Məşhur aktrisa: "Prezidentin bizimlə bağlı sərəncamını canlı efirdə öyrəndim”
"Gülməli, qorxulu, çirkin görünməkdən qorxmamışam”
Tanınmış aktrisa və teleaparıcı Həcər Ağayevanın AZXEBER.COM-a müsahibəsi:
Həcər Ağayeva 1986-cı ildə Bakıda ziyalı ailəsində anadan olub. Orta təhsilini İncəsənət Gimnaziyasının xoreoqrafiya şöbəsində, ali təhsilini isə Mədəniyyət və İncəsənət Universitetinin Teatr rejissorluğu fakültəsində alıb. Məktəbi bitirdiyi vaxtdan – 2004-cü ildən Akademik Rus Dram Teatrında aktrisa kimi fəaliyyətə başlayıb. 2009-cu ildə universiteti, 2014-cü ildə Moskvada Aleksandr Kalyaginin aktyorluq kursunu bitirib.
Hazırda da Akademik Rus Dram Teatrının aktrisasıdır. Əsasən, baş rollarda yer alıb: Cəfər Cabbarlının "Aydın”ında "Gültəkin”, "Əli və Nino”da "Nino”, M.F. Axundzadənin "Molla İbrahimxəlil kimyagər və Dərviş Məstəli şah”ında "Şərəfnisə”, "Sərgüzəşti-vəziri-xani Lənkəran”da "Nisə xanım” və s. 3-4 ilə yaxın paralel olaraq Akademik Milli Dram Teatrında da fəaliyyət göstərib.
Ailəlidir, 2 övlad anasıdır: oğlu 7, qızı 5 yaşındadır.
- Hazırda AzTV-də kifayət qədər maraq görən "Teleoyun”, Mədəniyyət TV-də isə "Üçüncü zəng” verilişinin aparıcısıdır.
- Həcər xanım, aktrisalıq, yoxsa aparıcılıq? Hansı sizə yaxındır? Daha doğrusu, hansını üstün tutursunuz?
- Sözsüz ki, ilk növbədə aktrisalıq. Çünki Azərbaycan Televiziyasına gəlişim də aktrisalıqla bağlı olub: məni aktrisa kimi görüb, bəyənib və dəvət ediblər. Mən də məmnuniyyətlə dəvəti qəbul etmişəm. Teatr, səhnə mənə daha yaxındır. Məhz buna görə də aktrisalığı üstün tuturam.
- Səhnə həyatınız şəxsi həyatınıza mane olmur ki?
- Dahi Şekspir deyib ki, bütün dünya teatrdır, biz də aktyorları. Çalışıram ki, səhnə ilə şəxsi həyatımı bir-birinə qatmayım. Həcər olduğumu dərk edirəm.
- AzTV-də aparıcısı olduğunuz "Teleoyun”la paralel Mədəniyyət TV-də yayımlanan "Üçüncü zəng” verilişinin aparıcısısınız. İki bir-birinə zidd istiqamətlər - yarışma, əyləncə, azyaşlılar və ciddi format, böyüklər. Hətta "Teleoyun” onlayn formadadır. Kimlərlə ünsiyyət daha rahatdır?
- Teatra gəldiyim ilk gündən uşaq tamaşalarında da çıxış eləmişəm, ona görə də uşaqlarla dil tapmaq mənim üçün çox asandır. Bilirəm ki, onlar nəyə necə reaksiya verirlər, nəyi sevirlər, onlarla necə rəftar eləmək lazımdır. Loru dillə desəm, onların qılığına girmək, damarını tutmaq çox vacibdir. Uşaqları aldatmaq olmaz.
"Teleoyun”dan sonra uşaqlar məni daha çox sevməyə başladı. Demək olar ki, uşaq auditoriyam çoxalıb. "Instagram” və "Facebook” səhifələrimdə mənə tez-tez yazırlar. Hətta bölgələrdən yazırlar ki, "Teleoyun”a baxırıq, sizi sevirik. Yəni bu, çox gözəl bir şeydir. "Teleoyun”a başlayanda çox həyəcan keçirirdim ki, görəsən, necə olacaq. Bildiyimiz kimi, onlayn formatdadır, uşaqları hiss etmək çətindir. Suallara daha tez cavab verilməlidir, hərdən şəbəkə kəsilir. Amma bütün bunlara baxmayaraq, uşaqlarla işləmək çox maraqlıdır. Bu, hətta ona şərait yaratdı ki, uşaqlar evdən çıxmadan, evdə otura-otura rahat şəkildə oyunlara qatılıb əylənsinlər.
Digər verilişə gəlincə, deyərdim ki, orada mən daha çox özüməm, Həcər kimiyəm. Hər bir verilişin öz yeri var.
- Çəkilişlər zamanı maraqlı məqamlar yaşanırmı?
- "Teleoyun”da çəkiliş zamanı maraqlı məqamlar olur. Amma o qədər qaynar proses gedir ki, hamısı yadda qalmır.
Canlı efir vaxtı yaşadığım gözəl bir anı paylaşmaq istərdim: "Gün başladı” verilişində qonaq olduğum idim, Xədicə Sənanqızı təqdim edəndə dedi ki, Həcər xanım, siz Akademik Rus Dram Teatrının aktrisasısınız. Dedim ki, xeyr, bizim statusumuz yoxdur, mən Rus Dram Teatrının aktrisasıyam. Dedi, yox, bu elə bu dəqiqə sizin teatra status verilib. Cənab Prezident əmr imzalayıb və siz artıq bu dəqiqədən Akademik Rus Dram Teatrının aktrisasınız. Canlı efirdə bunu eşitmək çox təsirli oldu, həyəcan dolu sevincli anlar yaşadım efir boyu və yaddaşıma yazılan tarix oldu.
