“Mən tələbəyəm – Zamanın tələbiyəm” – MÜSAHİBƏ

“Mən tələbəyəm – Zamanın tələbiyəm” – MÜSAHİBƏ
MEDİA
00:31 21.08.2011
5758
Təcrübəli şəxslərin, siyasətçilərin qəzet açıb, on gündən, bir aydan sonra pulsuzluqdan, oxucusuzluqdan daha çap olunmamış nəşrini dayandırmasını az görməmişik. Bir neçə universitet tələbəsinin cib xərclərindən kəsib, tələbə “jarqonu” ilə desək, “atışaraq” qəzet çıxarması “hər igidin işi deyil”. “Student Times” qəzetinin kollektivi belələrindəndir. Bir neçə universitetin bir neçə jurnalistika tələbəsi bir araya gələrək, qəzet açmaq qərarı verib: tələbə jurnalistlərin öz qəzeti. Müsahibimiz Azərbaycan yəqin ki, ən gənc qəzet təsisçisi, həmçinin, özünün deyimi ilə şef redaktoru Məmməd Ağayevdir. Məmməd Ağayev Bakı Dövlət Universitetinin 4-cü kurs tələbəsidir. Onunla rəhbəri olduğu “Student Times” qəzetinin fəaliyyətindən, “tələbə zamanı”nın çətinliklərindən və problemlərindən danışdıq. - Azərbaycanda bir tələbənin sosial vəziyyətinin nəinki qəzet çıxarmağa, heç qəzet almağa da güclə çatdığını nəzərə alsaq, qəzet çıxarmaq ideyası haradan gəldi ağlına?- Bizim “Gənc Reportyorlar” Klubumuz var. Orada jurnalist tələbələrlə təşkilatlanmışdıq. Bir çox ali məktəbin jurnalistika tələbələrini bir araya gətirmişik. İstəyirdik ki, tələbələr bu bazara böyük güc halında girsinlər. Düşündük ki, tələbələrin özlərinin bir qəzet olsun. Əvvəllər gedib hansısa qəzetdə yazılarını verirdilər, həmin yazı ya bəyənilib verilmirdi, ya da senzuraya uğrayırdı, tələbə öz istədiyini yaza bilmirdi. Biz də dedik, jurnalist tələbələrə elə bir imkan yaradaq ki, istədiklərini rahatca yaza bilsinlər. - Qəzetin yaradılmasında kimdənsə kömək istədin? Misal üçün təhsil aldığın universitetin jurnalistika fakültəsindən.- Yox, heç kimdən kömək istəmədik. Özümüz Ədliyyə və Vergilər nazirliklərində qeydiyyatdan keçdik və fəaliyyətə başladıq. İstəmədim ki, qəzet kimdənsə asılı vəziyyətdə fəaliyyət göstərsin. Müstəqil qalmaq ən yaxşısı budur. Tələbə nihilizmini nəzərə alsaq, bu qəzet heç kimdən asılı olmamalı idi. Ona görə də, heç kimdən kömək istəmədik.- Hansı universitetlərin tələbələri ilə əməkdaşlıq edirsiniz?- Bizdə BDU, Bakı Slavyan, Xəzər, Qərb universitetlərinin jurnalistika fakültələrinin tələbələri yazırlar. Bundan başqa, qəzetin birinci sayı nəşr olunandan sonra Qızlar Universitetinin bir qrup tələbəsi bizə müraciət edərək, yazmaq istədiklərini bildirdilər. İndi onlara da tapşırıqlar vermişik, araşdırma yazılar hazırlayırlar. - Bəs yaxşı, qəzetin adını niyə məhz ingiliscə qoydunuz?- Mənə bunu irad bildirən adam olanda deyirəm ki, mən Azərbaycanda bir dənə də olsun öz dilimizdə adı olan qəzet tanımıram. Bizim qəzetin adının ingiliscə olmasına gəldikdə isə bu, tələbənin müasirliyini, çılğınlığını, sərbəstliyini göstərir. Onu da deyim ki, biz, qəzeti Ədliyyə Nazirliyində qeydiyyatdan keçirəndən sonra öyrəndik ki, “Student Times” adlı qəzet İngiltərədə də var və həmin qəzet ümumrespublika səviyyəli qəzetdir. Ölkənin bütün tələbə hərəkatına xitab edən, böyük biz qəzetdir. Həmin qəzet ölkə rəhbərliyi tərəfindən maliyyələşdirilir və İngiltərənin bütün jurnalistika tələbələri bu qəzetlə əməkdaşlıq edirlər.- Qəzetin satışı necə təşkil olunur?