Xəbər verdiyimiz kimi, 4 avqust 2022-ci il tarixində Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfirliyi bir qrup radikal dini dəstənin hücumuna məruz qalıb. Səfirliyin binasına daxil olaraq, vandalizm aktı törədən qrup üzvləri binanın eyvanında dini bayraqlar qaldıraraq, radikal dini şüarlar səsləndiriblər. Yerli polisin müdaxiləsindən sonra qrup üzvləri binadan çıxarılıb və saxlanılıb. Hadisəni törədən "Mehdi Qulluqçuları Birliyi" adlı radikal qruplaşma, səfirliyə hücumla bağlı məsuliyyəti öz üzərinə götürüb. Sözügedən qruplaşma 2008-ci ildə Londonda yaradılmış şiə müsəlman təşkilatıdır.
Hadisədən sonra Böyük Britaniyanın Bakıdakı səfirliyi Azərbaycanın Londondakı səfirliyində dünən baş verən insidentlə bağlı bəyanat yayaraq Londondakı səfirliyinə daxil olan etirazçıların hərəkətlərini pisləyib.
"Böyük Britaniyada səfirliyimizin binasına edilən hücum, xüsusilə bayrağımızın çıxardılıb, başqa hər hansı bir məzhəbin bayrağı ilə əvəz olunması dövlətimizə və xalqımıza, dövlətçiliyimizə qarşı hücumdur”.
Bu sözləri AZXEBER.COM-a açıqlamasında Milli Məclisin deputatı Müşfiq Cəfərov deyib. Deputat qeyd edib ki, məsələ London hüquq mühafizə orqanları tərəfindən araşdırılmalıdır:
"Bu, tezliklə London hüquq mühafizə orqanları tərəfindən araşdırılmalı, günahkarlar üzə çıxarılmalıdır. Azərbaycanın ən vacib siyasi xətti məhz dünyəvillikdir. Bizim ölkədə müxtəlif etiqadlara sitayiş edən, ayrı-ayrı etnik qruplar yaşayır ki, onlar hər biri Azərbaycan dövləti üçün vətəndaşdır və eyni hüquqa malikdir. Bu günə kimi dövlətimiz heç kimi dini inancına və ya mənsub olduğu etnik qrupa görə nə günahlandırılıb, nə də fərqləndirib. Bu mümkün də deyil. Çünki biz dünyəvi dəyərləri yüksək səviyyədə mühafizə edən bir xalq və dövlətik”.
Deputat qeyd edib ki, dünyəvilik Azərbaycanın qırmızı xəttidir:
"Azərbaycan Respublikasının Konstitutsiyasının 18 maddəsində də bu öz əksini tapıb. Həmin maddədə qeyd olunub ki, Azərbaycan Respublikasında din dövlətdən ayrıdır. Bütün dini etiqadlar qanun qarşısında bərabərdir. Həmçinin, insan ləyaqətini alçaldan və ya insanpərvərlik prinsiplərinə zidd olan dinlərin (dini cərəyanların) yayılması və təbliği qadağandır və dövlət təhsil sistemi dünyəvi xarakter daşıyır. Bunu bütün dünya da yaxşı bilir ki, dünyəvilik Azərbaycanın qırmızı xəttidir.
Dünyanın nəhəng siyasi mərkəzlərindən olan Londondakı hadisənin arxasında kimlərin durduğu mütləq üzə çıxmalıdır. Bu cinayətin bir neçə məqsədi ola bilər. Azərbaycanla Britaniya arasında özəl, çoxşaxəli münasibətlər var, hadisənin məhz Londonda olması iki ölkə arasında olan münasibətləri korlamağa hesablanmış da ola bilər. Həmçinin, bunun əsas məqsədlərindən biri də qonşu İranla münasibətləri korlamaq da ola bilər”.
Müşfiq Cəfərovun sözlərinə görə, dövlətimizin hər zaman bütün məsələlərdə soyuqqanlı və düşünülmüş addımları çox yüksək səviyyədə olur:
"Digər çox vacib amil isə bu cinayətin məqsədi ölkəmizin daxilində qarışıqlıq salmağa da hesablana bilər. Çünki ölkəmiz çoxmillətli və müxtəlif inanclı xalqların məkanıdır, din və etiqad həssas məsələlərdən biri və vacibidir. Bu əməlin səbəbi nə olur olsun çox ciddi məsələdir. Dövlətimizin hər zaman bütün məsələlərdə soyuqqanlı və düşünülmüş addımları çox yüksək səviyyədə olur. Biz imkan verməyəcəyik ki, xaricdə Azərbaycanımızı sevməyən qüvvələrin törətdikləri bu qanunazidd hərəkətləri ölkə daxilinə daşıyıb, dövlətimizin dayaqlarını sarsıtmaq üçün fəaliyyətə keçsinlər”.
"Mən ümid edirəm ki, hər kəs konstitusiyamızda təsbit olunmuş dünyəvilik prinsipinə sadiqlik nümayiş etdirib, dövlətimizi bu kimi təhlükələrdən xalq dövlət birliyinin gücü ilə qoruyacaqdır”, - deyə deputat əlavə edib.
Müasir dövrdə ciddi sosial-siyasi dəyişikliklər gedən dünyada millətlərarası və dövlətlərarası münasibətlərin inkişaf etdirilməsi, dini və milli toleranlığın qorunması üçün Azərbaycan bir dövlət kimi xüsusi addımlar ataraq bu münasibətlərin inkişafı üçün öz töhvəsini verməkdədir. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, bizə qarşı dünya birliyi tərəfindən böyük rəğbət var:
"Bizə qarşı dünya birliyi tərəfindən böyük rəğbət, dəstək var, biz bunu hiss edirik və əldə edilmiş nəticələr, qəbul edilmiş qərarlar bunu bir daha təsdiqləyir. Əlbəttə ki, bunun ən bariz nümunəsi bizim 155 ölkənin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına seçilməyimiz olubdur. Bu, gənc müstəqil dövlət üçün çox böyük nailiyyətdir və bu, onu göstərir ki, dünya birliyinin mütləq əksəriyyəti bizi dəstəkləyir”.
Amma təəssüflər olsun ki, ölkəmizin uğurlarını gözü götürməyənlər zaman-zaman Azərbaycana qarşı bu cür təxribatlara əl atırlar. Dünyada sabitliyin, firavanlığın olması üçün dini və milli tolerantlıq, digər millətlərlə münasibətlər önəm kəsb edən amillərdəndir. Ölkəmiz tarix boyu toleranlığa, millətlərarası münasibətlərə xüsusi həssaslıqla yanaşıb. Digər ölkələrin dininə hörmətlə yanaşan Azərbaycan heç vaxt millətlər arasında dini və ya irqi ayrı seçkiliyə yol verməyib.
Yazı Medianın İnkişafı Agenliyinin dəstəyi ilə "Dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi” mövzusunda dərc edilib.
