11-ci sinif şagirdi məktəb yataqxanası və yeməkxanasının 58 yaşlı nəzarətçisinin boğazını kəsərək qətlə yetirib.
Dəhşətli hadisə Türkiyənin Bursa şəhərində baş verib. Türkiyənin "Hürriyet" qəzetinin xəbərində 17 yaşlı məktəbli M.K.-nın məktəbin yataqxanası və yeməkxanasına nəzarət edən İbrahim Yeğenin boğazını bıçaqla kəsərək öldürdüyü qeyd olunur. Yeğeni məktəbin yataqxanasındakı geyim otağında öldürən M.K. daha sonra könüllü olaraq yaxınlıqdakı polis bölməsinə gedərək təslim olub.
Hadisə yerinə gedən polis İbrahim Yeğenin cəsədini yataqxanada aşkarlayıb. M.K. polisə verdiyi ilkin izahatda bildirib: "Onunla birlikdə yemək yeyirdik. Birdən mən yeməyimi qurtarmamış qabımdakı yeməyi zibil qutusuna tökdü. "Niyə etdin?" deyə sual verdim. O isə mənə "Sənə nə var?" deyərək cavab verdi. Mən də onu bıçaqlayaraq öldürdüm. Sonra könüllü olaraq təslim oldum".
Məktəb rəhbərliyindən verilən açıqlamada isə cinayətdə təqsirləndirilən M.K.-nın həddindən artıq intizamlı və savadlı şagird olduğu bildirilib. Məktəb rəhbərliyinə daxil olan şəxlər M.K.-nın izahatına inanmadıqlarını, onun hadisənin şokunda olduğuna görə bu cür ifadə verdiyini düşündüklərini açıqlayıb.
Faktla bağlı araşdırma aparılır. //Teleqraf.com