Maşınla vurulan 8 yaşlı qız 1 aydır ki, komadadır: - “Beyni şişib”

SOSİAL
13:52 19.05.2016
1942
Aprelin 19-da avtomobil qəzası keçirən və həmin gündən hələ də komada olan 8 yaşlı Əsmər Haqverdiyevanın vəziyyəti ağırdır.
Bu barədə 1 saylı Şəhər Kilinik Xəstəxanasının həkimi Fazil Nağıyev məlumat verib. Həkimin sözlərinə görə, Ə.Haqverdiyevanın vəziyyəti ilə bağlı nəsə fikir bildirmək çətindir: “Beyni şişib, çölə cıxıb. Neçə gündür müalicə olunur. Çalışırıq ki, şiş yatsın, sonrakı prosesləri aparaq. Amma hələ gözlədiyimiz nəticə yoxdur”.
Əsmərin atası Nizami Qaraoğlu isə qızını bu vəziyyətə salan şəxsin hələ də azadlıqda olduğunu deyir: “Bu günlər ərzində bir dəfə də olsun etdiyi cinayətlə bağlı 8 yaşlı uşağa baş çəkməyib. Bilmir ki, uşaq ölüb ya qalıb? Bu, insanlığa sığan hərəkət deyil. Mən şikayət etmişəm. Hələ istintaq gedir, amma onun özü bir qırağa, avtomobilinə belə həbs qoyulmayıb. Əksinə, avtomobil təmir olunub, həmin cinayətin izi belə itib. Mən anlaya bilmirəm, maşın təmir olunubsa, istintaq nəyi üzə çıxaracaq? Bu boyda da qanunsuzluq olar?”
Baş Dövlət Yol Polisinin Şəmkir-Qazax magistral yolunun istintaq və təhqiqat şöbəsinin müstəntiqi Nemət Cəfərov isə baş verən hadisə ilə bağlı cinayət işinin başlandığını açıqlayıb: “Cinayət işi açılıb. İş ekspertizaya göndərilib. Bu günlərdə ekspertizanın rəyi açıqlanmalıdır. O rəy məlum olmadan biz heç nə edə bilmərik. Bütün materiallar toplanılıb, izahat da alınıb”.
Qeyd edək ki, 8 yaşlı Əsmər Haqverdiyeva aprelin 19-da avtomobil qəzası keçirib və hadisə nəticəsində ağır travma alaraq Qazax rayon xəstəxanasına yerləşdirilib. Hazırda xəstə 1 saylı Şəhər Klinik Xəstəxanasının reanimasiya şöbəsindədir.
///AzNews.az

OXŞAR XƏBƏRLƏR