"Məktəblərdə şagirdlərin saç düzümü, geyimi diqqətdə saxlanılmalıdır" - Deputat danışdı

"Məktəblərdə şagirdlərin saç düzümü, geyimi diqqətdə saxlanılmalıdır" - Deputat danışdı
SOSİAL
13:28 23.05.2025
347
"Mən son günlər cəmiyyəti sarsıdan, böyük gərginliyə səbəb olan bir məsələyə diqqət yönəltmək istəyirəm – Gəncədə qətlə yetirilən 17 yaşlı məktəbli Elgün İbrahimovun faciəsinə. Xatırlayırsınızsa, 2022-ci ilin noyabrında da 'Şağan Olimpiya Kompleksi'ndə Turan Rüstəmov adlı 16 yaşlı bir gənc öldürülmüşdü".

AZXEBER.COM xəbər verir ki, bu fikirləri deputat Elnurə Akimova Milli Məclisin bugünkü plenar iclasında deyib.

"Hər dəfə belə qətllər böyük müzakirə dalğasına səbəb olur, səbəblər üzərində düşünməyə başlayırıq, çünki doğrudan da böyük bir mənəvi zərbə alırıq. Bu ağrını hamımız canımızda hiss edirik. Bu təbii prosesdir. Ernest Heminqueyin "Əcəl zəngi” əsərinin epiqrafında XVII əsr ingilis şairi Con Donun belə bir fikri yer alıb: 'Hər insanın ölümü mənim ömrümü gödəldir, çünki mən bəşəriyyətin ayrılmaz bir parçasıyam və elə ona görə də kilsə zənginin harayını eşidəndə heç vaxt soruşma ki, kimdir dünyadan köçən; sənsən dünyadan köçən'!

Niyə belə olur? Gələcəkdə bu qəbildən olan faciələrin qarşısını almaq üçün nə etməliyik? Burada nə etsək də, bütün problemlərimizin kökü ilk növbədə təhsilə dayanır. Düşünürəm ki, məktəblərdə psixologiya fənninin tədrisi dərinləşdirilməlidir. Psixoloqların məktəblərə cəlb olunması və onlara ayrılmış zaman çərçivəsində şagirdlərlə psixoloji təlimlərin keçirilməsi vacibdir. Əsl psixologiya peşəsinə sahib olan mütəxəssislər bu işə cəlb edilməlidir. Kimya, fizika, texnologiya və ya biologiya müəllimi psixologiya dərsini keçməməlidir. Əks halda, bu heç bir nəticə verməyəcək.

Unutmayaq ki, bu günün məktəblisi təkcə riyaziyyat testini yox, eyni zamanda boşanmış ailə mühitini, depressiyanı, zorakılığı, özünü ifadə edə bilməmək ağrısını, ailə gözləntilərini, kiberzorakılığı və özgüvən çatışmazlığını da daşıyır. Bu məsələdə peşəkarlar iştirak etməlidir ki, bu yükü daşımağa həm səlahiyyətləri, həm də gücləri çatsın.
 

Bu gün məktəblərimizdə mütaliəsiz bir nəsil yetişir. Dil çevrəsi zəif, xəyal dünyası daralmış, beyinləri kilidlənmiş, ədəbiyyatdan uzaq düşən bir nəsil formalaşır və bu ciddi problemdir. Mən dəfələrlə vurğulamışam ki, dərsliklərdə və tədrisdə ədəbiyyata xüsusi diqqət yetirilməlidir. Ədəbiyyat mənəviyyata toxunan və ona xidmət edən bir sahədir. Amma dərs yükünün ağırlığı uşaqlara mütaliə üçün imkan verir mi?

Heç təsadüfi deyil ki, Prezident İlham Əliyev bu ayın 10-da Ağdamda 'Kəngərli' sakinləri ilə görüşdə qalibiyyətimizin əsas səbəbi kimi mənəviyyatımızı, ədəbiyyatımızı, mədəniyyətimizi, ailəni və məktəbi göstərdi. Biz bu təməl dəyərləri qorumağa çalışmalıyıq. Prezident 'Qarabağ'da sıfırdan necə böyük işlər görürsə, biz də təhsil və mənəviyyat sahəsində boşluqlara diqqət yetirməliyik.

Məktəblərdə şagirdlərin saç düzümü, geyimi kimi məsələlər də diqqətdə saxlanılmalıdır. Məktəb yalnız sertifikasiya imtahanlarına hazırlıq yeri deyil. O, əxlaqı, dünyagörüşü və yüksək mənəviyyatı formalaşdıran bir ocaqdır. Bu səbəbdən də məsələyə həssas yanaşmalı, gecikməməliyik.

Biz bu yolla uşaqlarımızı böyük bəla olan narkomaniyadan da uzaq tuta bilərik. Psixoloji durumu zəif olan yeniyetməni narkotikə öyrəşdirmək daha asandır. Bu mənada psixoloqların üzərinə böyük iş düşür.

Bu məsələ inzibati deyil, strateji bir məsələdir. 'Təhsil Nazirliyi' və dövlət bu sahəyə uşaq hüquqları və cəmiyyətin gələcəyi prizmasından yanaşmalıdır. Elə mövzular var ki, onlar müvəqqəti gündəmdə qalır. Amma maarifçilik daim prioritet olmalıdır. XX əsrin əvvəllərində Ömər Faiq Nemanzadə demişdi: "Işığımız sönməyəcək". Biz də bu işığı qorumağa çalışmalıyıq ki, gələcək faciələrin və gənclərin ölümlərinin qarşısını ala bilək", deyə Elnurə Akimova bildirib.
OXŞAR XƏBƏRLƏR