Əlində 2 qızıl örtüklü “Vertu” telefon, 100 minlik maşınlar sürən Sadıqov məşhurların inamını qazana bilib.
Bakıda tanınmış şəxslərə və biznesmenlərə məxsus külli miqdarda vəsaiti mənimsəmiş şəxs beynəlxalq axtarışa verilib.
AZXEBER.COM Lent.az-a istinadən xəbər verir ki, 31 yaşlı Orxan Sadıqovun axtarışa verilməsi ilə bağlı İnterpolun rəsmi saytında da məlumat yerləşdirilib. Anketdə O.Sadıqovun dələduzluq əməlində təqsirli bilindiyi qeyd olunur.
Qeyd edək ki, O.Sadıqov barəsində mətbuatda xeyli məlumatlar yayımlanıb. Bir neçə ay əvvəl “Yeni Müsavat” qəzetində yer alan məqalədə onun Bakıda bir çox məşhurlardan milyonlarla manat alması qeyd edilir.
Orxan Sadıqovın toruna düşənlər sırasında Hacı İbrahim Nehrəmli kimi nəhəng iş adamı, xalq artisti Zeynəb Xanlarova, bir çox tanınmış dövlət xadimi və məmurların da adı hallandırılır. Bildirilir ki, O.Sadıqov tikinti işləri ilə, əsasən, plastik qapı-pəncərə istehsalı və quraşdırılması ilə məşğul olub. Onun aldatdığı şəxslər də əsasən ona tikintidə müəyyən işlərin görülməsi üçün milyonlarla manat pul veriblər.
Orxan Sadıqov işləri görməsi görüntüsü yaratmaq üçün ən müxtəlif vasitələrdən istifadə edib. O.Sadıqov özünü zəngin biri olmasını göstərmək üçün aldatdığı şəxslərə Bakı şəhərində bir neçə bahalı markaların satışı ilə məşğul olan butiklərinin olmasını deyirmiş.
Aldatdığı şəxslərin işçilərinə bahalı hədiyyələr verməklə həmin hədiyyələrin butiklərində satıldığı fikri yaradırmış. Əlində 2 qızıl örtüklü “Vertu” telefon, qiyməti bir neçə 100 min təşkil edən maşınlar sürən Sadıqov məşhurların inamını qazana bilib. Lakin daha sonra onun əməlləri aydınlaşıb.
Məlumata görə, O.Sadıqov ailəsini də götürərək ölkədən qaçıb. Onun ailəsi ilə birgə Gürcüstana, ordan da başqa dövlətə keçdiyi bildirilir.
