Mən bacımı sevirəm

Mən bacımı sevirəm
KÖŞƏ
01:03 11.04.2014
18399
Orxan İsmayılHərdən fikirlərin dağınıq olanda onları sazlamaq üçün xəyallar qurmağa çalış. 
Məsələn, təsəvvür et ki, okeanın ortasında taxta bir salda tənha uzanmısan. Avar çəkməyə də ehtiyac yoxdur. Sənə isə yaxında torpağın olmasına işarə edən nəsə lazımdır. Aşağıdan uçuşan quşlar, yaxud uzaqdan nazik sap kimi görünən tüstü. Əslində ən böyük məntiqsizlik o salın okeanın ortasına necə düşməyindədir. Belə paradoksal situasiyalar düşündükdə, detallara varmamaq da olar. 
Nəticə isə həmişə eyni olacaq. Sən fikirləşməyi bacarırsan. İçindəki xəyali “sən”i müxtəlif qəziyyələrdə sınamağa çalışırsan. Burda sənin sağ qalmaq şansın özündən asılıdır. Mənim ən yaxın dostlarım kitablardır. Pis vəziyyətə düşəndə mənə gülməyən, sözümü heç vaxt kəsməyən, yeganə tələbi “oxu məni” olan kitablar. Ancaq onları da danlamağım gəlir. 
İstəyirəm oxunmamaqlarının səbəblərini onların özləri ilə əsaslandırım. “Sən çox mürəkkəbsən”, yaxud “qiymətin bahadır”. Bunlar da işə yaramasa, “üz qabığın səni oxumaq istəyimlə tarazlaşmır” deyə bilərəm. Onsuzda onlar mənlə razılaşmağa məhkumdurlar. Məni inandırmaq üçün yeganə çıxış yolları mənim özüməm. Daha doğrusu, mənim nə vaxtsa onlara yarana biləcək simpatiyam. 
Kitabları gözəl, təravətli qızlara bənzədirəm. Onlara sevgim sonsuzlaşır və formasını dəyişir. Artıq mən bəlkə də dəli oluram. Kitabla evlənmək istəyi keçir ağlımdan. Onun ehtirası məni alovlandırır. Hər sətrində belə, erotik həzz axtarıram. Daha çox oxuduqca bu sevgi müqəddəsləşir. İndi isə onunla “eşqbazlığa” özümü layiq bilmədiyimi anlayıram. Ən yaxşısı, kitablar mənim bacılarım olsun. Mən bacılarımı sevirəm. Gözüm onların üstündədir. Onları qorumaq həyat amalıma çevrilibdir. Onlar da mənə qardaş gözü ilə baxırlar. Özlərindən həm yaşca, həmdə ağılca çox kiçik qardaş. 
Biz birlikdə yaşlanıb, birlikdə öləcəyik. Bir qəbirdə çürüyüb, torpağa qarışacağıq.
OXŞAR XƏBƏRLƏR