Xəbər verdiyimiz kimi miladi təqvimlə iyulun 19-u Məhərrəm ayının ilk günüdür. İyulun 28-də isə Aşura günüdür. Təqvimə görə, Məhərrəm ayı avqustun 17-də başa çatacaq.
Hər il Məhərrəm ayının başlaması ilə Azərbaycanda ənənəvi olaraq ən aktual mövzu müzakirə edilməyə başlanılır: Bu ayda toy etmək olar yoxsa, toy etmək günahdır?
Cəmiyyətdə bu mövzu ətrafında hər zaman mübahisəli fikirlər səsləndirilib. Maraqlı olan məqam isə, son illər bu ayda şənlik edənlərin sayında ciddi artımın olmasıdır.
Mövzu ilə bağlı AZXEBER.COM-a danışan Milli Məclisin deputatı Aqil Abbas Məhərrəm ayında toy etməyin doğru olmadığını düşünür:
"Kim bu ənənəyə hörmət etmək istəmirsə, özü bilər, öz işidir. Ancaq mən 1970-ci ildən Bakı şəhərindəyəm. Məhərrəm ayında nəinki azərbaycanlılar, Bakıda yaşanan ermənilər, ruslar, yahudilər də toy etmirdi. Qeyri-millətlər belə həmin aya hörmətlə yanaşırdılar. Şənlik etmirdilər ki, qonşumuzda yasdı. Onlar belə bu adətə, Kərbəla müsibətinə hörmət ediblər”.
AZXEBER.COM-a danışan digər həmsöhbətimiz İlahiyatçı Hacı Təyyar Hüseynli bildirib ki, Azərbaycan xalqının bu aya olan münasibəti bəllidir:
"Uzun illərdir xalqımız Məhərrəm ayına xüsusi həssaslıqla yanaşıb. Əzəldən toy, şənlik etməyərək bu aya diqqət nümayiş etdiriblər. Bu dini dəyərlərə hörmətdən yanaşı, həm də ata-babalara, tarixi keçmişimizə sayğıdan qaynaqlanıb. Aparılan müzakirələrdəki toy etmək olarmı, yoxsa yox bu şəxsi yanaşma məsələsidir. Bizim millət olaraq matəm günlərimiz var. Məhz həmin gündə şənlik keçirənlər cəmiyyətdə qınaq obyektinə çevrilir. Biz necə 20 Yanvar, Xocalı faciəsini qan yaddaşımızdan silə bilərik? Məhərrəm ayında da islam peyğəmbərinin ailə üzvlərinə divan tutulub. Kərbəla hadisəsi uzun illər Azərbaycan klassiklərinin, dünya mütəfəkkirlərinin əsərlərində yer alıb”.
Hacı Təyyarın sözlərinə görə, bu ayda toy etməyi təbliğ edən şəxslərə cəmiyyət öz layiqli cavabını çoxdan verib:
"Kimlərsə, Məhərrəm ayında toy etməliyik tendensiyasını formalaşdırmağa çalışır. Qeyd etdiyim kimi, bu şəxsi yanaşma məsələsidir. Ancaq İslam üçün mənəvi sualdır ki, sən peyğəmbərin ailə üzvünə qarşı baş verən faciədən xəbərsiz idinmi? Bəzi İslam alimlərinin ümumi rəyi var ki, Aşura günü istisna olmaqla, Məhərrəm ayında şənlik etmək olar. Amma məncə, bir ay dözməklə heç kim heç nə itirmir".
Şəbnəm Zahir
Yazı Medianın İnkişafı Agentliyinin "dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi” mövzusunda dərc edilib.