Qərənfil Dünyamin qızı
BDU-nun mətbuat tarixi və ideoloji iş kafedrasının
müəllimi, filologiya üzrə fəlsəfə doktoru.
Bu gün müstəqilliyimizin yenidən qazanılmasından söz düşəndə 1988-1990-cı illəri xatırlayıram. BDU-nun Jurnalistika fakültəsini yenicə başa vurub “Ədalət” qəzetində müxbir kimi fəaliyyətə başlamışdım. Azadlıq meydanından başlanan jurnalistlik yolum, Qarabağ müharibəsindən, Qanlı Yanvar gecəsindən kecdi. Şuşada, Kərkicahanda, Xocalıda, Meşəlidə, Ağdamda, Gülablıda, Füzulidə, Malıbəylidə səngərlərdə, döyüş meydanlarında müsahibə götürdüm, dəhşətləri gördüm, ölümlə üz-üzə qaldım, onun vahiməsini yaşadım... Amma yüzlərlə, minlərlə Azərbaycanlı gənclər kimi azadlıq uğrunda mübarizədən dönmədim. Qələmimlə, sözümlə bu amal uğrunda calışdım, döyüşdüm. Bu gün müstəqilliyimizin, azadlığımızın əldə edilməsi yolunda o zaman bir jurnalist kimi zərrə qədər əməyim olduğu üçün fəxr duyuram.
İstər əsrin əvvəllərində, istərsədə bu gün milli mətbuatımız müstəqil dövlət, sivil demokratik vətəndaş cəmiyyəti qurmaqla yanaşı cəmiyyətdə sosial ədaləti təmin etməli, milli şüurun, siyasi mədəniyyətin və bütövlükdə sağlam mənəvi dəyərlərin formalaşmasında mühüm rol oynamışdır. Zəngin və böyük bir tarixə malik olan milli mətbuatımızdan bu müsbət xüsusiyyətləri öyrənməli və əxz etməliyik. Çünki, Azərbaycanda qəzetçilik işinin milli-mənəvi dəyərlərə əsaslanması ictimai-siyasi, dəyərlərin daşıyıcısına çevrilməsi bir daha sübut edir ki, milli mətbuatımızın bu sahədə özünəməxsus yeri var. Bu gün müasir Azərbaycan mətbuatı nəhəng bir ekranı xatırladır. Burada çağdaş dünyanın ictimai-siyasi, sosial-mənəvi, etik-psixoloji, ədəbi-estetik, bir sözlə bütün aktual problemləri özünü əks etdirir. Əslində bu hər zaman belə olub. Hələ ölkəmizdə mətbuatın yeni inkişaf etdiyi illərə də nəzər yetirsək görərik ki, o zamanın salnaməsini xatərladır. Ona görə də mətbuatın ictimai-siyasi həyatda, millətin oyanmasında, tarixi hadisələrin dərk edilməsində oynadığı rolunu bir əsr bundan əvvəl istiqlalımızın lideri M. Ə. Rəsulzadə belə qiymətləndirirdi: “Mətbuatın təsisi ilə Zaqafqaziyada siyasi, ictimai və milli bir fikir təşəkkül edirdi. Qəzetin bu günki millətlərin təşəkkülündə oynadıqları rol məlumdur, onlar xalqda milli duyğular oyandırır”.
Bu 1988-1990-cı illərdə də belə oldu. Xalq bir daha öz keçmişinə, tarixinə, soy kökünə qayıtmaq üçün mübarizəyə qalxdı. Azərbaycanın ictimai-siyasi, ədəbi-mədəni həyatında bir oyanış, milli-azadlıq meyllərinin güclənməsi dönməz bir proses kimi özünü göstərməkdə idi. Bunu üçün ötən əsrin 90-cı illərinə nəzər salaq. Bu illərdə Sovet İttifaqında və beynəlxalq aləmdə gedən iqtisadi, siyasi hadisələr kommunist ideologiyasının və sovet rejiminin çürüklüyünü və perspektivsizliyini daha açıq-aydın şəkildə hiss etdirirdi. İmperiyanın çökməməsi, süqut etməməsi üçün yollar axtarılır, uğursuz islahatlar bir-birini əvəz edirdi.
SSRİ-nin, Sovet İttifaqı Kommunist Partiyasının köhnə fikirli ehkamçı və qocaman rəhbərləri bir-bir sıradan çıxdıqca ölkədə başlayan krizis daha da sürətlənir və dərinləşirdi. M. S. Qorboçovun hakimiyyətə gəlişi isə çox ciddi dəyişikliklərin olacağını qaçılmaz edirdi. Digər tərəfdən ABŞ və Avropa dövlətləri bu nəhəng imperiyada baş verən bütün prosesləri izləməklə kifayətlənmir, onu istiqamətləndirməyə və öz mənafelərinə uyğun tənzimləməyə çalışırdılar.
