Birliyin mətbuat xidmətinin rəhbəri Vəfa Rüstəmovanın AZXEBER.COM-a verdeyi xəbərə görə, Nərgiz Cəlilova xanım gənclərə aparıcılıq sənətinin özəlliklərinə dair master-klas keçib. Cəlilova gənc jurnalistləri dinləmiş, onların nitqində olan qüsurlarla maraqlanıb. Xəbər formatında olan informasiyaların düzgün oxunması ilə bağlı gənc jurnalistlərə tapşırıqlar verib.
Əməkdar artist Azad Şükürov isə akademiyanın tələbələrinə nitq mədəniyyətinin sirlərini aşılayıb. O, düzgün nəfəs alma, səhnə danışığı haqda tələbələrə məlumat verib. Şükürov, həmçinin Azərbaycan televiziyalarında aparıcıların danışığının ideal olmadığını söyləyib. O, öz növbəsində gənclərə məsləhət görüb ki, düzgün danışığa, akustikaya yiyələndikdən sonra efirə çıxsınlar.
Hüquq elmləri namizədi, media hüququ üzrə mütəxəssis Vüsal Quliyev isə söz və mətbuat azadlığından danışıb. “KİV ya cəmiyyət: hansı öndə olmalıdır?” mövzusuna dair qızgın polemika şəklində keçən dərsdə mediada reytinq ardınca qaçmaq, əyləncəli və qalmaqal tipli xəbərlərə üstünlük verilməsi nəticəsində yaranan disbalans müzakirə obyekti olub. Bu baxımdan ortaya çıxa biləcək hüquqi nüanslar açıqlanıb.
Qeyd edək ki, Media akademiya alternativ jurnalistika – peşə kursu formatında fəaliyyət göstərir. Akademiyanın tərkibində fəaliyyət göstərən İRadioda, İRƏLİ Prodakşnda gənclər arzusunda olduqları layihələri gerçəkləşdirmək, ölkənin irəlidə gedən xəbər agentlikləri, qəzetləri, radio və televiziyalarında staj keçmək, jurnalistikanın bütün sirrlərini sektorun tanınmış simalarından öyrənmək imkanı əldə edəcəklər. Kursun məqsədi modern anlayışda, yüksək dünyagörüşlü, savadlı, qısaca professional gənc jurnalistləri yetişdirib, onların milli mətbuat məkanında layiqincə təmsil edilmələrinə nail olmaqdır.
"Media Akademiya - 2” layihəsi çərçivəsində Amerika Birləşmiş Ştatlarının nüfuzlu tədris müəssisələrinin müəllim heyəti ilə sistematik olaraq, interaktiv mühazirə və treninqlərin keçirilməsinə dair razılıq əldə olunub.