Yasamal Rayon Məhkəməsində daxili işlər naziri Ramil Usubovun və fövqəladə hallar naziri Kəmaləddin Heydərovun “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahidə qarşı xüsusi ittiham qaydasında qaldırdıqları iddialar əsasında ayrı-ayrılıqda keçirilən məhkəmə prosesləri başa çatıb.
Vəkil Əlirza HəbilovunAPA-ya verdiyi məlumata görə, məhkəmə iddiaçıların iddiadan imtinası barədə olan qərarı qəbul edib. Bununla da işin məhkəmə icraatına qəbulundan imtina olunub.
Qeyd edək ki, proseslərin bu gün keçirilən birinci iclaslarında R. Usubovun və K. Heydərovun nümayəndəsi “Azadlıq” qəzetində dərc olunan təkzib yazısını nəzərə alaraq xüsusi ittiham qaydasında iddialardan geri çəkildiklərini deyiblər. Bundan sonra hakimlər qərarı elan etmək üçün müşavirəyə gediblər.
Xatırladaq ki, daxili işlər naziri Ramil Usubov və fövqəladə hallar naziri Kəmaləddin Heydərov "Azadlıq" qəzetinin baş redaktoru Qənimət Zahidə qarşı xüsusi ittiham qaydasında ayrı-ayrılıqda iddia qaldırıblar. Buna səbəb Azadlıq" qəzetində dərc olunmuş "Ramil Usubov Kəmaləddin Heydərova qəzəblənib" başlıqlı məqalə olub.
Martın 12-də isə “Azadlıq” qəzeti daxili işlər naziri Ramil Usubov və fövqəladə hallar naziri Kəmaləddin Heydərovdan üzr istəyib. “Təkzib” rubrikası altında gedən üzrxahlıqda deyilir ki, qəzetin 1 mart sayında dərc olunmuş“Ramil Usubov Kəmaləddin Heydərova qəzəblənib”yazısında qeyri-dəqiq ifadələrə yol verilib və nəticədə həqiqətə uyğun olmayan bir sıra məqamlar yer alıb: “Bunu nəzərə alaraq yazını təkzib edir, oxuculardan və adı çəkilən məmurlardan üzrxahlıq edirik”.