- Neçə üçüncü zənginiz olub?
- Sonuncu üçüncü zəngimiz keçən ilin mart ayında səsləndi. Artıq bir ilə yaxındır ki, biz o zəngin həsrətindəyik. "Üçüncü zəng” verilişinin çəkilişlərini teatr səhnəsində edirik, tamaşaçısız teatrın divarları o qədər soyuqdur ki. Boş zala baxırsan, adamın içində başa sala bilmədiyim proses gedir. Səhnə üçün çox darıxmışam.
- Üçüncü zəngə qədər və sonra: ciddi bir dəyişiklik olurmu?
- Birinci zəngdən üçüncü zəngə qədər səhnə arxasında gözləyirik ki, sonuncu zəng tez çalınsın, səhnəyə çıxaq. Ona qədər mətnimizi təkrarlayırıq, səsimizi qaydaya salırıq ki, tamaşaçılar bizə aşiqdirlərsə, on qat daha aşiq olsunlar və biz onları təəccübləndirə bilək.
- İfa etmək istədiyiniz obraz varmı?
- Əlbəttə, çoxdur. Başlayım "Anna Karenina”dan , keçid alım "ledi Maqbet”ə, sonra "Fedra”ya. " Karmen” obrazını yaratmağı çox istəyərəm. Düzdür, "Karmen” əsəri dram səhnəsində heç vaxt quruluş görməyib, amma çox istəyərəm ki, nə vaxtsa, bu, baş tutsun.
- Oynamaq istəmədiyiniz, amma oynadığınız obraz olubmu?
- Xeyr, belə obraz olmayıb. Çünki çərçivəyə salmağı sevmirəm. Bura qədər çalışmışam ki, elə olsun. Səhnədə gülməli, qorxulu, çirkin görünməkdən qorxmamışam. Çünki bu da kiminsə xarakteridir, görünüşüdür. Müxtəliflik olmasa, mənə də maraqsız olar, tamaşaçılarıma da. İstəmirəm desinlər ki, Həcər yenə gəldi, yenə ağlatdı, getdi. Belə tamaşalarım da var, amma çalışıram ki, rənglər bir az çox olsun, ona görə seçim etmirəm. İkinci plan rollarını, hətta sözsüz rolları da sevirəm.
- Həyat səhnəsindəki rolunuz müvəffəqiyyətli alınır, yoxsa teatr səhnəsindəki?
- Səmimi deyirəm ki, mənim üçün ən vacibi real həyatımdakı rolumdur. Bu seçimdə qətiyyətlə deyirəm ki, həyatımdakı rolu daha üstün tuturam, nəinki teatrdakını. İlk növbədə şəxsi həyatımdır, ailəmdir, övladlarımdır, mənim onlara verə biləcəyim diqqətdir. Sonra sözsüz ki, tamaşaçılar və teatr. Mənə elə gəlir ki, ikisinin də öhdəsindən gələ bilirəm.
- Daşıdığınız ad həyat tərzinizə təsir edirmi?
- Yadımdadır, 6-7 yaşım olanda anama hər dəfə deyirdim ki, niyə "Həcər”? O dövr üçün dəbdə olan adları sadalayırdım və deyirdim ki, qoyardınız da bu adlardan birini. Onda anam məni başa saldı ki, sən "Həcər” adının ağırlığını başa düşməlisən. O söz indiyə kimi mənim qulağımdadır. Çalışıram ki, adıma xələl gətirməyən həyat tərzi sürüm, elə hərəkət edim ki, adıma layiq olsun.
- Tamaşaçıdan istədiyiniz sevgini ala bilmisinizmi?
- Tamaşaçı məni sevir, amma hələ ki istədiyim miqyasa nail olmamışam. Özümə görə, indiki tutduğum yerimə görə sözsüz ki, sevgi alıram. Ümid edirəm ki, bu sevgi gələcəkdə artacaq.
- Olmaq istədiyiniz yerdəsinizmi?
- Sözsüz. Hələ ki bir yol seçmişəm özümə. Düzdür, pikə çatmamışam, amma bu günə görə olmaq istədiyim yerdəyəm.
- Niyə Azərbaycan Televiziyasını seçdiniz?
- AzTV mənim üçün doğma kanaldır. Atam Maqsud Ağayev 47 il bu televiziyada çalışıb. İctimai-siyasi verilişlər, Dublyaj redaksiyalarında rejissor kimi işləyib. Bir çox verilişlərin ideya müəllifi olub, televiziya filmləri çəkib. Ona görə də dəvət alanda məmnuniyyətlə qəbul etdim.
- Tamaşaçılara demək istədikləriniz...
- Tamaşaçılardan xahiş edirəm ki, zövqlərini korlamasınlar. İstər, veriliş olsun, serial olsun, istər, kino, teatr, tamaşa, aktyorlar, müğənnilər olsun, hər şeyin ən zövqlüsünü seçsinlər. Yeni nəfəslə tamaşaçıların qarşısına gələn Azərbaycan Televiziyasını izləsinlər. Bilirik ki, AzTV-də cox böyük dəyişikliklər olub və proses davam edir. Sonda tamaşaçılara bir sual da vermək istəyirəm: "Nə oldu, bəs AzTV-yə baxmırdınız?!” (gülür)










