'Mənim daydayım var' deyən sürücülərin polislə davası davam edir - FOTOLAR

19:34 22.02.2013
9507
Yol polisi plyonkalara və avtoxuliqanlara qarşı ciddi tədbirlər görməyə başlayıb“Bir neçə il bundan əvvəl mən göstəriş vermişdim ki, maşınların hamısının plyonkaları sökülsün və buna son qoyulsun. Özüm demişəm ki, mən Prezidentəm, mənim maşınımda plyonka yoxdur. Hansısa üçüncü, dördüncü dərəcəli məmurun maşınını plyonka ilə bağlayırlar. Kimdən gizlənirlər? Ya qorxurlar ki, kimsə onları görəcək?! İndi camaat onları görsə nə olar? Əriyərlər onlar? Nə olacaq? Bu gün səhər buraya gəlməzdən əvvəl maraqlanırdım, daxili işlər naziri deyir ki, təkcə keçən il 24 min plyonka sökülüb. Bu 24 min adamın qulağı yoxdur? Onlar eşitmir ki, mən nə deyirəm?Bu sözləri prezident İlham Əliyev “2009-2013-cü illərdə sosial-iqtisadi inkişafa dair Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfransdakı çıxışında dedi və ciddi xəbərdarlıq etdi. Dövlət başçısı söylədi ki, bəlkə də bu o qədər də böyük məsələ deyil. Amma bu, bir göstəricidir. Hazırda cəmiyyətimizdə müşahidə olunan ayrı-seçkiliyi qəbul etməyən prezident vəzifəli, pullu şəxsləri əməlli-başlı danladı və qınadı: “Sən get özünü öz işin ilə, əməlin ilə, ağlın ilə, ölkəyə verdiyin töhfə ilə fərqləndir, plyonka ilə, bahalı əşyalarla yox! Bu gün də daxili işlər nazirinə dedim, - bir də eşitsəm, bilsəm ki, plyonkalı maşın var, o maşın müsadirə edilməlidir. Qanunvericilikdə hansı düzəlişlər etmək lazımdır, onu edərik”.“Pərdə və plyonka istifadə edən sürücülərin sayı çoxdur”Artıq dünəndən yol polisi prezidentin tapşırığının icrasına start verib. Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov bizimlə söhbətində bildirdi ki, artıq bu məsələyə maksimum diqqət ayrılıb: “Onsuz da hər zaman tədbirlər görülür, mübarizə aparılırdı. Prezidentin tapşırığından sonra, son iki gün ərzində yüzdən artıq inzibati qaydada protokol tərtib edilib. Bu gün də tədbirlər davam etdirilir və davam etdiriləcək”.Vaqif Əsədovun sözlərinə görə, təkcə bu ilin yanvar ayının 1-dən fevral ayının 10-na qədər 1145 pərdə və plyonkalı maşın idarə edən sürücü saxlanılıb: “Yol hərəkəti haqqında qanun”da dəyişiklik edilib və bu 1 saylı əlavənin tələbinə əsasən, avtomobil şüşələrinə görünüşü məhdudlaşdıran, şəffaflığı korlayan pərdə, plyonka və digər qurğuların quraşdırılaraq idarə edilməsi yolverilməzdir. Bunu edənlər məsuliyyətə cəlb edilir. Sizin mənə verdiyiniz fürsətdən istifadə edib avtomobil sahiblərinin və sürücülərin nəzərinə çatdırmaq istəyirəm ki, qanuna hörmətlə yanaşsınlar. Əks halda, bu tipli idarə olunan nəqliyyat vasitəsi müvəqqəti mühafizə olunan dayanacaqlara göndəriləcək”.Şöbə rəisi inanır ki, prezidentin son çıxışından sonra sürücülər artıq özləri könüllü olaraq bu vasitələrdən imtina edəcəklər.Bizimlə söhbətində Vaqif Əsədov 2012-ci ilin statistikasını da vurğuladı. Onun sözlərinə görə 2012-ci il ərzində 360 mindən artıq müvafiq protokol tərtib edilib. Bunun 7 mindən artığı pərdə və plyonkalarla bağlı tərtib olunan protokollardır: “Təhlil apardıqda görürük ki, həqiqətən də pərdə və plyonka istifadə edən sürücülərin sayı həddindən artıq çoxdur. Elə bu ilin yanvar ayının 1-dən fevral ayının 10-na qədər 1145 faktın aşkar olunması buna əyani sübutdur”.