"Hesab edirəm ki, 8-15 fevral tarixlərindən etibarən orta ümumtəhsil, ali məktəblər və bağçalarda əyani təhsilin qismən bərpa olunmasından sonra tədrisdə yenidən qapanma olmamalıdır".
Bu sözləri AZXEBER.COM-a açıqlamasında təhsil eksperti Kamran Əsədov deyib.
Onun sözlərinə görə, onlayn dərslər keyfiyyətli deyil: "Çünki hər kəs onlayn dərslərə qoşula bilmir. Digər tərəfdən də bunun iqtisadi zərərləri var. Həm də bu yoluxma hallarını yalnız təxirə salır. Amma məktəblər, universitetlər və bağçalar açıq olanda yoluxmuş şəxslər müəyyən olunaraq təcrid olunur”.
Kamran Əsədov tədrisin bərpasından sonra ictimai nəqliyyatda da ciddi sıxlığın yaranacağını vurğulayıb: "Təkcə Bakıda 600 mindən çox insan təhsil müəssisələrinə gedib-gələcək. Məktəb və universitetlər açılırsa, metro mütləq şəkildə açılmalıdır. Həmçinin bütün ictimai iaşə yerlərində, təhsil müəssisələrində uzaqdan istiliyi müəyyən edən cizahlar quraşdırılmalıdır”.
Ekspert qeyd edib ki, tədrisin bərpasından sonra yoluxmalardan narahat olmaq lazım deyil: "Əksinə bu yolla koronavirusa yoluxmuş şəxsləri müəyyənləşdirib cəmiyyətdən təcrid etmək olar”.
Sevinc Yasinqızı