“Mən sənətə öz səsimlə gəlmişəm və əlil kimi təqdim olunmağıma etirazımı bildirirəm”
Bu sözləri AZXEBER.COM-a açıqlamasında tanınmış azərbaycanlı müğənni Murad Sadıq deyib.
O “Zirvə” ziyalılar ictimai birliyinin tədbirində əlil kimi təqdim olunmasına etiraz edib: “Məni ən mötəbər arenalarda, konsert salonlarında beynəlxalq müsabiqələrin laureatı kimi təqdim edirlər. Bu tədbirdə mənə toxunan o oldu ki, aparıcı məni əlil kimi təqdim etdi, ancaq digər müğənniləri öz adları ilə çağırdılar. Mən əlil kimi təqdim olunmağıma etiraz edirəm, istəyirəm ki, tamaşaçıların yadında sənətimlə, səsimlə, musiqilərimlə qalım.
Müğənni həmçinin deyib ki, o bu günə qədər yalnız öz sənəti və səsi ilə irəliləyib: Mənə bu günə qədər yalnız Allahım, ailəm, jurnalist dostlarım, televiziya işçiləri dəstək olub. Heç bir təşkilatçı deyə bilməz ki, Muradı qabağa çəkmişəm. Şükürlər olsun ki, heç bir zaman adım qalmaqalda hallanmayıb. Televiziyalar da məni hər zaman səsim və sənətimə görə efirə dəvət ediblər.AZXEBER.COM