“Məktəblini digər insanlardan seçmək mümkünsüzdür” - Tənzilə Rüstəmxanlı

“Məktəblini digər insanlardan seçmək mümkünsüzdür” - Tənzilə Rüstəmxanlı
15:26 19.02.2026
493
Son vaxtlar məktəblərdə şagirdlərin xarici görünüşü ilə bağlı məsələlər yenidən müzakirə mövzusuna çevrilib. Xüsusilə bəzi məktəbli qızların dərsə makyajla gəlməsi, süni dırnaqdan istifadə etməsi və məktəbli formasına uyğun olmayan görünüş seçməsi cəmiyyət tərəfindən birmənalı qarşılanmır. Bu vəziyyət sosial şəbəkələrdə və ictimai müzakirələrdə geniş müzakirə olunur, valideynlər və müəllimlər isə məktəblərdə müəyyən edilmiş forma və davranış qaydalarına əməl olunmasının vacibliyini vurğulayırlar. 

Mövzu təhsil mühitində nizam-intizamın qorunması və məktəbli etikasına riayət olunması baxımından aktuallığını qoruyur. 

Milli Məclisin deputatı Tənzilə Rüstəmxanlı AZXEBER.COM-a açıqlamasında deyib ki, şagirdin məktəb forması olmalıdır:

"Şagirdin məktəb forması olmalıdır. Həddi-buluğa çatmayan qız uşaqlarının bərli-bəzəkli geyimlə məktəbə gəlməsi düzgün deyil. Şagirdlər Avropa məktəblərində olan nümunələri təkrarlayırlar. Halbuki Azərbaycan dövlətinin özünəməxsus təhsil sistemi mövcud idi. 

Mənim zamanımda olan təhsil sisteminin davam etməsini istərdim. Həmin dövrdə ciddi təhsil sistemi və normal geyim forması mövcud idi”.

Deputat deyib ki, məktəblini adi insanlardan seçmək olmur: 

"Məktəblini digər insanlardan seçmək mümkünsüzdür. Hər şeyi valideyn və uşaqların öz imkanına buraxdıq. Məktəblərdə baş verən bütün proseslərin kökündə bu cür hadisələr dayanır. Əgər nəticə müsbət olsaydı, bunun önünü açardıq, amma proses pisə doğru gedir”.

Parlamentari qeyd edib ki, məktəblərdə telefon qadağan olunmalıdır:

"Məktəblərə şagirdlərin telefonla gəlməsinə qarşıyam. Sinifə girmədən öncə uşaqların telefonları əllərindən alınmalıdır. Məktəblərdə çəkilən videolar biabırçılıqlarla doludur. Avropa sistemindən alınan azadlıqlar və nümunələr nəticəsində öz adət-ənənələrimizi itirdik”.

T.Rüstəmxanlı vurğulayıb ki, əsas yük valideynlərin və təhsil ocaqlarının üzərinə düşür:

"Hər bir təhsil müəssisəsi bu məsələlərə ciddi nəzarət etməli, ailələr də diqqətli olmalıdır. Təhsili yüksək, amma mənəvi dəyəri olmayan şagirdin təhsili cəmiyyət üçün heç bir fayda vermir”.

Deputat bildirib ki, müəllimlərə qarşı hörmət azalıb:

"Müəllimlər də geyimlərinə diqqət yetirməlidirlər. Lakin hazırda müəllimlərimizin dəyəri və hörməti azaldılıb. Uşaqların hüquqlarının qorunması vacibdir, amma təhsil müəssisələrinin özünəməxsus qayda-qanunları olmalıdır. Bu qaydalar olmadıqca, belə hallar davamlı olaraq baş verəcək”.

Şahanə Ziyad
OXŞAR XƏBƏRLƏR