“Avtoşlar”larla bağlı sərt tədbirlər görüləcəkQeyd edək ki, prezident çıxışında digər bir vacib məsələ - şəhər küçələrini yarış meydanına çevirən avtoxuliqanlar haqda da sərt mövqeyini ifadə edib. Vaqif Əsədov da bu məsələnin aktual olduğunu dedi və bununla əlaqədar 2012-ci ilin statistikanı açıqladı. Onun sözlərinə görə, 2012-ci ildə 290-dan artıq avtoxuliqanlıq hadisəsi qeydə alınıb. 2013-cü il ərzində isə bu günə qədər 16 fakt aşkarlanıb. Vaqif Əsədov avtoxuliqanlıq edənlərin əsasən gənclər olduğunu da diqqətə çatdırdı: “Avtoxuliqanlıq edənlər arasında yaş həddi 20-30 arasında olan oğlanlar üstünlük təşkil edir. Çox böyük təəssüf hissi ilə qeyd etməliyəm ki, avtoxuliqanlar arasında zərif cinsin nümayəndələri də var. Avtoxuliqanlar barədə daha ciddi cəza tədbirləri görülməsi üçün məsələlər müzakirə edilir. Çox güman ki, qısa zaman ərzində bu məsələ həllini tapacaq”.Şöbə rəisi avtoxuliqanlıq edənləri təbəqəyə bölmək istəmədi: “Onların arasında hər bir təbəqənin nümayəndələri var. Xadimə övladından tutmuş, məmur övladına qədər hər bir ailənin nümayəndəsinə rast gəlmək mümkündür. Buna görə də mən onları kateqoriyaya bölmək istəmirəm. Kimliyindən asılı olmayaraq, qanun hamı üçün qanundur. Söz yox ki, arxasında kiminsə olduğunu bilənlər qanunu pozmağa daha çox meyl edirlər. Belə düşüncə tərzi ilə böyük səhvə yol verirlər. Çünki qanun qarşısında hamı acizdir”.Vaqif Əsədovdan “mövcud qanunvericilik plyonka və avtoxuliqanlarla mübarizə aparmağa yetərlidirmi” soruşduqda şöbə rəisi sualımızı belə cavablandırdı: “Düşünürəm ki, yetərlidir. Ancaq cəzalar daha da sərtləşdirilsə, daha yaxşı olar”.Yol polisi reydlərə başladıVaqif Əsədovun verdiyi məlumata görə, pərdə və plyonkalarla nəqliyyat vasitəsini idarə edən sürücülərə qarşı reydlər fevralın 13-dən başlayıb. Reydlər paytaxtın müxtəlif ərazilərində - Bakıxanov, Cəfər Xəndan, Ceyhun Hacıbəyli, Rəsul Rza, Səməd Vurğun, Vaqif küçələrində, Neftçilər, Azadlıq prospektlərində, “Azneft” meydanında aparılıb. Reydlər zamanı 27 nəqliyyat vasitəsi cərimə meydançasına aparılıb, 40 nəqliyyat vasitəsinin sürücüsü haqda isə müvafiq protokollar tərtib edilib.Reydlər Gəncədə də aparılıb. Avtomobil şüşələrinə görüntünü məhdudlaşdıran pərdə və plyonka vuran sürücülər saxlanılıb. Bu barədə APA-ya Gəncə şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsinin rəisi Rafiq Məmmədov məlumat verib. Onun sözlərinə görə, dünən başlanılan reyd zamanı 22 sürücü avtomobildə görünüşü məhdudlaşdıran pərdələrdən və əlavə səsgücləndirən aparatlardan istifadə etdiyinə görə 50 manat məbləğində cərimələnib. Belə sürücülərə məxsus avtomaşınların şüşələrindəki rəngli örtük və pərdələr yol polisləri tərəfindən sökülüb. Yol polisinin əmrinə tabe olmayan sürücülər haqqında isə akt tərtib edilib. Reydlərin bir neçə gün davam edəcəyi bildirilir.Göründüyü kimi, harınlayanlar, quduranlar haqqında xeyli vaxtdır gözlənilən ciddi töhmətlər verildi. indi qalır bu töhmətlərdən nəticə çıxarmaq. Çıxarmaq istəməyənlər haqda nə tədbir görüləcəyini isə zaman göstərəcək. // Kaspi qəzeti
OXŞAR XƏBƏRLƏR