Marketə gündəlik ehtiyacları almaq üçün gedən insanlar bəzən əvvəlcədən planlaşdırmadıqları məhsulları da səbətə əlavə edirlər. Evdə ehtiyac olmadığı halda alınan şirniyyat, içki, qəlyanaltı və müxtəlif məhsullar alış-verişin sonunda hesabın gözləniləndən daha yüksək olmasına səbəb ola bilər. Bəs insan marketə siyahısız gedəndə niyə daha çox məhsul almağa meyilli olur?
AZXEBER.COM xəbər verir ki, mütəxəssislərin fikrincə, plansız alış-verişin əsas səbəblərindən biri insanın marketdə qarşılaşdığı çoxsaylı seçimlər və məhsulların təqdim olunma üsuludur. İnsan əvvəlcədən nə alacağını müəyyənləşdirmədikdə qarşısına çıxan məhsulları ehtiyacdan çox həmin andakı istəyinə əsasən seçə bilər.
Psixoloqların fikrincə, insanın marketdə gördüyü məhsullar onun qərarlarına birbaşa təsir göstərə bilər. Məsələn, kassaların yaxınlığında yerləşdirilən şirniyyat, saqqız, içki və digər kiçik məhsullar əvvəlcədən alış siyahısında olmasa da, göz önündə olduğu üçün insanın diqqətini cəlb edir. Bu zaman "onsuz da bir dənə alım” düşüncəsi plansız alış-verişə səbəb ola bilər.
Digər səbəb isə endirim və xüsusi təkliflərin insanın qərarverməsinə təsir etməsidir. "2 al, 1-i hədiyyə”, "son gün”, "xüsusi qiymət” kimi ifadələr məhsulun həqiqətən ehtiyac olub-olmamasından çox, fürsəti qaçırmamaq hissini ön plana çıxara bilər. İnsan ehtiyacı olmayan məhsulu belə endirimdə olduğu üçün sərfəli alış kimi qiymətləndirə bilər.
Mütəxəssislər bildirirlər ki, marketə ac getmək də alış-veriş davranışına təsir edə bilər. İnsan ac olduğu zaman qida məhsullarına qarşı daha həssas ola və əvvəlcədən planlaşdırmadığı məhsulları almağa daha çox meyl göstərə bilər. Nəticədə səbətdə yalnız ev üçün lazım olan məhsullar deyil, həmin anda cəlbedici görünən müxtəlif qidalar da yer alır.
İqtisadçıların fikrincə, alış-veriş siyahısının hazırlanması yalnız vaxtı deyil, ailə büdcəsini də qorumağa kömək edə bilər. İnsan əvvəlcədən hansı məhsullara ehtiyacı olduğunu müəyyən etdikdə marketdə qarşısına çıxan hər təklifə reaksiya vermək ehtimalı azalır. Bu isə xüsusilə gəliri məhdud olan ailələr üçün əhəmiyyətlidir.
Fəridə Əsədzadə











