- Hələlik 2 min tirajla dərc olunur. Onun mini yayım firmaları tərəfindən satışa çıxarılır. Yerdə qalan minini isə biz pulsuz şəkildə təhsil müəssisələrinə, təhsillə bağlı qəzet və jurnallara abunə olan insanların evlərinə və ya ofislərinə göndəririk. İnanıram ki, sentyabr ayına qədər həmin insanların diqqətini çəkəcəyik və onlar özləri bizə abunə yazılmaq üçün müraciət edəcək. Bir sevindirici xəbəri də deyim, bizim üçüncü sayımız bu ayın 9-da çapdan çıxmışdı, artıq ayın 10-da axşam mənə zəng eləmişdilər ki, qəzetimiz bütün köşklərdə satılıb qurtarıb. Bu, Azərbaycan kimi qəzetin az satıldığı ölkədə çox sevindirici xəbərdir. - Qəzetinizin missiyası nədən ibarətdir?- Əsas missiyamıza cəmiyyətdə maarifləndirici rol oynamaqdır. Biz, Azərbaycanda idman və əyləncə qəzetlərini çıxmaq şərtilə ilk qəzetik ki, burada siyasətdən bir xəbər də vermirik. İstəyirik ki, siyasətdən uzaq bir cəmiyyət yaradaq. Siyasətlə məşğul olanlar onsuzda bizim qəzeti yox, indiyə qədər oxuduqları siyasi qəzetləri alacaqlar. Biz istəyirik, gənclərimiz daha çox maariflənsin. Mədəni inqilab elmlə, zəkayla baş verəcək bir prosesdir. Misal üçün, keçən dəfə qəzetimizin sərlövhəsində belə bir başlıq getmişdi: “Gəlin düz tuşlayaq”. Bizdə görürsən, yazırlar, “Bura zibil atmayın”, “Burda maşın saxlamayın”, “Burda filan şey etməyin” və s. Bunlar normal bir şey deyil. Biz insanı maarifləndirməyə çalışırıq ki, o, başqasının evinin önünə zibil atmamaq lazım gəldiyini bilsin. Buna görə kimsə onu xəbərdar etməsin. Məsələn, üzr istəyirəm, tualetdə yazırlar ki, “deşiyə düz tuşlayın”. Biz onu sərlövhəyə çıxartdıq ki, gəlin, düz tuşlayaq. Axı, bunun üçün bizi kimsə niyə yazılı xəbərdar etməlidir? Biz, özümüz-özümüzü maarifləndirməliyik. Əvvəl bu bəsit mədəni qaydaları öyrənək, ondan sonra nəsə siyasi tələbələr irəli sürərik. Ancaq onu da deyim, yetkin siyasi fikirlərə sahib gənclərimiz də yetərincədir və bu da sevindiricidir ki, necə ki jurnalistikamızın gələcəyi etibarlı əllərdədir, elə də siyasətimiz də sağlam gənclərin öhdəsindədir.- Qəzeti hansı vəsaitlə çap edirsiniz? Çətinlikləriniz nədən ibarətdir?- Biz bu qəzeti demək olar ki, öz cibxərcliyimizin hesabına çıxarırıq. Kimdənsə asılı olmamaq üçün heç bir yerdən kömək istəmədik. Ötən ilin yayından bəri uşaqlarla oturub biznes-plan hazırlayırdıq ki, xərclərimiz nədən ibarət ola bilər?! Nəhayət, bu il qərarlaşdırıb, qəzeti nəşrə hazırladıq. Bu gündən sonra, inşallah, gözləyirik ki, sayılıb-seçilən şirkətləri bizə reklam verərək, tələbə gəncliyə öz dəstəklərini versinlər. Biz ancaq reklam sayəsində ayaqda dura bilərik. Əks təqdirdə, tərəf olmaq məcburiyyətində qalacağıq ki, bunu qətiyyən istəmirəm. Ancaq deyim ki, qəzetimizin çap olunduğu “Zaman” mətbəəsinin rəhbərliyi bizə çox yüksək səviyyə kömək edir. Çap xərclərini demək olar ki, yarıya qədər endiriblər. Bizim belə bir ideyamızın olduğunu biləndə çox böyük məmnuniyyətlə bizə yardım edəcəklərini bildirdilər. “Türkiyədə bu işi görürük, niyə Azərbaycanda da bacarıqlı gənclərə yardım etməyək” dedilər və çap xərclərində bizə ciddi endirim etdilər.- Bəs yaxşı, özünün siyasi baxışların necədir?