Sədaqət Əhmədova Pənbeyi-daği-cünun içrə nihandır bədənim...
( filoloji təhsil alan tələbələr üçün )
Deyirlər, P.İ.Çaykovski dörd-beş yaşlarında ikən qulaqlarını əlləri ilə bərk-bərk sıxaraq otaqdan otağa qaçarmış. Sonralar aydın olub ki, uşaq qulaqlarına dolan aramsız musiqi səslərindən canını qurtarmağa çalışır.
M.Füzulini mütaliə edərkən mənə elə gəlir ki, böyük şairin də qulaqlarına aramsız olaraq poetik ifadələr dolurmuş və onların hamısını yazıya almağa macal tapmırmış. Füzulinin hər poetik ifadəsinin bir şeir, hər beytinin bir məhəbbət hekayəsi olduğu “məşhuri-cahandır”, qəzəllərini isə bütöv bir dastana bərabər tutmaq olar. İrfani-fəlsəfi qəzəllər (irfan -- bilik, mərifət, elm və düşüncədən hasil olan yetkinlik; ariflik anlamını ifadə edir. Bax:” Azərbaycan klassik ədəbiyyatında işlədilən ərəb və fars sözləri lüğəti”; Bakı, 1981); bəzən rəmzlərlə, bəzən açıq-aşkar sufiliyi təbliğ edən irfani qəzəllər; ictimai qəzəllər; çoxluğu təşkil edən aşiqanə-dünyəvi qəzəllər... Və irfani eşqi “təsvir” etmək üçün dünyəvi eşqin “rəng”lərindən istifadə... Bu, dünyəvi eşqin özünü daha da ucaltmırmı? Həm də o dərəcədə ki, o eşqin “ayaqları” yerdən üzülür, bəlkə buludların pak ağlığına, bəlkə səmanın saf maviliyinə qarışıb əbədiləşir...
Aristotelin faciə janrına aid etdiyi katharsis tərifini, təsir effektinə görə, ayrılıqda Füzuli qəzəllərinin hər birinə aid etmək olar. Bu qəzəllərin əksəriyyətində hər hansı bir fərd deyil, yüksək poetik duyğunun özü tərənnüm olunur. Bu tərənnüm o dərəcədə gözəl və uca hisslər aşılayır ki, qəzəllərin mətləsindən məqtəsinə gedən güclü poetik axında qayğılardan təcrid olunaraq yuyunub təmizlənmək mümkündür.
M. Füzuliyə qiymət vermək fikrindən uzağam, sadəcə olaraq, böyük ustadın “lölöi-şahvar” Sözünə öz heyrət və heyranlığımı ifadə etməyə çalışdım.
Uca duyğunun tərifini verən ən gözəl dastanlardan birini vərəqləmək istəyirəm. İmkanınız və istəyiniz varsa, birlikdə vərəqləyək, gündəlik qayğılardan yorulan ürəklərimiz gözəl duyğuların qoynunda dincəlsin.
Pənbeyi-daği-cünun içrə nihandır bədənim,
Diri olduqca libasım budur, ölsəm kəfənim.
“Çıldağ” bizə tanış anlayışdır -- bədənin müəyyən həssas nöqtələrinə ucu közərən nazik çubuq, sıxılıb dolanmış parça, yaxud pambıqla dağ basırlar. Dövrümüzdə el arasında tətbiq olunan bu müalicə üsulundan xəstəxanaların, peşəkar həkimlərin olmadığı zamanlarda daha geniş şəkildə istifadə olunmuşdur. Bu üsul yüngül formalı ruhi xəstələrə də tətbiq edilirdi. Amma... Eşq dəlisi başqa dəlilərə bənzəməz! Dağı qəlbinin içində olan xəstə çöldən basılan dağla sağalarmı? Yazıq türkəçarəçi hardan bilsin? Xəstənin sağalmadığını görüb pambıqla dönə-dönə dağ basırmış, dağ yerləri yaraya çevrilirmiş, onun da üstünə pambıq qoyurmuş. Beləcə, “xəstə”nin bədəni pambıqla örtülürmüş... Müalicə faydasız olsa da, xəstə öz halından məmnun görünür.
Yəni: Eşq xəstəsi ölənə qədər eşqindən dönən deyil.
***
Canı canan diləmiş, verməmək olmaz, ey dil,
Nə niza eyləyəlim, ol nə sənindir, nə mənim.
