Noyabrin 30-da Azərbaycan Respublikası Prezidenti yanında Gənclər fondunun dəstəyilə sağlamlıq imkanları məhdud və valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün intarnat məktəblərinin şagirdləri arasına keçirilən “Mən də varam” fərdi qabiliyyət müsabiqəsi layihəsinin yekun tədbiri keçirilib.
Ümumilikdə Bakı şəhərində yerləşən 12 internat məktəbini əhatə edən bu layihə çərçivəsində hər məktəb üzrə seçilən bir nəfər “Qran Pri” mükafatçılarının şəhər gəzintisi təşkil edilib. Şəhər gəzintisində uşaqların gün ərzində əyləncəsi, nahar və çay süfrələri təşkil edilib. Yekun gəzinti proqramının təşkili ilə layihəyə yekun vurulub. Gənclər fondunun maliyyələşdirdiyi “Mən də varam” layihəsi Azərbaycan ictimaiyyəti və sağlam cəmiyyət imkanları baxımından olduqca aktual bir mövzu üzərində hazırlanıb. Sağlamlıq imkanları məhdud olan və valideyn himayəsindən məhrum olmuş uşaqların qarşılaşdığı mənəvi depressiv hallar onların inkişafına, bacarıq və qabiliyyətlərinin nümayişinə əngəllər törədir, müəyyən mənada sosial həyatdan təcrid olunmaları ilə nəticələnir.Layihənin həyata keçirilməsində məqsəd adından da göründüyü kimi “Mən də varam” deyərək öz fərdi qabiliyyətlərini nümayiş etdirən sağlamlıq imkanları məhdud olan və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial-mənəvi müdafiəsinə dəstək olmaq, uşaqların özlərini cəmiyyətin bir hissəsi kimi hiss etmələrinə, özgüvən formalaşdırmalarına yardımçı olmaqdır. Layihə bu tip uşaqların sosial adaptasiya prosesinə yardımçı olmaqla, cəmiyyət dəstəyi və qayğısını duymalarına istiqamətlənmişdir. Layihə rəhbəri Şükür isgəndərov qeyd edib ki , unutmamaq lazımdır ki, sağlamlıq imkanları məhdud olan və valideyn himayəsindən məhrum olmuş uşaqlar da cəmiyyətimizin ayrılmaz bir hissəsidir. Onlar da bizim sahib olduğumuz inkişaf etmək , irəliləmək , bilik və vərdişlərini nümayiş etdirmək kimi hüquq və azadlıqlara malikdir. Bu uşaqlara cəmiyyət dəstəyini hiss etdirsək, onların üzündə bir az da olsa təbəssüm yarada bilsək özümüzü xoşbəxt saya bilərik. Onlar özlərini tək hiss etməməlidirlər. Çünki onlar da bu dövlətin vətəndaşı, bizim soydaşlarımız, cəmiyyətimizin üzvüdürlər. Əgər siz də bu uşaqların sevincinin səbəbkarlarından olmaq istəyirsinizsə bizə qoşulun! Bizə dəstək onlara inam dolu təbəssüm, cəmiyyətə istedadlı nümayəndə, dövlətə bacarıqlı bir vətəndaş qazandıracaqdır !