Məktəbdə əlavə xərc yaradan tələb: Müəllim iş dəftəri aldırmalıdır?

Məktəbdə əlavə xərc yaradan tələb: Müəllim iş dəftəri aldırmalıdır?
SOSİAL
15:17 20.08.2026
165
Məktəblərdə şagirdlərdən müxtəlif fənlər üzrə tələb olunan iş dəftərlərinin sayı valideynlər üçün əlavə xərc yaradan məsələlərdən birinə çevrilib.

Redaksiyamıza müraciət edən valideynlər bildirirlər ki, ayrı-ayrı fənlər üzrə şagirdlərdən iki iş dəftəri tələb olunur. Onlardan biri dərsliklə birlikdə nəzərdə tutulan iş dəftəri olduğu halda, digəri müəllimin təşəbbüsü ilə müəyyən edilən əlavə iş dəftəridir.

Valideynlərin sözlərinə görə, əlavə dəftərlərin alınması ailələrin məktəb xərclərini artırmaqla yanaşı, şagirdlərin üzərinə əlavə tapşırıqlar və dərs yükü də gətirir.

Maraqlıdır, müəllimlərin şagirdlərdən əlavə iş dəftəri tələb etməsi nə dərəcədə əsaslıdır və belə vəsaitlərin məcburi şəkildə alınması düzgündürmü?

Məsələ ilə bağlı AZXEBER.COM-a danışan təhsil eksperti Əmrah Həsənli bildirib ki, burada əsas məsələ iş dəftərinin sayından çox, onun hansı əsasla tələb edilməsidir:

"Son dövrlərdə bəzi müəllimlərin özlərinin müəllifi olduğu və ya müəyyən nəşriyyatlarla əməkdaşlıq çərçivəsində hazırlanan iş dəftərlərini şagirdlərə məcburi şəkildə aldırması ilə bağlı narazılıqlar eşidirik. Əgər müəllim özünün hazırladığı vəsaiti əlavə resurs kimi tövsiyə edirsə, buna müəyyən qədər normal yanaşmaq olar. Amma bu vəsaitin "mütləq alınmalıdır” formasında təqdim edilməsi artıq başqa məsələdir".

Ekspert qeyd edib ki, bir neçə fənn üzrə əlavə vəsaitlərin tələb olunması ilin sonunda valideynlər üçün ciddi maliyyə yükü yarada bilər:

"Bir fənn üzrə əlavə dəftər, digər fənn üzrə başqa vəsait, daha sonra test kitabı və s. tələb olunduqda, bütün bunlar ilin sonunda valideyn üçün kifayət qədər ciddi maliyyə yükünə çevrilir. Təhsil isə ailənin maddi imkanından asılı vəziyyətə salınmamalıdır".

Ə.Həsənli əlavə edib ki, müəllimin hazırladığı vəsaiti şagirdlərə məcburi şəkildə aldırması düzgün yanaşma deyil:

"Müəllimin müəllif olması ona öz vəsaitini şagirdə məcburi şəkildə satdırmaq hüququ verməməlidir. Burada müəllimin pedaqoji fəaliyyəti ilə kommersiya maraqları arasında sərhəd çox aydın qorunmalıdır. Əlavə vəsait həqiqətən faydalıdırsa, şagird və valideynə seçim imkanı verilməlidir. Təhsil keyfiyyəti "bu dəftəri almasan, dərsdə geri qalacaqsan” prinsipi ilə yox, müəllimin peşəkarlığı və düzgün tədris metodikası ilə təmin olunmalıdır".

Fəridə Əsədzadə
OXŞAR XƏBƏRLƏR