Yenidənqurma və aşkarlıq siyasətinin ilk illəri Azərbaycanın ictimai-siyasi, mədəni həyatında əvvəlki durğunluq illərindən çox fərqlənmirdi. Mərkəzdə-Moskvada nəşr edilən “Literaturnaya qazeta”, “Komsomolskaya pravda”, hətta “Pravda” və “İzvestiya” kimi rejimə, idealogiyaya sadiq qəzetlər belə cəmiyyət həyatının müxtəlif sahərlərinə dair ciddi materiallar dərc etsələr də, Azərbaycanın mətbuatı hələ də göstərişlə və artıq qayda halını almış təlimatlarla işləyirdi. Lakin bir müddət keçdikdən sonra, daha doğrusu 90-cı illərin sonuna doğru-milli azadlıq hərəkatının vüsət aldığı dövrdə mətbutda da bir canlanma, dirçəliş baş verdi. Bu oyanış Azərbaycanın üzləşdiyi tale yüklü, çox ciddi problemlərlə sıx bağlı idi. Mənfur erməni qonşularımız, onların həm maddi, həm də mənəvi havadarları ölkəmizin əzəli torpaqlarında-Dağlıq Qarabağda separatçı hərəkata başladılar. İqtisadi-sosial problemləri bəhanə edərək əvvəlcə Dağlıq Qarabağ Muxtar vilayətinin Azərbaycan SSR-dən ayrılması və Ermənistan SSR-yə birləşdirilməsi, sonra isə müstəqil respublika kimi Azərbaycanın tərkibindən çıxarılması tələbi ilə çıxış etdilər.
Mitinqlərlə başlayan separatçılıq hərəkatı xəyanətkar, məkrli ermənilər tərəfindən qanlı hadisələrlə müşaiyət olunmağa başladı. Dinc, əliyalın azərbaycanlılar erməni quldurları tərəfindən amansızcasına qətlə yetirilir, işgəncələrə məruz qalır, ev-eşiklərindən, doğma yurdlarından didərgin salınıdılar.
Mətbuatda ara-sıra ölkədə baş verən bütün proseslər-Dağlıq Qarabağ, Meydan hadisələri və həqiqətləri barədə kiçik informasiyalar verilirdi. İş o həddə çatmışdı ki, rəsmi qəzetlərə Ermənistandan qovulan əzaba, əziyyətə məhrumiyyətə tuş gələn, qarda, çovğunda ölən, dağlarda azan-itən həmvətənlərə aid materialların, o cümlədən fotoların verilməsi yasaq edilmişdi. Həmin dövrdən danışanda, adətən yazırlar ki, Moskva xarici qüvvələr tərəfindən informasiya blokadasına alınmışdı. Nə qədər acı, ağır olsa da, etiraf edilməlidir ki, Moskva özü elə ilk növbədə o vaxtki, Azərbaycan rəhbərliyini informasiya blokadasına almışdı.
1992-ci il 24-26 fevral. XX əsrin ən dəhşətli faciəsinin baş verdiyi gün. Lakin çox təssüflər ki, bu faciə nəyin ki, dünya ictimaiyyətinə, heç öz ölkəmizin vətəndaşlarına doğru-düzgün çatdırılmadı. Qəribə də olsa belə bir sual ortaya çıxır ki; Xocalı soyqırımı haqqında doğru informasiyanın ölkə əhalisinə, dünya ictimaiyyətinə çatdırılmasına kim, niyə mane olurdu? Yaxud nə üçün həqiqət göstərilmir, yazılmırdı? Nəyə əsasən rəsmi orqanlar yalandan Xocalıda 2-3 nəfərin öldürüldüyü barədə informasiya yayırdılar. Təəssüflər ki, ölkənin rəsmi mətbuatı yalnış Xocalı soyqırımında deyil bütün Qarabağ faciəsində susmağı məsləhət bildi. Xalq isə faciə dalınca faciə yaşayırdı. Şuşanın işğalı, Kərgicahanın yandırılması və yaxud Malıbəylinin, Meşəlinin, Qaradağlının, onlarca hadisələrin əsl mahiyyəti mətbutdan, deməli xalqdan gizli saxlanılırdı. Çünki, ölkənin rəsmi dairələri bunu belə istəyirdilər. Öz vəzifələrini itirməmək üçün xalqı qurban verirdilər. Lakin, bununla belə, intişar tapan qəzetlərin fədakar, vətənpərvər, millətsevər qələm əhli öz şəxsi təşəbbüsləri sayəsində Azərbaycan tarixinin mürəkkəb dövrünün salnaməsini yazdılar.
