Sentyabrın 30-da Abşeron rayonu, Xırdalan şəhərindəki 2 saylı orta məktəbdə şagird özünü məktəbin ikinci mərtəbəsindən atıb.
Bu barədə kütləvi informasiya vasitələrində bildirilib. Qeyd olunub ki, intihara cəhd edən 5-ci sinif şagirdi olub. Xəbərə görə, həmin uşaq 2 aldığı üçün özünü öldürmək istəyib. Hadisənin videogörüntüsü yayılıb.
Məsələ ilə əlaqədar Təhsil Nazirliyinin mətbuat xidməti Admiral.az-a açıqlama verib. Qeyd olunur ki, sentyabrın 30-da yıxılaraq ayağından zədə alan Xırdalan şəhər 2 nömrəli tam orta məktəbin şagirdi Zahid Nuriyevdir.
Hadisənin səbəblərinə gəlincə, bildirilir ki, Z.Nuriyev məktəbdə futbol meydançasında oynayarkən yıxılıb və ayağından xəsarət alıb.
"Z.Nuriyev həkim müayinəsindən keçib və sağlamlığı üçün təhlükə yoxdur. Bu gündən şagirdin dərslərinə davam etdirəcəyi bildirilir.
Məsələ ilə əlaqədar məktəblə əlaqə saxladıq. Məktəbin təşkilatçılıq üzrə direktor müavini Gülnarə Mehdiyeva Admiral.az-a bildirdi ki, onların çalışdığı təhsil müəssisəsində elə bir hadisə olmayıb və yayılan məlumatlar həqiqəti əks etdirmir.
"Ümumiyyətlə bizim məktəbdə şagird yıxılmayıb. Elə bir şey yoxdur. Bu barədə deyilənlər yalandır. Hadisə olsaydı bizim məlumatımız olardı".