Ölkənin birinci xanımı, Heydər Əliyev Fondunun sədri, millət vəkili Mehriban Əliyevanın partiyamızın adından prezidentliyə namizədliyinin irəli sürülməsi ilə bağlı deyilənlər tamamilə uydurma və təxribatdır.
Bunu Gün.Az-a açıqlamasında Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) sədri Fatma Əliyeva deyib.Partiya sədrinin qeyd etdiyinə görə, bu məsələni ortaya atanlar DADP ilə əlaqəsi olmayan bəzi təxribatçı şəxslərdir.F.Əliyeva bildirib ki, o ötən ilin oktyabr ayının 13-də DADP-ın 4-cü qurultayında sözügedən qurumun yeni rəhbəri seçilib və bundan sonra partiyada ciddi təmizləmə işlərinə başlanılıb:“İndi Mehriban Əliyevanın namizədliyinin DADP tərəfindən irəli sürülməsi ilə bağlı məsələni gündəmə gətirən Sevda Qələndərova adlı birisinin təşkilatımıza heç bir aidiyyəti yoxdur. Bu xanım Azərbaycan vətəndaşı deyil, xarici ölkə - Gürcüstan vətəndaşıdır. Mən partiyaya sədr seçilərkən bu xanım sanki DADP-da hegemonluq edirdi. Həmin vaxta qədər partiyanın icra aparatının rəhbəri idi və heç kəslə hesablaşmaq istəmirdi.Mən sədr seçiləndən sonra onu yanıma çağırdım və rəsmi şəkildə ona bildirdim ki, partiyadakı hegemonluğuna, təxribatlarına son qoysun.Eyni zamanda bildirdim ki, o xarici ölkə vətəndaşı olduğu üçün Azərbaycan Konstitusiyasına və qanunlarına əsasən hər hansı bir siyasi təşkilatın üzvü və ya rəhbərliyində təmsil oluna bilməz. O isə mənim bu xəbərdarlıq xarakterli fikirlərimi çox böyük aqressiya ilə qarşıladı. Mən də öz növbəmdə partiyadan çıxıb getməsi üçün ona 2 ay vaxt verdim”.F.Əliyevanın sözlərinə əsasən, ancaq bundan sonra da Gürcüstan vətəndaşı olan həmən xanım partiyamız adından sui-istifadə edir, Gürcüstandan, şübhəli dairələrdən əldə etdiyi maliyyə vəsaitləri hesabına təxribatçılıq əməlləri ilə məşğul olurdu.“Partiyamıza qarşı təxribatlarını davam etdirməkdə olan S.Qələndərovanı DADP-dan rəsmən uzaqlaşdırdıq”.Partiya sədrinin sözlərinə əsasən, həmin şəxs xarici ölkə vətəndaşı olduğu üçün ona 3 illik deport qoyuldu.“Ancaq yenə də çox təəssüflər olsun ki, o, müxtəlif insanların köməyi ilə 3 dəfə familiyasını dəyişərək Azərbaycana gəlib getməkdə və təxribat əməllərini davam etdirməkdədir.Bununla belə xatırladım ki, S.Qələndərovanın və onun kimi 1-2 təxribatçının iştirakı, həmçinin R.Mirzəyevin dəstəyi ilə bu ilin mart ayının 4-də onların DADP adından qurultayı keçirilib və həmin “qurultay”da bu şəxs “sədr” seçilib.Ancaq bir daha qeyd edirəm ki, nə onun, nə də namizədlik məsələsini ortaya atanların heç birinin partiyamıza aidiyyəti yoxdur və nəhayət bunların təxribatçı əməllərinə son qoymağın vaxtıdır”.F.Əliyeva vurğulayıb ki, bizim ölkənin birinci xanımı Mehriban Əliyevaya çox böyük hörmət və ehtiramımız var. Onun Azərbaycan naminə gördüyü bütün işləri təqdir və müdafiə edirik.Həmçinin onu Azərbaycan qadınlarının lideri hesab edirik. Ancaq DADP-ın rəsmi şəxsi kimi bəyan edirəm ki, partiyamız tərəfindən onun prezidentliyə namizədliyinin irəli sürülməsi ilə bağlı deyilənlər tam cəfəngiyat və təxribatdır.Biz partiyamızın sonuncu qurultayında da, eyni zamanda qurultaydan sonra mətbuata verdiyimiz açıqlamalarda da dövlət başçısı möhtərəm İlham Əliyev cənablarının partiyamız adından prezidentliyə namizədliyinin irəli sürüldüyünü və dəstəkləndiyini bəyan etmişik.Biz DADP olaraq bir daha həmin mövqeyimizin üzərində qalırıq və İlham Əliyevin növbəti dəfə Azərbaycan prezidenti seçilməsi üçün əlimizdən gələni etməyə hazır olduğumuzu, olacağımızı rəsmən bəyan edirik.Bu bizim rəsmi mövqeyimizdir. Digərlərinin isə partiyamızın adından danışmağa heç bir haqqı yoxdur. Son bir neçə ay ərzində 3 dəfə soyadını dəyişən Qələndərova və onun kimilərin təxribatçı əməlləri baş tuta bilməz və bilməyəcək”.