Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi tərəfindən elan edilən "Təhsildə könüllü fəaliyyətin təşkili qrant müsabiqəsi”nin qalibi Gəncliyin Sosial İqtisadi İnkişafına Yardım İctimai Birliyinin "Məktəblinin Psixoloqu” layihəsinə start verilib.
Layihənin məqsədi, müxtəlif aqressiya yaradıcı amillər səbəbindən yaranan, stress yaradıcı və son nəticədə builinqlə nəticələnən şagirdlər arasındakı problemləri aradan qaldırmaq, yeniyetmələrlə paralel onların məktəb və ailə sferasında sağlam psixoloji mühitin formalaşdırılması, məktəb psixoloqlarına dəstək üçün könüllü psixoloqların yetişdirilməsi, həmçinin tərəflərin xidmətə əlçatanlığını təmin etmək üçün veb-saytın yaradılmasıdır.
Layihə çərçivəsində psixologiya təhsil alan III və IV kurs tələbələri seçilərək onlar üçün xüsusi təlimlər və mentorluq proqramı baş tutacaq. Proqramı başa vurduqdan sonra yetişdirilən məktəblinin psixoloqları və layihə çərçivəsində fəaliyyət göstərən peşəkar psixoloqlar tərəfindən Bakı şəhərində yerləşən 2 pilot məktəbdə təhsil alan 100 nəfər şagird psixoloji diaqnostik testdən keçirəcəklər. Layihənin benefisiarları məktəblərin sonuncu siniflərində (10,11-ci siniflər) təhsil alan yeniyetmələr və onların valideynləri, könüllü psixoloqlar, məktəb psixoloqlarıdır.
Layihə sonunda könüllü gənc psixoloqlar, məktəb rəhbərliyi, məktəb psixoloqlarının üçlü əməkdaşlığı nəticəsində
yeniyetmələrdə hərtərəfli psixoloji sağlam mühitin yaradılmasına nail olunacaqdır.
Qeyd edək ki, layihə yanvar – may aylarını əhatə edir.










