Sevən insanın canı sevdiyinə aiddir, əmanət sahibi öz əmanətini istəyirsə, mübahisə etmək olarmı?
Yəni: Sevən kəsin ağlı da, ürəyi də sevdiyində olar.
***
Daş dələr ahım oxu şəhdi-ləbin şövqündən,
Nola zənbur evinə bənzəsə beytül-həzənim.
Arı neştəri ilə öz evini -- şan hörür, sonra yuvasından uçub gülə qonur, həmin neştərlə güldən şirə çəkib geri qayıdır və evinin oyuqlarını, yəni şanı şirə ilə doldurur. Aşiqin ah oxunun qəm evinin daş divarlarında açdığı oyuqlar bu evi də arı şanına bənzədir, amma ah oxu daşı dələcək qədər güclü olsa da, evin oyuqlarını bal ilə doldurmaqda acizdir.
Yəni: Hər aşiq çəkdiyi əzabların müqabilində mükafatlanacağına ümid bəsləyir.
***
Tövqi-zənciri-cünun daireyi-dövlətdir,
Nə rəva kim, məni ondan çıxara zəfi-tənim.
Dəlilik zəncirinin halqası (dairəsi) eşq xəstəsi üçün dövlət sərhədidir, vətəni tərk edib qürbətə getmək xəstəyə xeyir gətirməz.
Yəni: Aşiqə eşqin əsiri olmaq xoşdur.
***
Eşq sərgəştəsiyəm, seyli-sirişk içrə yerim,
Bir hübabam ki, havadan doludur pirəhənim.
Canını eşq yolunda fəda etdiyindən, aşiqin köynəyi də su üzərindəki qabarcıqlar kimi hava ilə dolu (yəni boş) və yüngüldür. Göz yaşlarının güclü seli aşiqin içində bədən olmayan köynəyini su qabarcığı kimi qoynuna alıb aparır.
Yəni: Eşq avarasının günü göz yaşı içində əzab çəkməklə keçər.
***
Bülbüli-qəmzədəyəm, bağü baharım sənsən,
Dəhanü qəddü rüxün qönçəvü sərvü səmənim.
Dərdə düşmüş bülbülün dərmanı nə ola bilər -- bahar bağçası, gül qönçəsi, uca sərv ağacı, ətirli yasəmən çiçəyi...Dərdli bülbülə bənzəyən aşiqin arzuları da bülbülün arzularına bənzəyir: yarın qönçə ağzı, sərv qəddi, gül üzü...
Yəni: Aşiqin arzusu yarın vüsalıdır.
***
Edəməm tərk, Füzuli, səri-kuyin yarın,
Vətənimdir, vətənimdir, vətənimdir, vətənim.
4 sayı bitkinlik, bütövlənmək, tamamlanmaq fikrini ifadə edir: 4 həftə -- ay, 4 fəsil -- il (zaman tamlığı); 4 divar -- ev, 4 cəhət -- dünya (məkan tamlığı) və s. Bəzi fəlsəfi təlimlərdə ( məs. hürufilikdə) yaradılışı ifadə edən dörd ünsür (su, hava, od, torpaq) anlayışında da birləşib tamı yaratmaq fikri gizlənir. Bu beyti, yaradandan qopan zərrənin (insanın) yaradana bağlılığı və ona qovuşmaq istəyi kimi qəbul edərək, qəzəli sufi fəlsəfəsinə aid etmək olardı. Lakin üç, beş və altıncı beytlərdə tərənnüm olunan hisslər o qədər bəşəri, insanaxasdır ki, onları irfani eşqə bağlamaq günah olardı... Son beytin -- məqtənin açarı birinci beytdə -- mətlədədir: ”Diri olduqca libasım budur, ölsəm kəfənim.”
Yəni: Geniş dünyada (məkan tamlığı) həqiqi aşiqin yeganə vətəni, əbədi olaraq (zaman tamlığı), sevdiyinin ayaq basdığı yerdir, onun kandarı, astanasıdır. Bu, qəti, son, tamamlanmış fikirdir -- müzakirə edilməz və üstündən söz söylənilməz.
P.S. M.Füzuli irsi elə bir ümmandır ki, ora baş vurmağı bacaranlar hər dəfə yeni-yeni incilər tapırlar. Biz isə bir neçə dəqiqəliyə o ümmanın kənarından baxdıq.