Azərbaycan xalqının müstəqillik və istiqlal uğrunda arzusunu qan içində boğmaq üçün misli görünməmiş cinayətə əl ataraq yüzlərlə dinc insanın qətlinə bais olan totalitar sovet rejimi bu mənfur əməlini beynəlxalq aləmdən gizlətmək üçün əvvəlcədən hazırlanmış xüsusi ssenari üzrə hərəkət etmişdir. Bu cinayət aktından əvvəl mərkəzi təbliğat maşını bir tərəfdən gecə-gündüz Azərbaycana, xalqın azadlıq və ərazisinin bütövlüyü uğrunda mübarizəsinə ləkə yaxmaqla, onları eksterimizmdə günahlandırmaqla, digər tərəfdən ermənipərəst mövqe tutmaqla onları müdafiə etməyə, havadarlığa başladı. Mərkəzin demək olar ki, bütün qəzetləri, o cümlədən “Pravda”, “İzvestiya”, “Komsomolskaya Pravda” və başqaları sanki Azərbaycan xalqının haqq-ədalət uğrunda mübarizəsinə kölgə salmaq, vəhşi erməniləri isə müdafiə etmək yarışına girmişdilər.
20 Yanvar cinayətinə ideoloji zəmin hazırlandıqdan sonra ordu hissələri yanvarın 19-dan 20-nə keçən gecə Bakıya yeridildi və sovet əsgərləri şəhərdə xüsusi amansızlıqla qətliam torədirdi. Şəhərin hərbi komendatlığı vəhşiliyin beynəlxalq ictimaiyyətdə doğura biləcəyi kəskin etirazdan çəkinərək KİV-in üzərində ciddi nəzarət qoydu. Bir müddət ölkəmizdə mətbuatın fəaliyyətini iflic vəziyyətə saldı. Qəzetlərin nəşri dayandırıldı, radio dalğaları susduruldu, televiziyanın enerji bloku partladılaraq telekanalın fəaliyyəti donduruldu.
Yenidənqurma və aşkarlıq siyasətinin iflas dövrü əslində Azərbaycanın müstəqillik uğrunda mübarizəyə başladığı tarixlə eyni dövrə təsadüf edir. Həmin vaxt tanınmış, bütöv bir nəslə örnək ola biləcək gənc jurnalist, redaktor Nəcəf Nəcəfovun yaradıcılığının çiçəkləndiyi zaman idi. 1991-ci ilin yazında o, Azərbaycan Lenin Komsomol və Gənclər İttifaqı Mərkəzi Komitəsinin orqanı olan “Molodyoj Azerbaidjana” qəzetinə baş redaktor təyin olunmuşdu. N. Nəcəfovun bu vəzifəyə təyin edilməsindən qısa müddət sonra “Molodyoj Azerbaydjana” qəzeti bütün ölkədə məşhurlaşmağa başladı.
Qəzet yenidənqurmadan sonra Moskvada, Rusiya Federasiyasının digər böyük şəhərlərində cəsarətli, problematik yazıları ilə ictimaiyyətin diqqətini çəkən qəzetlərin belə demək mümkünsə, Bakı variantı idi. Qəzet hətta orqanı olduğu Mərkəzi Komitənin fəaliyyətini tənqid edir, onun funksionerlərinin harınlığı barədə məqalələr dərc edirdi. N. Nəcəfov Sovet mətbuatı tarixində demək olar ki, hansı materialın qəzet səhifəsinə çıxarılması barədə qərar verən ilk redaktorlardan biri, yaxud da elə birincisi olmuşdur. Bu da təbii ki, məmurların ciddi narazılığına səbəb olurdu. Hətta iş o həddə çatmışdı ki, “Molodyoj Azerbaydjana” qəzeti sovet rejiminin ideoloji-siyasi əsaslarını, kommunist ideologiyasını qəzet səhifəsində müzakirəyə çıxarmışdı. Digər tərəfdən qəzetdə milli-mənəvi dəyərlər, milli təfəkkürün dirçəlişi, tarix, dil mövzularında obyektiv, maraqlı, problematik materiallar verilirdi. Xüsusən də türk xalqlarının tarixi, mədəniyyəti, adət-ənənəsi ilə bağlı olan yazılar mərkəzin və onun yerli ruspərəst nökərlərinin xoşuna gəlmirdi. Çünki bu mövzu Azərbaycan mühitində qəti qadağan olunmuş bir mövzu idi. Bir sözlə, bu qəzet qadağan olunmuş mövzulardan kəskin, prinsipial yazılar verir, Azərbaycan mətbuatına bir növ örnək olaraq yenilik gətirirdi. Qısa bir vaxt ərzində bu qəzet digər qəzetlər kimi inzibati idarəetmə orqanlarının arxasında kölgələnən orqandan çıxaraq mübariz, cəsarətli, ümumrespublika əhəmiyyətli bir qəzetə çevrildi. Bu qəzet haqqında oxuduqlarıma və eşitdiklərimə əsaslanaraq demək olar ki, həmin illərdə respublikada ikinci belə bir qəzet olmayıb. Mövzu seçimi, problemin qoyuluşu, cəsarəti, sənətkarlıq səviyyəsi baxımından “Molodyoj Azerbaydjana” qəzetini “Moskovskoye novosti”, “Literaturnaya qazeta” ilə müqayisə etmək olardı.
