Məktəblərdə “TikTok” qadağası nəyi dəyişəcək? - Ekspertdən açıqlama

Məktəblərdə “TikTok” qadağası nəyi dəyişəcək? - Ekspertdən açıqlama
SOSİAL
16:17 22.10.2026
142
Xəbər verdiyimiz kimi, Azərbaycanda məktəblərdə şagirdlərin internetdən təhlükəsiz istifadəsini təmin etmək və onları zərərli informasiyaların təsirindən qorumaq məqsədilə bir sıra məhdudiyyətlər tətbiq olunub. Bu çərçivədə təhsil müəssisələrində populyar sosial şəbəkələrdən biri olan "TikTok” platformasına giriş məhdudlaşdırılıb. Eyni zamanda, uşaqların psixoloji inkişafına və davranışlarına mənfi təsir göstərə biləcək, cinayətkarlıq, narkotik vasitələr və zorakılıqla bağlı məzmunları əhatə edən 200-dən çox zərərli görüntüyə çıxışın qarşısı alınıb.

Bəs bu qaydadan sonra biz hansı dəyişiklikləri görəcəyik? Bunun təhsil sisteminə müsbət təsirləri nələrdir?

"Təhsil eksperti Məzahir Məmmədli AZXEBER.COM-a açıqlamasında bildirib ki, məktəblərdə "TikTok” platformasına girişin məhdudlaşdırılması müsbət addım olsa da, bu cür qərarların tam şəkildə icrasına nail olmaq kifayət qədər çətindir:

"Çünki şagirdlər smartfon, planşet və digər texnoloji vasitələrdən istifadə etməklə həmin platformalara yenidən daxil ola bilirlər. Bu səbəbdən məsələyə daha sistemli və kompleks yanaşılması vacibdir. Bildiyimiz kimi, "TikTok” platformasında Azərbaycan cəmiyyətinin mənəvi dəyərlərinə, elmi və maarifləndirici prinsiplərə uyğun gəlməyən, bayağı məzmunlara da geniş yer verilir. Hesab edirəm ki, uşaqların bu cür informasiyaların mənfi təsirindən qorunması üçün daha ciddi tədbirlərin görülməsinə və müvafiq səviyyədə qərarların qəbuluna ehtiyac var”.

Ekspert qeyd edib ki, Elm və Təhsil Nazirliyi öz səlahiyyətləri daxilində müəyyən məhdudiyyətlər tətbiq etsə də, problemin həlli yalnız məktəb mühiti ilə məhdudlaşmamalıdır:

"Unutmaq olmaz ki, şagirdlər məktəbdən kənarda da bu platformalardan sərbəst istifadə etmək imkanına malikdirlər. Ona görə də sosial şəbəkələrdən istifadə zamanı yaş məhdudiyyətlərinin tətbiqi və həmin qaydalara ciddi nəzarət edilməsi mühüm əhəmiyyət daşıyır. Hazırda uşaqların "TikTok” platformasında qeydiyyatdan keçməsi və müxtəlif məzmunlara çıxış əldə etməsi kifayət qədər asandır. Bu əlçatanlıq isə onların sosial şəbəkələrə marağını daha da artırır. Digər tərəfdən, dərs prosesində belə platformalardan istifadə həm müəllimlərin, həm də şagirdlərin davranış qaydalarının pozulmasına, məktəb mühitinə uyğun olmayan halların yaranmasına səbəb ola bilər. Bu baxımdan, məsələnin həlli yalnız Elm və Təhsil Nazirliyinin üzərinə düşməməlidir. Problemin daha geniş müstəvidə müzakirə olunması, aidiyyəti qurumların birgə iştirakı ilə daha təsirli qərarların qəbul edilməsi zəruridir”.

Şahanə Ziyad
OXŞAR XƏBƏRLƏR