Real" zədəli futbolçusu Kilian Mbappe nin son durumu ilə bağlı rəsmi açıqlama verib.
Klubun tibbi xidmətinin nəzarəti altında fransız mütəxəssislər tərəfindən müayinələr aparılıb. Nəticədə həkimlər futbolçunun sol dizində bağların dartılması diaqnozunu təsdiqləyib. "Kral klubu"nun məlumatına görə, hazırda tətbiq edilən konservativ müalicə üsulu məqsədəuyğun hesab olunub və oyunçunun vəziyyəti daim nəzarətdə saxlanılacaq.
Qeyd edək ki, Mbappenin dizindəki problemin müalicəsi ilə bağlı klub həkimlərinin işindən narazı qaldığı və ötən həftə xüsusi icazə ilə Parisə yollanaraq yerli mütəxəssislərlə məsləhətləşdiyi bildirilir. Məhz bu səbəbdən o, Çempionlar Liqasının pley-off mərhələsində "Benfika" ilə cavab görüşünü buraxmalı olub.
Hazırkı müalicə planı hücumçunu uzun müddətə sıradan çıxara biləcək əməliyyatdan qaçmağa yönəlib. Klub Mbappenin yaşıl meydanlara qayıtma tarixi barədə dəqiq məlumat verməsə də, bərpa prosesində müsbət dinamikanın olduğunu qeyd edib. Fransız forvardın martın 11-də Çempionlar Liqasının 1/8 finalında "Mançester Siti" ilə ilk oyuna yetişib-yetişməyəcəyi hələlik sual altındadır.
Xatırladaq ki, cari mövsümdə möhtəşəm performans sərgiləyən Mbappe "Real"ın heyətində keçirdiyi 33 matçda 38 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.