Azərbaycanın Meksikadakı səfiri İlqar Muxtarov bu ölkə Senatının Asiya-Sakit Okean ölkələri üzrə komissiyasının sədri, senator Teofilo Torres Korzo (Teofilo Torres Corzo) ilə görüşüb.
AZXEBER.COM-a səfirlikdən bildiriblər ki, görüşdə Azərbaycanla Meksika arasında parlament diplomatiyasının əhəmiyyəti vurğulanaraq ikitərəfli siyasi, iqtisadi, mədəniyyət və digər sahələrdə əməkdaşlıq məsələləri müzakirə olunub.Tərəflər iki ölkə arasında enerji sahəsində əməkdaşlığın potensialına inam ifadə ediblər. Azərbaycanın bu sahədə zəngin təcrübəsinin Meksika üçün nümunə ola biləcəyi vurğulanıb.Tərəflər tezliklə Meksikanın Azərbaycanda diplomatik nümayəndəliyinin açılmasının vacibliyini vurğulayaraq iki ölkə arasında qarşılıqlı səfərlərin təşkilinin Azərbaycan-Meksika münasibətlərinin gələcək inkişafına töhfə verəcəyinə əminlik ifadə ediblər.