"Medianın gəlirlərində ciddi azalma müşahidə olunur" - Müşfiq Ələsgərli

"Medianın gəlirlərində ciddi azalma müşahidə olunur" - Müşfiq Ələsgərli
MEDİA
14:37 03.05.2021
757

"Hər il 3 May tarixi dünyada jurnalistlərin beynəlxalq peşə bayramı - Mətbuat Azadlığı Günü kimi qeyd olunur. Bu münasibətlə keçirilən tədbirlərdə söz və mətbuat azadlığının əsas prinsipləri, mətbuatın müstəqilliyinin təmin olunması, insan hüquq və azadlıqlarının müdafiəsində mətbuatın rolu və digər məsələlər müzakirə edilir. Ancaq təəssüflə qeyd etmək lazımdır ki, bu gün qlobal səviyyədə medianın durumu ürəkaçan səviyyədə deyil".

Bu sözləri AZXEBER.COM-a açıqlamasında Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli deyib. 

O deyib ki, medianı təhdid edən hadisələr çoxdur: "Artıq dünyanın bir sıra beynəlxalq təşkilatları, o cümlədən beynəlxalq Jurnalistlər Federasiyası, Avropa jurnalistlər federasiyası və bir sıra digər təşkilatlar qlobal səviyyədə medianı təhdid edən hadisələrlə bağlı hesabatlar yayıblar. Bu hesabatlarda medianın durumuna mənfi təsir göstərən tendensiyalar hazırlayıblar. Bu kimi hadisələr çoxdur, yəni media azadlığını, medianın durumunu, inkişafını təhdid edən hadisələr çoxdur.

Müşfiq Ələsgərlinin sözlərinə görə, koronavirus pandemiyasından qorunmaq üçün tətbiq edilən məhdudiyyətlər jurnalistlərin də işinə təsir edib: 

"Ötən ildən başlayaraq dünyada koronavirusa görə tətbiq olunan təcridetmə rejimlərini qeyd etmək lazımdır. Bu hadisələr medianın vəziyyətinə çox pis təsir göstərir. Beynəlxalq təşkilatların açıqlamasına görə, hazırda dünyada pandemiya dövründə təqribən dünyada 25 faiz media qurumu öz fəaliyyətlərini dayandırmaq məcburiyyətində qalıb. Eyni zamanda, dünyada, qlobal səviyyədə jurnalistlərin təxminən dörddə biri iş yerlərini itirirlər, işdən azad olmaqla rastlaşırlar. Medianın gəlirləri kifayət qədər azalıb. Bu ötən dövrdə pandemiya şərtləri altında daha çox müşahidə olunub. Çünki mediada reklam verən şirkətlərin əksəriyyəti pandemiya şərtləri altında öz fəaliyyətlərini məhdudlaşdırıblar və onların mediaya ötürdükləri reklamların da sayı azalıb. Buna görə də medianın gəlirlərində ciddi azalma müşahidə olunur.

Əlavə bir təsir metodu isə sosial şəbəkələrin inkişafdır. Çox təəssüflə qeyd edilir ki, sosial şəbəkələrin keyfiyyətsiz məhsulları ilə dünya informasiya məkanında çox böyük pay tuturlar. Bunun qarşılığında bizim peşəkar xəbər hazırlayan KİV qurumlarının imkanları getdikcə məhdudlaşır və bu da mediaya təsir göstərən amillərdən biridir”.


Nərmin Məmmədli,
AZXEBER.COM
OXŞAR XƏBƏRLƏR