“Molodyoj Azerbaydjana” qəzetinin bu fəaliyyəti, cəsarəti qarşısında ölkəmizdəki digər qəzetlər də onlara qoşulmaq üçün mübarizəyə qalxdılar. Lakin çox təəssüflər ki, ayrı-ayrı fərdlərin səyi və təşəbbüsünə baxmayaraq yeniliyi qəbul etmək istəməyən mətbu orqanları da var idi. Onlar köhnə qaydalarla nəşr edilirdilər; mövzular yuxarıdan tövsiyyə olunur, senzura yoxlayır, rəy verir və material səhifəyə buraxılırdı.
Elə bütün bunların nəticəsi kimi bir müddət sonra “Molodyoj Azerbaydjana” qəzetindən kadr axını başladı. Bu yeniliyi həzm edə bilməyən, konservativ düşüncəli qələm sahibləri redaksiyanı bir-birinin ardınca tərk edirdilər. Beləliklə, “Molodyoj Azerbaydjana” qəzetinin N. Nəcəfovla başlayan yeni dövrünün birinci mərhələsi yenidənqurma və aşkarlıq siyasətinin ilk illərinə təsadüf edirsə, ikinci mərhələ heç şübhəsiz ki, erməni separatçılarının Dağlıq Qarabağda başlayan hərakatı ilə bağlıdır ki, bu da 1988-ci ilin fevralın ortalarına təsadüf edir. Dövr köhnə dövr deyildi. Auditoriya da həmin auditoriya deyildi. Belə bir vaxtda qəzetlər də simalarını, orada çalışanlar da öz şəxsiyyətlərini qorumağa çalışırdılar. Ermənistanda, Dağlıq Qarabağda törədilən erməni vandalizmi haqqında, regionda baş verən ictimai-siyasi proseslər barədə həqiqətlərin üzə çıxmasını zaman özü tələb edirdi. Baxmayaraq ki, Qarabağ mövzusunda rəsmi informasiyalardan əlavə digər materialların da dərcinə Mərkəzi Komitə tərəfindən rəsmən qadağan qoyulmuşdu.
Bildiyimiz kimi, o zaman “Molodyoj Azerbaydjana”-nın döyüşkən, cəsarətli, prinsipial çıxışları uzun sürə bilməzdi. Ölkə rəhbərliyinin səbir kasası daşırdı. Qəzet isə öz mövqeyindən çəkinmir, əksinə daha cəsarətlə fəaliyyətini davam etdirirdi. Noyabrda qəzet rəhbərliyi ermənipərəst Moskvanın Dağlıq Qarabağ nümayəndəsini hədəfə aldı. Noyabrın 18-də bu nümayəndəliyin fəaliyyətini kəskin tənqid edən material qəzetdə dərc olunmalı idi. Bundan xəbər tutan ölkə rəhbəri Ə. Vəzirov həmin axşam qəzetin baş redaktoru N. Nəcəfovun işdən azad olunması barədə müvafiq göstəriş verdi.
