Müğənni Nuri Sərinləndiricinin məşhur "Gözləyirəm" mahnısı israilli müğənnilər tərəfindən oğurlanıb.
İsrailli müğənnilər Eyal Golan və Eden Ben Zaken mahnının adını dəyişərək "Geri qayıtma" qoyub və onu ifa edərək "youtube”yə yerləşdiriblər.
Nuri Sərinləndiricinin mətbuat xidmətinin rəhbəri, aparıcı Lamiyyə Ələkbərova AZXEBER.COM-a açıqlamasında hüquqi prosedurları başladacağını bildirib:
"Bu məsələdən dünən xəbərimiz olub və bu gün səhər oyanan kimi artıq bütün prosedurları başlatmışıq. Bizim istəyimiz sadəcə Azərbaycan musiqisinə və müğənnisinə hörmət olunmasıdır. Nurinin bütün mahnılarının müəlliflik hüquqları qorunur. Bu mahnının da musiqisi Zamiq Qasımov, sözləri isə Leyli Erola aiddir. O müğənni də yetərincə tanınmış müğənnidir. Bizə müraciət edib icazə istəsə idi, biz təmənnasız o icazəni verərdik. Amma bu şəkildə ifa edib, adını dəyişmək və yayımlamaq artıq bizə hörmətsizlikdir. Çünki biz o layihələr üzərində çox əziyyətlər çəkirik. Nuri də Rusiyada yaşayır, amma hansısa müğənninin mahnısını icazəsiz oxumur. Bir dəfə Doğuşun mahnısını ifa etdik, mən şəxsən Doğuşdan icazə aldım, o da məmnuniyyətlə razılıq verdi. Nuri oxudu və konsertdə də təqdim etdik. Amma bizə qarşı kimsə belə səhv edəndə, məcburuq ki, qanunla hərəkət edək".
Lamiyə Ələkbərova maddi tələblərinin olmadığını bildirərək mahnının platformadan silinməsini tələb edəcəklərini bildirib:
"Bizim heç zaman maddi bir tələbimiz və ya gözləntimiz olmayıb, ola da bilməz. Bizim mahnılarımız heç bir məbləğə satılmır. Tələbimiz mahnının silinməyi olacaq. Bundan sonra da bizə kimsə müraciət etsə, bilsin ki, heç bir puldan söhbət gedə bilməz. Amma olub ki, Türkiyədə biz hansısa serial üçün mahnı hazırlamışıq, oradan qonarar almışıq. Bu da sənədləşmə ilə olub. Biz sadəcə özümüzə və Azərbaycan mahnılarına hörmət, diqqət tələb edirik, bu qədər".
Aysel Hacızadə