Masallıdakı partlayışda terror izi yoxdur

Bütün Xəbərlər
08:00 12.02.2011
1901

Bir neçə gün bundan öncə Masallıda partlayış nəticəsində uçan Telekommunikasiya qovşağı ilə bağlı müəyyən müəmmalı məsələlərin olduğu bildirilir. İlkin məlumatda bildirildi ki, qovşaqda partlayış baş verib. Daha sonra isə məlumat gəldi ki, Telekommunikasiyanın binası çöküb və nəticədə uçqun yaranıb. Bəziləri iddia edirlər ki, qovşağın uçmasında terror əlamətləri hiss olunur. 

Məsələ burasındadır ki, uçan Telekommunikasiya qovşağı Azərbaycanın önəmli teleqraflarından biridir. Və bildirilir ki, həmin qovşaq Qərblə Şərqi birləşdirən xətləri özündə cəmləşdirir. Versiyalar səsləndirilir ki, qovşaqda terror partlayışını son günlər Azərbaycanın daxili məsələlərinə müdaxilələr edən İran təşkil etmiş olsun. Amma ekspert Cümşüd Nuriyev Masallı Telekommunikasiya qovşağında baş verən hadisənin terrorla əlaqəsinin olduğuna inanmır. O, "Şərq"ə açıqlamasında bildirib ki, Masallıda yerləşən rabitə qovşağı Lənkərandakından zəifdir: "Yəni Azərbaycanın Cənub bölgəsindəki ən güclü rabitə qovşağı Lənkərandakıdır. Məsələ burasındadır ki, Masallıda uçan teleqraf binası 1988-ci ildə inşa olunub. Həmin illərdə isə Azərbaycanda sovetlər birliyinə qarşı mitinqlərə start verilmişdi. O vaxt ölkəmizdə inşa olunan tikililərin əksəriyyətinin keyfiyyəti çox aşağıdır. Masallı rabitə qovşağının uçmasının da yeganə səbəbi məhz budur. Çünki partlayış baş versəydi, terror aktı həyata keçirilsəydi, ətrafdakı bütün binaların pəncərələri dağılardı, partlayış yanğınla nəticələnərdi. Amma bu bina texniki uçqundur. Təbii ki, 4 mərtəbəli binada uçqun baş verəndə, bunun ağırlığı, təsir dalğası güclü olur". C.Nuriyevin qənaətincə, binanın uçmasında terror izi axtarmaq düzgün deyil: "İranı başqa məsələlərdə ittiham etmək olar. Məsələn, İran rejimi Azərbaycanın daxili işlərinə burun soxur, müxtəlif dini ədəbiyyatları ölkəmizə yeridir, radikal dindarları hansısa yolla qıcıqlandırmaq istəyir və s. Amma İranın Azərbaycan ərazisində hansısa bir terror hadisəsini həyata keçirməsi inandırıcı deyil. Eyni zamanda bu mümkün də deyil. Çünki ölkəmizin hüquq-mühafizə orqanları bu sahəni çox ciddi şəkildə nəzarətə götürüblər. İstər MTN olsun, istərsə də DİN, DSX olsun, hər an diqqətlidirlər. Hesab edirəm ki, Masallıdakı rabitə qovşağında baş verənləri terrorla əlaqələndirmək, ölkənin hüquq-mühafizə orqanlarını gözdən salmağa hesablanıb. Bunun da arxasında başqa məsələlər dayanır. Bütün hallarda rabitə qovşağında baş verən hadisə texniki uçqundur. Yəni texniki səbəbdən bina uçub. Binanın inşası zamanı başdansovduluq edilməsi, sement vasitələrindən az istifadə olunması 20 ildən sonra binanın uçmasına gətirib çıxardı". 

Masallı Telekommunikasiya qovşağında isə hələ ki bərpa işləri gedir. Partlayış nəticəsində sıradan çıxmış elektron ATS-in fəaliyyəti yaxın 10 günə kimi tam bərpa oluna bilər. Bunu rabitə və informasiya texnologiyaları nazirinin müavini İltimas Məmmədov deyib. Onun sözlərinə görə, Masallı Telekommunikasiya qovşağının binasında baş verən partlayışın nəticələrinin aradan qaldırılması işləri davam etməkdədir. Rabitə təsərrüfatının bərpası üçün paytaxtdan və qonşu rayonlardan ən bacarıqlı mütəxəssislər bu işə cəlb olunublar. Məlum olduğu kimi, Avropadan Asiyaya gedən rabitə Masallı rayonundan keçir. Nazir müavini bildirib ki, bu istiqamətdə bərpa tədbirləri artıq başa çatdırılıb: "İndi əsas vəzifə rayon mərkəzi ilə kəndlər arasında rabitə əlaqəsini bərpa etməkdən ibarətdir". Lazım olan zəruri texniki avadanlıqların artıq rayona gətirildiyini, bir qisminin isə Türkiyədən gətiriləcəyini və bərpa-təmir briqadalarının 24 saatlıq iş rejimində çalışdığını diqqətə çatdıran İ.Məmmədov dünəndən etibarən telefon abonentlərinin nömrələrinin növbə ilə açılacağını, yaxın 10 gün ərzində isə elektron ATS-in fəaliyyətinin tam bərpa oluna biləcəyini deyib. Bununla belə, nazir müavini Masallı Telekommunikasiya qovşağında təmir-bərpa işlərinin fevralın sonunadək, hətta mart ayında da davam etdiriləcəyini istisna etməyib: "Telekommunikasiya qovşağının işinin təşkili mütəmadi gedəcək. Sadəcə, telefon rabitəsinin bərpası işi yaxın 10 gündə başa çatdırılacaq".

//Şərq qəzeti


OXŞAR XƏBƏRLƏR