'Mənim adım Qasımov Sibelcandır, mən Aygün Kazımovanın oğluyam'
19:59 13.06.2012
4782
Yol Polisinin keçirdiyi reyd zamanı 45 sürücü içkili halda yaxalandı İyunun 12-dən 13-nə keçən gecə Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşları paytaxtın müxtəlif rayonlarının ərazisində reyd keçirib. Reydlər əsasən, avtoxuliqanlığa və içkili vəziyyətdə avtomaşın idarə edənlərə qarşı həyata keçirilib. Reyddə iştirak edən əməkdaşımız maraqlı hadisələrin şahidi olub. Məsələn, Nizami rayonu ərazisində keçirilən reyd zamanı restorandan çıxan bütün avtomaşınların qarşısı kəsilib və sürücülər bir-bir yoxlanılıb. İçkili olduğu aşkarlanan sürücülər dərhal müayinəyə göndərilib və cərimə yazılıb. Lakin maraqlısı budur ki, bəzi sürücülər içkili halda yol polisinə yaxalandığı halda, onları söyüb təhqir etməkdən belə çəkinməyib. Onların bütün əməllərinə qarşı hüquqi tədbir görülüb, Üstəlik, saxlanılan sürücülərin yarıdan çoxu dərhal telefona əl ataraq, kiməsə zəng eləyib. Başqasına zəng edib yol polisinə hədə-qorxu gələnlər də olub. Buna səbəb isə yol polisinin telefonla danışmaqdan imtina etməsidir. «İndi gəlib sənin başına oyun açaçaqlar» kimi hədə-qorxu gələn sürücülər polis əməkdaşlarını telefonla danışmağa və onları buraxmağa məcbur etsələr də, uzun mübahisələrdən sonra onlara qarşı protokol tərtib olunub. Sərnişin də içkilidirsə, o zaman avtomaşın müvəqqəti duracağa aparılıb. Əgər, sənədi olan və içki qəbul etməyən başqa şəxs avtomaşını idarə edə bilərsə, o zaman protokol tərtib olunduqdan sonra saxlanılan avtomaşın sərbəst buraxılıb. İçkili vəziyyətdə saxlanılan bir Gürcüstan vətəndaşı isə polislərlə əməlli-başlı zarafatlaşıb. O, özünü təqdim edərkən müxtəlif adlar deyib, üzərində isə heç bir sənədi olmadığını söyləyib. DYP əməkdaşlarının xidməti avtomaşınına mindirilən bu şəxs onun fotosunu çəkən əməkdaşımıza bunları deyib: «Mənim adım Qasımov Sibelcandır. Mən Aygün Kazımovanın oğluyam. Bunu mütləq yazarsan». Özünü idarə etmək qabiliyyətində belə olmayan bu şəxsin avtomaşını duracağa, özünü isə polis bölməsinə aparılıb. Orada şəxsiyyəti müəyyən olunduqdan sonra cərimə yazılıb və sərbəst buraxılıb.Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşı, leytenant Razı Zeynalovun verdiyi məlumata görə, bu cür tədbirlər mütəmadı keçirilir və sonuncu reyd Bakının 6 rayonunda baş tutub. Nəticədə, içkili vəziyyətdə avtomaşını idarə edərkən 45 nəfər, avtoxuliqanlıq edərkən 2 nəfər saxlanılıb və barələrində müvafiq tədbir görülüb. Daha 8 nəfər isə polisə tabe olmayaraq qaçıb: «Reydlər davamlı olacaq. Məqsəd budur ki, yol hərəkətində təhlükəsizliyi təmin edək». mənbə: Üç nöqtə qəzeti, ucnoqte.az