N. Nəcəfov təcrübəli, peşəkar jurnalist, eyni zamanda vətənpərvər insan kimi sakit dura bilməzdi. Odur ki, o həmin müddətdə Azərbaycan Xalq Cəbhəsinin orqanı olan “Azadlıq” qəzetinin nəşrinin hazırlıq işləri ilə məşğul oldu. Böyük çətinliklərdən sonra qəzetin ilk sayı 1989-cu ilin dekabrın 24-də işıq üzü gördü. “Azadlıq” qəzeti azadlıq hərəkatı qədər QÜVVƏTLİ, QÜDRƏTLİ, AZADLIQ MEYDAN qədər geniş idi. Ona görə də 200 min tirajla çıxan qəzet qısa zamanda ölkənin ən populyar qəzetlərindən biri oldu. “Azadlıq” bizə o zaman HƏMRƏY olmağı öyrətdi. “Həmrəylik-tarixin qorxunc fırtınasının qabağını kəsən möhtəşəm sədd, alınmaz, möhtəşəm qala. Həmrəylik-nifaqa tutarlı cavab. Həmrəylik-Milli yüksəlişə gedən yol!”.
Azərbaycan xalqı bu yolu XX əsirdə iki dəfə kecməli oldu və yolu qanlar-qadalar bahasına başa catdı. 1918-ci ildə müstəqilliyini qurarkən də belə təcavüzlərə məruz qaldı, 1990–cı illərdə də. Hər ikisində türk qardaşlarımız təmənnasız olaraq köməyimizə yetişdilər. 1990-cı ilin qanlı yanvarında Azərbaycanın haqq səsini dünyaya Türkiyənin köməyi ilə çatdıra bildik. Türklər ölkəmizə həmin günlərdə hər tərəfli dəstək oldular. Gənc nəsil bu tarixi yaxşı-yaxşı bilməli və unutmamalı. Bunu isə mətbuatla alimlərimiz, siyasətçilərimiz, jurnalist və publisistlərimiz təbliğ etməlidir. Belə olduqda Azərbaycan xalqı öz azadlığı uğrunda mübarizədə artıq özünü tək, yalqız sanmır. Bütün türk dünyasının ona arxa, dayaq olduğunu hiss edir və daha da əzmlə mübarizə aparır. “Unutmaq olmaz ki, bütün Türk dünyası bir orqanizmdir. Orqanizmin bir üzvünə toxunsan, digər üzvlərinə də təsir olacaq. Azərbaycan türk dünyası bu orqanizmin bir üzvüdür, onun başına gələn hadisələr digər üzvlərinə də təsirsiz qalmayacaq. Unutmaq olmaz ki, Türk millətinin ancaq ozünə məxsus tarixi, milli ənənələri, milli ruhu var. Bu ruhu, bu ənənələri yaşatmaq üçün türk millətini sevmək, ona bağlı olmaq lazımdır. Bu bağlılığı isə milli ruhlu mətbuatımız geniş şəkildə təbliğ etməli, tarixi hadisələri əks etdirməli, gənclərimizi bu ruhda tərbiyələndirməlidir. 1990-cı illərdə mətbuatımızda bunlar geniş şəkildə özünü əks etdirirdi.
Bu səpgili yazılar, həmçinin, Azərbaycan xalqının dövlətçilik tarixini əks etdirməlidir. Bilirik ki, dövlətçilik ənənəsi qədim olan Azərbaycanın yaxın və uzaq dövlətlərlə əlaqəsi zəngin tarixə malikdir. XIX yüzilliyin əvvəllərində növbəti dəfə müstəqil dövlət idarəçiliyini itirən və torpaqları işğal olunan Azərbaycan xalqı 100 il sonra bütün türk aləmində, müsəlman Şərqində “ilk”ə imza atmış öndərə çevrildi. XX yüzilliyin əvvəllərində ilk olaraq atılan addımların ən möhtəşəmi dövlətçilik statusuna qovuşması oldu. 90 il əvvəl Azərbaycan istiqlalını dünyaya tanıtdırmaq missiyasını fədakarlıqla yerinə yetirmiş milli mətbuatımızın təcrübəsindən 1990-cı illərdə yetərincə istifadə edildi. O, zaman bu xeyirxah işi “Meydan”, “Azadlıq”, “Azərbaycan”, “Aydınlıq”, “Səhər”, “Odlar Yurdu” və “Ədalət” qəzetləri çox çətinliklərlə həyata kecirmişlər. Bu qəzetlər hər bir vətəndaşına “Vətəndaş olmaq... Vətənin daşına-torpağına qurban olmaq, daşlaşmış sinələrə Vətən sevgisi toxumlarını əkmək, o sinələrdə boy atan sevgini fidanlarını göz yaşlarıyla sulamaq, onları qəlbinin hərarətilə yetişdirmək qeyrəti”ni öyrətdi.