Meksikada narkotacirlərlə təhlükəsizlik qüvvələri arasında insident baş verib.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Meksikanın Nuevo Laredo şəhərində narkotacir ilə təhlükəsizlik qüvvələri arasında baş verən terror səbəbindən şəhərdə təhsil dayandırılıb, ictimai nəqliyyat xidməti məhdudlaşdırılıb.
Belə ki, səhər saatlarında narkotacirlər ilə təhlükəsizlik qüvvələri arasında qarşıdurma baş verib. ABŞ-ın Texas ştatının sərhəddində yerləşən şəhərdə narkobaronlar bir çox avtomobili yandıraraq, yolları hərəkətə bağlayıb.
Şəhərin bir çox yerində baş verən qarşıdurmalar insanlarda panika yaratsa da, yerli hökumət təhlükəsizlik səbəbilə məktəblərin bağlandığını və ictimai nəqliyyat xidmətinin dayandırıldığını açıqlayıb.
ABŞ-ın şəhərdəki konsulluğu isə təhlükəsizlik problemi səbəbilə bütün xidmətlərin dayandırıldığını və görüşlərin ləğv edildiyini açıqlayıb və işçilərini təhlükəsiz yerə sığınmağa çağırıb.
Meksika prezidenti Andres Manuel Lopez Obrador verdiyi açıqlamada hücumların şəhərdə fəaliyyət göstərən bir narkotacir liderinin həbsi səbəbindən baş verdiyini və ələ keçirilən liderin Nuevo Laredo şəhərində baş verən bir çox zorakılıq hadisələrinə görə məsuliyyət daşıdığını bildirib.
Səlahiyyətlilər bildiriblər ki, 2 saatdan çox davam edən qarşıdurmalardan sonra Meksika ordusunun dəstəyi ilə Nuevo Laredo şəhərində təhlükəsizlik bərpa edilib. Qarşıdurmalarda ölən və ya yaralanan olub-olmadığı ilə bağlı rəsmi açıqlama verilməsə də, "Komandante Neqrolo” kimi tanınan narkotacirin paytaxt Mexikoya aparıldığı bildirilib.
Mikayıl