması ali təhsil müəssisələrində yaradılmış SQK-ların istənilən birində təsdiq etdirə bilərlər. Xarici ölkələrdə ali təhsil almış Azərbaycan vətəndaşları “Bakalavrın elektron ərizə” formasını TQDK-da yaradılmış SQK-da təsdiq etdirməlidir.
Ali məktəblərin magistratura pilləsinə keçiriləcək qəbul imtahanının birinci mərhələsinin martın 3-də keçiriləcək. Magistraturaya qəbul imtahanı test üsulu ilə iki mərhələdə keçirilir. Birinci mərhələdə bakalavrların ümumi intellekt səviyyəsi, informatika fənnini və xarici dil bilmə səviyyəsi, ikinci mərhələdə isə seçdikləri qəbul proqramı əsasında onların ixtisas üzrə bilikləri yoxlanılır. Hər iki mərhələdə bakalavrın hər bir test tapşırığına düzgün cavabı bir balla qiymətləndirilir, səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir. Bu zaman bakalavrlara ümumi intellekt səviyyəsinin yoxlanılması üzrə 50, informatika üzrə 25 və xarici dil üzrə 25 test tapşırığı təqdim olunacaq. Birinci mərhələdəki nəticələri TQDK-nın minimal tələblərini ödəyən bakalavrlar proqram seçiminə buraxılırlar.
Qeyd edək ki, fevralın 17-də Azərbaycanda ilk dəfə olaraq magistratura pilləsinə qəbul imtahanının birinci mərhələsi üzrə sınaq imtahanı keçiriləcək.