Artıq 7 aydır ki, ölkə pandemiya şəraitində yaşayır və bu pandemiyanın tələb etdiyi bir çox qaydalar var ki, virusa yoluxmamaq üçün həmin şərtlərə əməl etmək çox vacibdir. Amma azyaşlı məktəblilərin bu şəraitdə təhsil almalarında narahatlıq doğuran bir çox məqamlar var.
Baku Tv mövzu barədə araşdırma apararaq maraqlı süjet hazırlayıb.
Pandemiya həyatımıza girəndən müəyyən qaydalarla yaşamağa məcbur olmuşuq. Artıq növbəti tədris ili başladığından bu qaydalara təhsil ocaqlarında da əməl etmək şərt olub. Şagird və müəllimlər məktəb binasına tələb edilən qaydalar çərçivəsində daxil ola bilərlər.
247 nömrəli məktəbin direktoru Nihal Hacıyeva deyir ki, məktəblilər üçün çətin olsa da, dərs ili başladığı gündən pandemiyanın tələb etdiyi gigyenik qaydalara əməl olunur.
Nihal Hacıyeva - Məktəbin direktoru: "İlk gün biraz çətinlik yarandı. Temperaturun ölçülməsində, əllərin spirtlənməsində çətinliklər yaşandı. Valideyn, uşaq etiraz edirdi. Daha sonra bunların təhlükəsizlik üçün olduğu izah olundu”.
Məktəbin tibb bacısının sözlərinə görə, girişdə uşaqların hərarətini ölçərkən daha çox kiçik sinif şagirdləri ilə çətinlik yaşanır. Məktəblilər isə mövcud duruma uyğunlaşmağa çalışırlar.
Muhamməd Həsənov - Şagird:"Maska taxanda nəfəs ala bilmirdim. Sonra öyrəndim ki, bizi koronavirusdan qoruyur.
Psixoloqlar bildirir ki, pandemiyanın tələb etdiyi qaydalara əməl etmək sağlamlığımız üçün böyük əhəmiyyət kəsb edir. Amma bu prosesin mənfi tərəfləri qaçılmazdır. Ən həssas yaş dövründə baş verən bu proses uşaqların psixologiyasında və şüuraltında bir çox fəsadlar törədəcək.
Hər halda pandemiya qanunları ilə istər biz böyüklər, istərsə də kiçiklər yaşamağa öyrəşməliyik. Psixoloqlar qeyd edir ki, məktəblilərin bu problemini aşmaqda valideynlərin və müəllimlərin üzərinə böyük yük düşür. Odur ki, bütün dünyada və ölkəmizdə tezliklə yenidən normal həyata və ənənəvi təhsilə qayıtmaq üçün bu sınaqdan çıxmaq çox önəmlidir.