- Nəzərə alsaq ki, mən jurnalistəm və jurnalistikanın əsas prinsiplərindən biri tərəfsizlikdir, mənim siyasi tərəf tutmağım doğru olmaz. Jurnalist hər kəsin səhvini deməyə bacarmalıdır. Deyirlər, bizdə jurnalistika siyasiləşib. Xeyr, siyasiləşməyib, jurnalistika bizdə tərəfləşib, cəbhə halını alıb. Bu cəbhədə qarşılıqlı mübarizə gedir, ortada zərər çəkən isə cəmiyyətdir. Mən zərər çəksəm də, bu neytral olaraq, cəmiyyətin içində olmaq istəyirəm. Bilmirəm, nə qədər belə davam edə biləcəyəm, ancaq çalışacağam ki, sonuna qədər cəmiyyətdən tərəf olum. Neytrallıq bizim cəmiyyətdə qəhrəmanlıq kimi bir şeydir. Mən istəmirəm ki, cəmiyyətdə olan bu qarşılıqlı mübarizə uzun müddət davam etsin, çünki cəmiyyət özü bundan çox ziyan çəkir. - Bir aktiv gənc kimi, siyasiləşməyini istəmədiyin, dünya görüşündən şikayətləndiyin gənclərimizin bugünkü vəziyyətini necə qiymətləndirirsən?- Bu gün Azərbaycan gənci istənilən an özü üçün təşkilat yarada, onu idarə edə bilir. Onlarla gənclər təşkilatları var. Bu gün bir qrup gənc yığışıb, özlərinə qəzet aça, roman yazıb, çap edə bilir. Maneələr, təzyiqlər olsa da, Azərbaycan gəncliyi öz üzərində işləməkdən yorulmur, buna görə də gəncliyimizin gələcəyinin parlaq olduğu ümidindəyəm. - Bütün universitetlərin jurnalistika tələbələrinin əksəriyyətini tanıyırsan. Azərbaycan jurnalistikasının gələcəyini necə görürsən?- Bu gün jurnalistika tələbələri özlərinə qəzet, xəbər saytı açırlar. Tələbələr öz gücləri hesabına bu qədər iş görürlərsə, deməli jurnalistikanın gələcəyi əmin əllərdədir. Jurnalistikamızın gələcəyi ilə bağlı narahatlıq keçirən böyüklərimiz bədbinliyə qapılmasın. Sadəcə, onlar bu gün bir addım önə durub, gələcək jurnalistlərimizə sahib çıxmalı, onlardan öz məsləhətlərini əsirgəməməlidirlər.- Gəncliyin əsas probleminin təhsildə görürlər. Təhsilimizin bugünkü durumunu sən necə görürsən?- Təbii ki, təhsilin bugünkü vəziyyətindən razıyam desəm, inanmayacaqsınız. Müəyyən mənada böyük qüsurlar var. Ancaq istənilən halda, oxumaq istəyən tələbə, oxuyar. Bir şeylə razıyam ki, bu gün universitetlərdə dərsliklərlə bağlı ciddi problem var. Məsələn, jurnalistika tələbələri üçün yeni dərsliklər demək olar ki, yox səviyyəsindədir. Varsa da, çox azdır. Bu, həmçinin, digər fakültələrə də aiddir. Düzdü, ədəbiyyat sahəsində kitablar çoxdur, ancaq digər bütün sahələr üzrə dərsliklər yox dərəcəsindədir. Bu sahədə Azərbaycan təhsilini qınamaq olar. - Gənclərlə bağlı dövlət proqramı imzalanıb. Bu proqramla bağlı fikri və təkliflərin nədən ibarətdir?- Açığını deyim ki, o proqramı tam mənada oxuya bilməmişəm. İstənilən qanun və ya dövlət proqramı qəbul edilə, imzalana bilər. Ancaq gəlin görək, o qanun, o proqram tam olaraq həyata keçəcəkmi? Öz məqsədinə çatacaqmı? Əsas müzakirə mövzusu bu olmalıdır. Gəncliklə bağlı proqramdan gənclik özü istifadə fərdi şəkildə yararlana biləcəkmi, bunun faydasını görəcəkmi? Mən arzulayardım ki, gənclik bu proqramdan maksimum dərəcədə istifadə etsin, bunu əlində bayraq edib, öz istəklərini, layihələrini, ideyalarını gerçəkləşdirə bilsin. Təklifin belə olardı ki, kənarda qalan gənclik təşkilatlarına, xüsusən də jurnalistika ilə bağlı təşkilatlara müəyyən qrantlar ayrılsın, həmin gənclər öz layihələrini rahatlıqla həyata keçirə bilsinlər.- Gələcəklə bağlı planların nədən ibarətdir? Qəzetçilikdə nələr etmək niyyətindəsən?- Biz, media bazarına tələbə olaraq, iməkləyərək girdik. Mənə elə gəlir ki, artıq biz də bu sahədə kiçicik bir yer tuturuq. Bir il ərzində minlərlə kilometr yol getmək niyyətindəyik. Tələbələrin köməyinə, yeni ideyalarına ehtiyacımız var. Onların hər cür yazılarını çap etməyə hazırıq. Bizim lozunqumuz belədir: Mən tələbəyəm – Zamanın tələbiyəm. Buna görə də, müasir zamanda tələbələrin ideyalarını öz qəzetimizdə həyata keçirməyə hazırıq.Anar Gəraylı - lent.az
OXŞAR XƏBƏRLƏR