“Niyə kiminsə haqqını beşikdə boğurlar?”.
5 dəfə sambo, 4 dəfə cüdo üzrə dünya çempionu olan Zülfiyyə Hüseynova gənclər və idman naziri Azad Rəhimovun son açıqlamasına cavab verib.
Zülfiyyə Hüseynova Oxu.Az-a bildirib ki, o cüdo üzrə tələbələr və hərbçilər arasında dünya çempionudur, SSR çempionatında 2-ci yer, SSR xalqların spartakiadasında 3-cü yerin və digər beynəlxalq turnirlərin qalibidi.
Nazirin Z.Hüseynovanın qeyri-olimpiya idman növlərində çıxış etməsi barədə iradına isə idmançı belə cavab verib:
“Sambo qeyri-olimpiya idman növü sayıla bilər, amma cüdo olimpiya idman növüdür. Bunu əgər Gənclər və İdman Nazirliyi bilmirsə sözüm yoxdur artıq. Xatırladım ki, mən cüdo üzrə tələbələr və hərbçilər arasında dünya çempionuyam, SSR çempionatında 2-ci yer, SSR xalqların spartakiadasında 3-cü yerin qalibiyəm.
Bunu görməməzlikdən gəlmək olmaz. Beynəlxalq turnirlərin qalibiyəm. Bəyəm bu, əziyyət, zəhmət deyil? Mənim milyardım da olsa bu mənə aiddi. Mən kiminsə haqqını yox, öz haqqımı istəyirəm... İşimə gəldikdə isə bu işə cənab prezident təyin edib məni, hansısa məmur yox. İşim varsa, buna görə əziyyət çəkmişəm.
Ölkə başçısının sözlərini qulaqlarında sırğa etməlidirlər, kiminsə haqqı tapdalanmamalıdır. Niyə kiminsə haqqını beşikdə boğurlar?! Bizim hər birimizin borcudur ki, cənab prezidentin sözünə əməl edək. Ümid edirəm ki, tezliklə ölkə başçımızın bundan xəbəri olacaq və lazımi tədbiri görəcək”.