Mən belə sevginin...

Mən belə sevginin...
KÖŞƏ
13:55 14.02.2016
4450
Sevgililər Günündə sevdiyi oğlandan “Mazerati” istəyən qız gördüm bayaq. Jurnalistlərimiz sorğu keçirmişdi, dünya şirini bir qıza mikrofon uzatmışdılar. “Bayramda sevgilindən nə hədiyyə gözləyirsən”, - deyə soruşmuşdular, üzündə laubali bir təbəssümlə dünyanın ən bahalı maşınlarından birinin adını demişdi. Gülmüş, demiş, sonra yenə gülmüşdü...
O qız o sorğuda o sözü deməsəydi, mən bu yazını yazmayacaqdım. Tutqun bir bazar gününün monotonluğu içində yır-yığışa, biş-düşə, qayğılara dalacaqdım. Süpürəcəkdim evi-eşiyi, siləcəkdim pəncərələri, ütü masasını qurub paltarların qırışlarını açacaqdım. Unudacaqdım belə bir günün varlığını, şəhərin bir başından o biri başına hədiyyə daşıyan, görüşən, sevişən xoşbəxt cütlükləri... Amma mən sevgi ilə “Mazerati” sözünü bir cümlənin içində eşitmiş adam idim...
Mazerati arzulayan qızcığaz... Bilmir ki, sevgi onun səslənişindən də qat-qat ağır, böyükdür. Başı-ayağı 5 hərfdir, amma leksikondakı bütün sözlərdən daha uzun, daha anlamlıdır. Onu yazar, ardınca üç nöqtə qoyarsan. Sözün bitdiyi yerdir çünki. Onu tanıdığın gündən sən şair olarsan, rəssam olarsan, bəstəkar olarsan... Bilmərrə onu yazar, qeyd-şərtsiz onu çəkər, onu bəstələrsən...
“Tənha adaya düşsən özünlə aparacağın üç şey” tipli sorğular var ya. Bax onun cavabıdır sevgi. Səninçün üç variant olmaz, ancaq bir seçənəyin olar. O yanında olarsa, hər şeyin var deyə düşünərsən. “Qadını (kişini) xoşbəxt etmənin 20 yolu” tipli psixoloji sorğular kimi. Oxuyarsan, amma bilərsən ki, xoşbəxtlik üçün 20 yox, cəmi 1 yol var. Və o yol sevdiyinə gedir. O varsa, sən də xoşbəxtsən deməkdir.
Puzl quraşdıran uşağın sevinci kimi bir şey. Böyük bir mənzərəni tamamlamaq üçün uğraşarsan. O gələr, puzlın ən canalıcı hissəsi olar, tamamlayar. Səni də, o mənzərəni də, həyatı da.
Səhər oyananda qış sazağı belə isidərsə səni, aranız çox yaxşıdır deməkdir. Yox, yorğanı başına çəkib, günə başlamaq istəməzsən, getdiyin hər yer qəbir misalı, səni soyudarsa, yoxdur həyatında demək. O zaman getməyi düşünərsən uzaqlara... Ən yaxın tarixə, ən uzaq səfər... On minlərlə kilometr aralıda, isti ölkələr, soyuq diyarlar... Fərq etməz. Dənizlər, dağlar, buludlar, okeanlar ayıra səni. Səssiz-səmirsiz çəkib gedəsən buralardan.
Canının acısını soyutmaq üçün soyuq ölkələrin soyuq insanlarına sığınasan. Onlar sənin üzünə buz kimi baxışlarla baxalar, söz soruşasan, “sorry” deyib, anlamazdan gələlər. Tanımadığın parklarda, çay kənarlarında doyunca, ürəyin soyuyana qədər ağlayasan. Bir kimsə sənə “dərdin nədir? İşin var, gücün var, bu nə qaramatlıq?...” deyib, ağıl verməyə qalxışmaya. O gedəndə içinin şprislə boşaldılmış kimi olduğunu heç kimə anlatmaq zorunda qalmayasan. Parça-parça dağıldığını, hər parçanın bir yerdə olduğunu bir kimsəyə izah etməyəsən. Özünə “tamam, bitdi” deyəndən bir saat sonra boğazında özündən asılı olmadan bir düyün əmələ gəldiyini səndən başqa heç kim anlamaz çünki. Çarəsiz, atılmış, yiyəsiz... bomjlardan daha tənha qaldığını bir Allahın quluna inandıra bilməzsən çünki. Sənə baxarlar, yan-yörəndəkiləri süzərlər, şübhə edərlər sözlərinə. Anlamazlar canının necə yandığını.
Amma az keçmədən dərk edərsən. Bütün çarələr çarəsizliyə doğru gedir əslində. Sən təyyarəyə minib, buludların üstündə olsan da, sərhədlər adlasan da, özündən də ağır bir sevgini içində daşıyarsan. Heç bir sərhəd məntəqəsinin, gömrük xidmətinin əməkdaşı bunun fərqində olmaz, doğru. Təhlükəsizlik aparatından ötəndə də, xüsusi yoxlamadan keçirəndə də görə bilməzlər. O qədər böyük olmasına baxmayaraq, tapa bilməzlər. Sən heyrət edərsən. Amma anlarsan... Bir yanın “qalx, gedək” dediyi halda, o biri yanın “olmaz, bir az da gözləyək” deyirsə...məsafə qət etmənin mənası yoxdur. Dönüb dolaşıb qayıdacağın yer eynidir. Ünvanın kimi...
Bayramda “Mazerati” gözləyən qız... Anlamaz ki, bu dünyada sevdiyi ilə bir saat keçirə bilmənin arzusu ilə yaşayan milyonlarla insan var. Fürsət tapıb keçirəndə o saatı susuzluqdan yanarcasına damla-damla yaşayanlar, əqrəblər hərəkət etməsin deyə gözü saatda qalanlar... “Dünya bir yana, o bir yana” deyib duran nə qədər çarəsiz yaşayır yan-yörəsində.
Bəlkə də sevdiyindən ancaq “mazerati” istəyən qız daha xoşbəxtdir. “Mazerati” olmaz, “”Hyundai” olar... Kredit alar, borc alar, amma alar o hədiyyəni sevdiyi. Beləcə xoşbəxt olar, xoşbəxt olarlar, mürəkkəbləşdirməzlər həyatı.
Amma ona sevgi deməzlər. Sevginin parodiyası, karikaturasıdır o. Və bu gün bu cür düşünənlərin günü deyil...
Sevgililər Gününüz qutlu olsun...
Musavat.com
OXŞAR XƏBƏRLƏR