Məhkəməyə aparılan Bəxtiyar Hacıyevi hansı cəza gözləyir? - AÇIQLAMA

Məhkəməyə aparılan Bəxtiyar Hacıyevi hansı cəza gözləyir? - AÇIQLAMA
SOSİAL
16:41 09.12.2022
624
Xəbər verdiyimiz kimi, ictimai fəal Bəxtiyar Hacıyev saxlanılıb.

DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, vətəndaş Bəxtiyar Hacıyevin saxlanılması Bakı şəhər Baş Polis İdarəsində Cinayət Məcəlləsinin 221-ci (Xuliqanlıq) və 289-cu (Məhkəməyə hörmətsizlik etmə) maddələri ilə başlanmış cinayət işi ilə əlaqədardır. Barəsində qətimkan tədbiri seçilmək üçün o, bu gün məhkəməyə göndərilib.

Bəs bu maddələrlə Bəxtiyar Hacıyev nə qədər həbs oluna bilər?
AZXEBER.COM qanunla nəzərdə tutulan cəzanın müddəalarını təqdim edir: 

Maddə 221. Xuliqanlıq
221.1. Xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər
min manatdan üç min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

221.2. Eyni əməllər:
221.2.1. bir qrup şəxs tərəfindən və ya təkrar törədildikdə; 
221.2.2. ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərməklə törədildikdə—
iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
221.3. Bu Məcəllənin 221.1-ci və ya 221.2-ci maddələrində nəzərdə tutulmuş əməllərin silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda — 
iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Maddə 289. Məhkəməyə hörmətsizlik etmə

289.1. Məhkəmə baxışı iştirakçılarını təhqir etməklə məhkəməyə hörmətsizlik etmə — beş yüz manatdan min manatadək miqdarda cərimə və ya üç yüz iyirmi saatdan dörd yüz saatadək ictimai işlər və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

289.2. Eyni əməllər hakim barəsində törədildikdə — min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Tanınmış hüquqşünas, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Roman Qaraşov AZXEBER.COM-a açıqlamasında bildirib ki, bu, törədilmiş əməlin xarakterindən asılıdır. Konkret bu maddələrin hansı bəndləri ilə cinayət işinin açılması barədə məlumat verilmədiyindən, dəqiq nəsə demək mümkün deyil.
 
Aydın Nuri 
OXŞAR XƏBƏRLƏR